Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Oklahoma ştatı Milli Qvardiyasının Komandanı general-mayor Harri Vyattı və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, artıq Azərbaycan-ABŞ hərbi əməkdaşlığının öz tarixi vardır və bu əməkdaşlıq strateji xarakter daşıyır. Bu əməkdaşlığın əsasını Ümummilli lider Heydər Əliyev 1997-ci ilin iyul ayında Vaşinqtona rəsmi səfəri zamanı qoymuşdur. 2001-ci ilin sentyabr hadisələrindən sonra isə Azərbaycan-ABŞ hərbi əməkdaşlığı sürətlə inkişaf etməyə başlamışdır.
“Azadlıq Aktına” 907-ci düzəliş dayandırıldıqdan sonra isə Azərbaycan-ABŞ hərbi əməkdaşlığı genişlənmişdir. Bu əməkdaşlıq bu gün də bir çox istiqamətlərdə davam etdirilir.
Azərbaycan-NATO münasibətlərinə toxunan Müdafiə naziri söyləmişdir ki, Azərbaycan Şimali Atlantika alyansı ilə ikitərəfli əməkdaşlığını uğurla davam etdirir. "Azərbaycan-NATO əməkdaşlığının inkişaf etdirilməsində biz ABŞ-ın rolunu yüksək qiymətləndiririk. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovo, Əfqanıstan və İraqda sülhməramlı əməliyyatlarda fəal iştirak edirlər.
General-polkovnik S.Əbiyev Azərbaycanın iqtisadi inkişafından bəhs edərək qeyd etmişdir ki, Azərbaycan bir çox iri iqtisadi layihələr həyata keçirir. Bu günlərdə Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri istismara verilmiş, yaxın zamanlarda isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəcəkdir. Azərbaycan iqtisadiyyatının əsaslı inkişafı Silahlı Qüvvələrin daha da möhkəmlənməsinə yardım edir.
Müdafiə naziri S.Əbiyev Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət haqqında danışaraq bildirmişdir ki, regionda vəziyyət olduqca gərgindir. Ermənistan-Azərbaycan münaqişəsi hələ də öz həllini tapmamış, məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyəti qənaətbəxş deyildir. Biz münaqişənin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyir və Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən tezliklə çıxmasını tələb edirik. Münaqişənin həllində Ermənistan tərəfi destruktiv mövqe tutaraq özünü mövcud sitausiyaya uyğun aparmır. Azərbaycan bu vəziyyəti nəzərə alaraq adekvat tədbirlər görmək məcburiyyətindədir.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən H.Vyatt Azərbaycanın qlobal terrorizmlə mübarizədə fəal iştirakına görə Azərbaycan xalqına və dövlətinə təşəkkür etmişdir.
O, demişdir: “Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin İraqda, Əfqanıstanda və Kosovoda ABŞ Silahlı Qüvvələri ilə bir yerdə xidmət etməsini biz Azərbaycan xalqının böyük uğuru kimi qiymətləndiririk. Sizin gözəl Silahlı Qüvvələriniz və çox intizamlı əsgərləriniz vardır. Azərbaycan Silahlı Qüvvələri ilə fəxr edə bilərsiniz”.
 General-mayor H.Vyatt qeyd etmişdir ki, biz sülhməramlı əməliyyatlar zamanı biri-birimizin təcrübəsindən öyrənirik. İnanırıq ki, Azərbaycan iqtisadi baxımdan inkişaf etdikcə onun Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirakı da güclənəcəkdir. Azərbaycan-NATO əməkdaşlığına münasibət bildirən qonaq bu əməkdaşlığı Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı səviyyəsində davam etdirilməsini təqdir etmişdir.
ABŞ Prezidenti C.Buşla Azərbaycan Prezidenti İ.Əliyevin son görüşünə toxunan general-mayor H.Vyatt bildirmişdir ki, Prezident İ.Əliyev görüş zamanı Azərbaycanın demokratik və dünyəvi dövlət olmaq əzmini xüsusi vurğulamışdır. ABŞ dövləti bu şeyləri çox yüksək qiymətləndirir və Sizə bu yolda uğurlar arzulayır.
O, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunaraq qeyd etmişdir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü SSRİ-dən qalmış sərhədlər çərçivəsində dəstəkləmiş və dəstəkləyir. Münaqişənin diplomatik yolla həllini arzulayır. ABŞ Azərbaycanın bu istiqamətdə apardığı səylərə yüksək qiymət verir və biz sizə bu yolda yardım etməyə hazırıq. İnanırıq ki, Azərbaycan bu istiqamətdə göstərdiyi öz möhkəm mövqeini və iradəsini danışıqlar masası arxasında da nümayiş etdirəcəkdir.
Görüş zamanı tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparmışlar.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dorsi iştirak etmişdir.