Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2013 09:00

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru Gövhər Baxşəliyevanın "Azərbaycan ordusu" qəzetinə müsahibəsi

- Gövhər xanım, hər şeydən öncə istərdim ki, söhbətimizə tarixən şərq dünyasında ordu məsələsinə münasibətlə başlayaq. Bir şərqşünas alim kimi bu barədə fikirlərinizi dinləmək, zənnimcə, hərbçilərimiz üçün də maraqlı olardı.
- Şərq aləmində tarixən ordu quruculuğuna böyük diqqət yetirilib. Ümumiyyətlə, bu, bütün ölkələrə aiddir. Hansı dövlət özünü qorumaq, müdafiə etmək, yaşamaq istəyirsə, onun güclü ordusu olmalıdır. O cümlədən də Şərq ölkələrində bu məsələ daim aktual olub. Bunun nəticəsidir ki, bu ölkələrin ədəbiyyatında, folklorunda milli qəhrəmanlara çeşid-çeşid dastanlar həsr edilib. Türkiyədə “Saltuknamə»dən tutmuş ta Orta Asiyada »Manas», Azərbaycanda “Koroğlu» dastanınadək. Ərəblərdə də bir sıra qəhrəmanlıq dastanları var ki, bunlar xalq rəvayətləri adlanır.
Bu, çox əhatəli və zəngin mövzudur. Tarixin müəyyən dövrlərində ərəb hökmdarları öz qvardiyalarını məhz türklərdən təşkil edirdilər. Ümumiyyətlə, ərəb ölkələrinin ordularında IX-X əsrlərdən başlayaraq türklər aparıcı rol oynayıblar. Qədim dövrlərdə belə bir qayda var idi ki, hökmdarlar öz qvardiyasını yaradanda digər millətlərə üstünlük verirdilər. Bu mənada ərəblər əsasən türklərə daha çox etibar edirdilər. Yəni xilafət dövründə türk övladları əvvəlcə Dəməşqə, sonra isə Bağdada gətirilirdilər. Orada onlara xüsusi təlimlər keçirilirdi. Belələri xəlifə qvardiyasının əsas heyətini təşkil edirdilər.
Hətta bir sıra orta əsrlər mənbələrində türk, ərəb və fars xalqları ilə bağlı bir məsəl özünə xüsusi yer tapıb. Onları birmənalı şəkildə belə xarakterizə edirdilər. Ərəbləri aşiq ərəb adlandırırdılar. Təsadüfi deyil ki, bir sıra məhəbbət qəhrəmanları, o cümlədən Məcnun kimi nakam aşiqlər ərəb ədəbiyyatında, ərəb folklorunda geniş yer alıb. Ümumiyyətlə, bu millət çox emosionaldır, aşiqanə şeirlərə həvəs göstərən bir millətdir. Farslar haqqında hiyləgər fars deyirlər. Türklər haqqında isə döyüşkən türk ifadəsi işlədilirdi. Bax bütün bunlar şərq mentalitetində adını çəkdiyim xalqlar haqqında ehkam kimi təsbit olunub. Hətta digər mənbələrdə türklər barəsində eyni xarakterli digər fikirlər də öz əksini tapıb. Orta əsrlər müəllifləri yazılı mənbələrdə xüsusilə vurğulayırlar ki, türklərin ən aparıcı xüsusiyyətləri Vətənlə ayrılıqdan intizar, həsrət və əzab çəkmələridir. Bu da, heç şübhəsiz, onların vətənpərvərliyindən irəli gəlir.
- Yeri gəlmişkən, bu tendensiya qardaş Türkiyə dövlətində indi də uğurla davam etdirilir.
- Tamamilə doğrudur. Türkiyədə gənclərin vətənpərvərliyi məni həmişə valeh edib. Burada dövlətə, yurda bağlılıq kimi ali insani hisslər çox yüksək səviyyədə təbliğ olunur. Ümumiyyətlə, türk əsgərinin qəhrəmanlığı, şücaəti olmasaydı, bəlkə də Türkiyə bu gün vahid bir dövlət kimi yaşaya bilməzdi. Bu dövlət tarix boyu, yəni 1923-cü ildən bu yana daim böyük problemlərlə üzləşib. O cümlədən separatçı qüvvələrin terror aktlarından əziyyət çəkib. Hələ bir-neçə il bundan qabaq deyirdilər ki, Türkiyə indiyədək bu qüvvələrlə döyüşlərdə 30 mindən çox şəhid verib.
Yaxşı yadımdadır, bir dəfə ümummilli liderimiz Heydər Əliyev bu qardaş ölkəyə səfəri zamanı hərbi hospitala baş çəkmişdi. Orada xeyli əlil və yaralı vardı. Belələrinə orada qazi deyirlər. Heydər Əliyev bir-bir palataları gəzib onları qazi olmaları münasibətilə təbrik edirdi. Bu, boğazdan yuxarı deyilən adi söz deyil, əksinə, ruh yüksəkliyi yaradan vacib bir amil idi. Yəni sən əlil yox, qazi kimi ali bir məqama yüksəlmisən. Təəssüf ki, bizdə hələ də bu kimi tendensiyalar tam formalaşmayıb.
- Gövhər xanım, bununla belə bizim də qədim tariximizin ayrı-ayrı qatlarında özünə yer alan qəhrəmanlıq salnamələrilə fəxr etməyə haqqımız var.
- Şübhəsiz, qəhrəmanlıq ənənələri bizim xalqda da mövcuddur. Özü də çox yüksək formada. Məsələn, götürək Alban knyazı Cavanşiri, o bütün döyüşlərdə çox böyük şücaətlər göstərib. Hətta müasirləri onun döyüş bacarığına heyran olublar. Yaxud Babəki xatırlayaq. 20 il ərəb xilafətinə qarşı döyüşmək və onu sözün həqiqi mənasında lərzəyə salmaq hər oğulun işi deyildi, əsl qəhrəmanlıq idi. Yeri gəlmişkən qeyd edim ki, Ərəb mənbələri kifayət qədər etibarlı mənbələrdir. Tarixçilər hər hansı bir hadisəni bilavasitə görüb qələmə alırdılar. Onlarda çox böyük ravilik institutu da yaranmışdı. Yəni, tarixi faktı biri o birisinə ta qələmə alınanadək danışar və bu, bir nəsildən digərinə qoruna-qoruna ötürülərdi. Yəni ərəb mənbələrinin obyektivliyinə həmişə etibar etmək olar. Əbu Əli Mühassin Əttanuki adında ərəb müəllifi öz əsərində yazır ki, xəlifə Möhtəsim Babəki edama məhkum edir. Meydanda edam olunanda Babək öz qanını üzünə sürtür. Xəlifə bunun səbəbini soruşanda isə cavab verir ki, insan qan itirəndə rəngi saralır. Mən ehtiyat edirəm ki, insanlar mənim ölüm qorxusundan saraldığımı zənn etsinlər. Bu, Babəkin edam səhnəsindən real, dəqiq bir tarixi epizoddur.
- Biz sonrakı tarixi mərhələlərdə də azərbaycanlıların əsl qəhrəmanlıqlarının şahidi olmuşuq.
- Bu qəhrəmanlıq ənənəsi bizim xalqımızın gen yaddaşında yaşayır. Birinci dünya müharibəsi dövründə azərbaycanlı generallar böyük şücaət göstəriblər. Belələrinə misal olaraq, məsələn, Hüseyn xan Naxçıvanskinin adını çəkmək istərdim. O sonacan Nikolaya verdiyi andı pozmayıb. Hansı ki, Nikolayın ən yaxın ətrafı, ondan üz döndərmişdi. Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov da o dövrün qəhrəmanlarındandır. Yaxud götürək İkinci dünya müharibəsi dövrünü. Bu dövrdə də Azərbaycan xalqının kifayət qədər nüfuzlu Sovet İttifaqı Qəhrəmanları olub. Onlardan Həzi Aslanov hətta iki dəfə bu ada layiq görülüb. Bizim institutun adını daşıdığı akademik Ziya Bünyadovun özü də döyüşlərdə əsl əsgəri rəşadət göstərib. O cərimə taborunda Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən az-az döyüşçülərdəndir.
- Gövhər xanım, Qarabağ döyüşlərində də əsl igidlik nümunələrinə imza atan, öz canını Vətən yolunda qurban verən oğullarımız az olmayıb.
- Tamamilə doğrudur. Belələrinə misal olaraq Şirin Mirzəyevin, Əlif Hacıyevin, Şikar Şikarovun, Mübariz İbrahimovun adlarını çəkmək olar. Onların şərəfli döyüş yolu bugünkü gənclərə əsl örnək, əsl nümunədir.
- Siz tez-tez cəbhə bölgəsində olur, cəbhə xəttində əsgər və zabitlərimizə baş çəkirsiniz. Bir qədər də bu səfərlər haqda danışmağınızı xahiş edirəm.
- Əvvəla, ilk növbədə xüsusi vurğulamaq istərdim ki, müasir dövrdə ölkəmizdə çox geniş ordu quruculuğu işləri aparılır. Silahlı Qüvvələrimizin həm ruh yüksəkliyi, həm də maddi-texniki bazası günbəgün gücləndirilir. Azərbaycanın dövlət büdcəsindən ordu quruculuğu məsələlərinə davamlı şəkildə böyük maliyyə vəsaiti ayrılır. Bu vəsait hətta Ermənistanın dövlət büdcəsindən çoxdur. Nəticə isə göz qabağındadır. Azərbaycanlı əsgərlər dünyanın bir sıra qaynar nöqtələrində terrora qarşı mübarizə aparırlar. Biz terrorun nə demək olduğunu çox yaxşı bilirik. Beynəlxalq hərbi əlaqələrimiz gündən-günə genişlənir. Bütün bunları nəzərə alaraq inamla deyə bilərəm ki, ordumuz qısa zaman kəsiyində nəinki regionda, hətta beynəlxalq aləmdə sayılıb-seçilən ən güclü və nümunəvi silahlı bir quruma çevrilib.
Mən tez-tez cəbhə bölgələrinə gedirəm. Yerlərdə mövcud vəziyyətlə şəxsən tanış oluram. Elə bu yaxınlarda bir qrup deputatla Füzuli bölgəsinə səfər etdik. Səfərin təşkilatçısı Müdafiə Nazirliyi idi və mən buna görə Müdafiə Nazirliyinin rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm.
Səngərlərə baş çəkdik, əsgərlərlə görüşdük, hərbi texnika, silah-sursatla tanış olduq. Hərbçilərimizlə ünsiyyətimiz məndə çox dolğun təəssüratlar oyatdı. Bir günümüzü şəxsi heyətlə keçirməyimizdən xüsusi zövq aldıq. Və bir daha əmin olduq ki, Azərbaycanda ordu quruculuğu çox yüksək templə, davamlı şəkildə həyata keçirilir.
Ən əsası isə, ordumuzun döyüş ruhu məni valeh etdi. Bir daha əmin oldum ki, bizim ordumuz hər dəqiqə, hər saat cənab Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır. Döyüş əmri verilən kimi Azərbaycan ordusunun ən qısa müddətdə Xankəndində olacağına heç kim şübhə ilə yanaşmasın. Mən buna tam əminəm. Azərbaycanın çox yüksək səviyyədə təlim görən qəhrəman oğulları var. Hamısı əsl vətənpərvərdir.
- Gövhər xanım, təəssüf ki, bəzi adamlar hər hansı bir faktı qəsdən şişirdərək ordumuza qara yaxır, görülən möhtəşəm işləri şübhə altına almağa çalışırlar.
- Bu, kütlə psixologiyasından irəli gəlir. Bəzən kütlə görülən işi adekvat qiymətləndirə bilmir. Açığı, bizdə həm də bəzən ağa qara yaxmaq meylləri də olur. O ki qaldı neqativ hallara, dünyanın bütün ordularında xoşagəlməz hadisələr baş verir. Bunu da faiz baxımından götürəndə bizim ordumuzda o hadisələr heç də digərlərindən çox deyil. Ümumiyyətlə, belə hallar zamanı subyektiv faktor ehtimalı az qeydə alınır. Hadisələr əsasən obyektiv amillərdən baş verir. Ayrı-ayrı ailələrdən yüzlərlə gənc bir yerə cəmlənir və onların böyük bir qismi ekstremal şəraitə düşür. Orduda vəziyyət tamamilə başqa cürdür. Ata-ana nəvazişindən, hər cür diqqət və qayğıdan sonra hərbi xidmətə gələn gənc nizamnamədə və bir sıra direktiv sənədlərdə nəzərdə tutulan məhdudiyyətlərlə üzləşir. Burada daha ata-ana yoxdur. Hər bir kəsin özü gərək dözüm göstərsin, ağıllı hərəkət etsin, sınaqlardan üzüağ çıxsın. Demək istədiyim odur ki, ordu istirahət mərkəzi deyil. Hər gənc orduda qarşılaşacağı sınaqlara hazır olmalıdır. Təəssüf ki, həmişə belə olmur. Bəzən saatlarla davam edən gündəlik təlimlərdə elələri olur ki, dözə bilmir. Bəzən qarşılıqlı münasibətlərdə də problemlər yaranır. Birinin xarakteri güclü, digərininki isə zəif olur. Bütün bunlar hardasa təbiidir. Çoxsaylı insanların bir yerə yığılması nəticəsində istər-istəməz onların arasında müəyyən problemlər yaranır. Bu sırf xarakterlə bağlı olan məsələdir. Belə hallara hətta elmi kollektivlərdə də rast gəlmək olur. On adam bir yerdə işləyir. Aralarından daha güclüsü çıxır. Görürsən ki, o birilərini təzyiq altında saxlayır. Belə psixoloji təzyiqlər bütün kollektivlərdə özünü göstərir. Hətta qadınların arasında da eyni xarakterli hallara rast gəlmək mümkündür. Məsələn, elə olub ki, biri işə gəlməyib, o biriləri deyiblər ki, biz dincəlirik, onsuz nə yaxşıdı, bizi daim mənəvi terrora məruz qoyur. Əsgərlikdə də belə halların baş verməsi, mənim fikrimcə, müəyyən mənada təbiidir. Hərəsi bir evdən çıxıb, hərəsi bir cür tərbiyə görüb. Biri güclüdür, digəri isə zəifdir, nəinki psixoloji, hətta deyərdim ki, fiziki cəhətdən özünü müdafiə edə bilmir. Bu mənada komandirlərin üzərinə çox ciddi məsuliyyət düşür. Bununla belə hər şeyi yalnız hərbçilərin üzərinə atmaq da olmaz. Burada cəmiyyətin də öz məsuliyyəti var.
İstənilən evdə valideynlər bilməlidirlər ki, ailədə oğlan uşağı doğulubsa, onu hərbi xidmətə hazırlamaq lazımdır. Elələri var ki, uşağın oğlan, yaxud qız olmasına fərq qoymur. Hər ikisini eyni nəvazişlə, eyni qayğıyla böyüdürlər. Amma bu, düzgün yanaşma deyil. Oğlan uşağı gərək bütün sınaqlara hazır olsun. Qədim türklərdə yeni doğulan oğlan uşağını öz anasından alıb başqa bir qadına verirdilər ki, böyütsün. Hesab edirdilər ki, öz doğma anası uşağı əsl əsgər kimi böyüdə bilməz. Yəni bu, hərtərəfli problemdir. Lakin ordumuz üçün xarakterik deyil. Hər halda, bütün məsuliyyəti yalnız ordu rəhbərliyinin üstünə atmaq olmaz.
Bundan əlavə, bəzi adamlar, hətta mən təəssüflə deyərdim ki, onların arasında deputatlar, məmurlar da var, hər şeyi şəxsi plana çevirirlər. Bəzən istədiklərinə nail ola bilməyəndə fürsət düşən kimi Müdafiə Nazirliyinə qarşı qara piar kampaniyası aparırlar. Mən belələrinin bu addımını xəyanət adlandırıram. Çünki biz hər sahədə düşmənlə həm də informasiya mübarizəsi aparırıq. Bu sahədə şəxsən Prezidentimiz tərəfindən çox böyük işlər görülür. Milli Məclis üzvləri də müvafiq sahəyə strateji əhəmiyyət verir. Məclisin beynəlxalq təşkilatlarda nümayəndə heyətləri var. Mən özüm İslam Əməkdaşlıq Təşkilatında Milli Məclisdən olan nümayəndə heyətinin rəhbəriyəm. Daim biz o təşkilatlara gedir və bizim bir nömrəli vəzifəmiz erməni işğalını ifşa etmək, dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini çatdırmaq, bu barədə qətnamələr qəbul etdirməkdir. Yəni biz həmişə mübarizə aparırıq. Bütün təşkilatlarda, müxtəlif beynəlxalq kürsülərdə şəxsən mən öz çıxışlarıma bu məsələdən başlayıram. Lakin bu gün məni bir şey də məyus edir ki, müəyyən təbəqə tərəfindən erməniyə dost kimi yanaşma cəhdləri hiss olunur. Onlarla əlaqəyə girirlər. Xüsusilə Azərbaycandan kənarda bir yerdə otururlar, yeyib içirlər, hətta öpüşürlər. Mən öz gənclərimizdə ermənilərə qarşı zooloji nifrət aşılamağın qəti əleyhinəyəm. Bu düzgün deyil. Nə vaxtsa biz onlarla dinc şəraitdə yanaşı yaşamalıyıq. Bununla belə, bizim ölkədə istənilən bir azərbaycanlı unutmamalıdır ki, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edilib. Onlar minlərlə dinc əhalini işgəncələrlə öldürüblər. Bu millətlə əlaqələrimiz yalnız torpaqlarımız geri qaytarılandan sonra başlaya bilər.
- Bu missiyanı ordumuz yerinə yetirəcək.
- Buna heç kimin şübhəsi olmasın. Tam səmimi sözümdür. Hərbi hissələrimizdə gördüklərim məni həmişə valeh edib. Cəbhə bölgəsindən hər dəfə çox böyük ruh yüksəkliyilə Bakıya qayıdıram. Əmin oluram ki, biz öz doğma torpaqlarımızı mütləq geri qaytaracağıq. Çünki ordumuz buna qadirdir.
- Şübhə yoxdur ki, hərbi qulluqçularımız xalqımızın etimadını doğruldacaqlar. Ordumuz haqqında söylədiyiniz xoş sözlərə görə çox sağ olun.
Polkovnik-leytenant
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist