Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2022 15:45

İdeoloji iş və mənəvi-psixoloji təminat şöbələrinin (bölmələrinin) rəisləri və psixoloqlarla seminar keçirilib

Aprelin 29-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ideoloji iş və mənəvi-psixoloji təminat şöbələrinin (bölmələrinin) rəisləri və psixoloqlarla seminar keçirilib.
Seminarda birlik, birləşmə, əlahiddə hərbi hissələrin və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat şöbələrinin (bölmələrinin) rəisləri və psixoloqlar, eləcə də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin, Narkoloji Mərkəzin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov seminar iştirakçıları ilə görüşüb.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları seminar iştirakçılarının nəzərinə çatdırıb. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər sayəsində şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldiyini qeyd edib.
Azərbaycan Ordusunda hərbi intizamın yüksəldilməsi məqsədilə görülən işləri müsbət qiymətləndirən nazir ideoloji iş və mənəvi-psixoloji təminat şöbələrinin (bölmələrinin) rəisləri və psixoloqların bu sahədə üzərlərinə düşən vəzifələrindən danışıb.
Müdafiə naziri şəxsi heyət arasında tərbiyə işində fərdi yanaşma metoduna üstünlük verilməsinin əhəmiyyətini, eləcə də qarşılıqlı münasibətlərin qurulmasında nizamnamələrin tələblərinə ciddi əməl edilməsini xüsusi vurğulayıb.
Hərbi kollektivlərdə sağlam mühitin formalaşmasında ictimai-siyasi və fiziki hazırlıq üzrə məşğələlərin rolundan söz açan general-polkovnik Z.Həsənov funksional vəzifələrin icrası zamanı şəxsi nümunə və məsuliyyət bölgüsü amillərinə üstünlük verilməsini tövsiyə edib.
Sonra müdafiə naziri tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı konkret göstərişlər verib.
Seminarda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığına, vətənpərvərlik hissinə təsir edən bir çox mövzular ətrafında fikir mübadiləsi aparılıb, mühazirələr dinlənilib və maraq doğuran suallar cavablandırılıb.