Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 2023 15:21

HHQ-də Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndər Heydər Əliyev hələ keçən əsrin 70-ci illərində, kommunist ideologiyasının, totalitar rejimin hakim olduğu bir dövrdə böyük uzaqgörənliklə əmin idi ki, Azərbaycan haçansa öz dövlət müstəqilliyini bərpa edəcək, onun təhlükəsizliyinin təminatçısı olan milli ordu yaranacaq və bu ordunun zabit korpusunun komplektləşdirilməsi üçün ixtisaslı peşəkar kadrlara böyük ehtiyac duyulacaq.
Odur ki, dahi lider 1971-ci ildə indiki Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratdı.
Bu məktəbin məzunları keçmiş Sovetlər İttifaqının demək olar ki, bütün ali hərbi məktəblərində təmsil olunurdular. Lakin elə hərbi ixtisaslar var idi ki, azərbaycanlı gənclərin həmin ixtisasları seçməsində süni maneələr yaradılırdı.
Ulu Öndər istəyirdi ki, bizim güclü aviasiyamız olsun, bizim cəsur şahinlərimiz olsun. Bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər, o cümlədən, keçmiş illərdə bizim millətə bu sahədə bacarıqsız kimi qiymət verən adamlara göstərsinlər ki, azərbaycanlılar hər bir işin öhdəsindən gəlməyə qadirdirlər. Azərbaycan xalqı istedadlı xalqdır, onun istedadı hərbi sahədə də ən yüksək səviyyədə ola bilər. Azərbaycanlıların istedadı, qabiliyyəti havanı, səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər.
Xalqımızın böyük oğlu, görkəmli siyasi və dövlət xadimi inanırdı ki, bu belə də olacaq. Çünki Heydər Əliyev Azərbaycan gənclərinin həm fiziki cəhətdən genetik keyfiyyətlərinin yüksək olmasını, həm də xaraktercə, xasiyyətcə cəsur olmasını yaxşı bilirdi. Bunu bir çox azərbaycanlılar dəfələrlə, tarix boyu öz cəsurluğu ilə dünyaya nümayiş etdirmişdilər.
Unudulmaz əbədiyaşar Ali Baş Komandan Heydər Əliyev tam əmin idi ki, bu gün də, gələcəkdə də bizim gənclərimiz bunu nümayiş etdirəcəklər.
Həmin gün gəlib çatdı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi, milli ordumuz yarandı. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın xahişi və tələbi ilə Azərbaycan hakimiyyətinə gətirildi. Bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da yeni mərhələnin əsası qoyuldu. Mütəşəkkil Azərbaycan ordusu yaranmağa başladı. Bu Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük xidmətlərindən biri idi.
Heydər Əliyev daha bir arzusuna çatmaq üçün Hərbi Təyyarəçilər Məktəbini yaratdı. Bu məktəb 15 oktyabr 1997-ci ildə ilk buraxılışını etdi. Həmin gün ilk buraxılışa həsr olunmuş təntənəli mərasimdə iştirak edərək milli şahinlərimizə gələcək xidmətlərində uğurlar arzulayan dahi rəhbərin sevinci yerə-göyə sığmırdı: "Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər”.
Bu fikirlər və xatirələr Hərbi Hava Qüvvələrinin (HHQ) təşkilatçılığı ilə Ulu Öndərin 100 illiyi münasibətilə keçirilən tədbirdə Heydər Əliyev irsinin tədqiqi və təbliği sahəsində müstəsna xidmətləri olan Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Ulu Öndər haqqında onlarla kitabın müəllifi polkovnik Abdulla Qurbani tərəfindən səsləndirilib.
Tədbirdə dahi lider Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
HHQ Şəxsi Heyət idarəsinin rəisi, “Qarabağ” ordenli polkovnik Elşad Pənahov "Heydər Əliyev və Azərbaycan Hərbi Hava Qüvvələri" mövzusunda geniş məruzə ilə çıxış edib.
Polkovnik E.Pənahov nəzərə çatdırıb ki, müasir Hərbi Hava Qüvvələrinin inkişafı və formalaşması, peşəkar ixtisaslı kadrlarla komplektləşdirilməsi Ulu Öndərin sayəsində mümkün olub və bu fəaliyyət Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməkdədir.
Vətən müharibəsində Zəfərin başlanğıcı olan Aprel döyüşlərində Hərbi Hava Qüvvələrimiz düşmənə sarsıdıcı və dağıdıcı zərbələr endirib. Səma şahinlərimizin, pilotlarımızın İkinci Qarabağ müharibəsində Qələbə qazanılmasında böyük rolu olub. HHQ-in hərbi qulluqçuları qəhrəmanlıq və şücaət nümunələri göstəriblər.
İndi ölkəmizdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yüksək pilotaja malik milli pilotlar yetişdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldilir, aviabazaların maddi-texniki təminatı gücləndirilir, uçuş və texniki heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.
Polkovnik E. Pənahov qürurla bildirib ki, Ulu Öndərin yubileyini uğur və nailiyyətlərlə qarşılayan HHQ-in şəxsi heyəti bundan sonra da Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsi olan Hərbi Hava Qüvvələrinin komandanı, "Zəfər" ordenli general-leytenant Ramiz Tahirovun rəhbərliyi altında bundan sonra da Ali Baş Komandanın istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon ictimaiyyəti adından salamlayaraq onlara şərəfli xidmətlərində uğurlar arzulayıb və bundan sonra da Heydər Əliyev ideyalarına sadiq olacaqlarına, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yeni-yeni zirvələr fəth edəcəklərinə əminliyini bildirib.
Yeni Azərbaycan Partiyasının fəallarından olan Musa Musayev Ulu Öndərin yaratdığı partiyanın ölkəmizin ictimai-siyasi həyatında tarixi xidmətlərindən danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva Ulu Öndərin axıra çatdıra bilmədiyi taleyüklü məsələlərin, işlərin, planların Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla yerinə yetirildiyini vurğulayıb.
Respublika Veteranlar Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilovun "Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı" mövzusunda çıxışı maraqla dinlənilib.
Polkovnik C. Xəlilov deyib: "Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqın tarixinə həmişə sonsuz ehtiram və məhəbbətlə yanaşmış, əsrlər boyu torpaqlarımıza təcavüz edən yadelli işğalçılar qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarının hünər və rəşadətlərini yüksək qiymətləndirmiş, yeni nəslin hərbi-vətənpərvərlik tərbiyəsində ata-babaların, veteranların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri şərəflə davam etdirməyi məsləhət görmüşdür. Heydər Əliyevə görə xalqın qəhrəmanlıq tarixini, hərb tarixini öyrənmədən, qiymətləndirmədən yeni qəhrəmanlar yetişdirə bilməz".
28 iyun 2002-ci il tarixində Azərbaycan Hərbi Təyyarəçilik Məktəbinin növbəti buraxılış mərasimində Ulu Öndərin əlindən fərqlənmə diplomu alan və bu gün Hərbi Hava Qüvvələrində zabit kimi xidmət edən polkovnik-leytenant Elnur Məmmədov həmin anları ən xoş xatirə kimi yada salıb. O, dahi liderin həmin gün dediyi "Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək. Respublikamızın iqtisadiyyatı yüksələcək və yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz" sözlərini söyləyəndə alqış səsləri salonu bürüyüb.
Tədbir iştirakçıları " Ulu Öndər və Milli aviasiyamız" adlı videoçarxı böyük maraqla izləyiblər.
Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi Ulu Öndərin sevdiyi və yaradıcılıqlarını yüksək qiymətləndirdiyi Azərbaycan bəstəkarlarının əsərlərindən və xalq mahnılarından nümunələr səsləndirib, musiqilər ifa ediblər.
Tədbir “Qələbə marşı”nın ifası ilə başa çatıb.