Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Aprel 2018 18:40

Hərbi qulluqçular Gəncədə Mir Cəlal Paşayev muzeyini ziyarət ediblər

Ölkəmizin hər yerində olduğu kimi Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı təhsil müəssisələrində görkəmli alim, pedaqoq və istedadlı yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.
Əməkdar Elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin ad günündə - 26  aprel tarixində Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Gəncə şəhərində Mir Cəlal Paşayev muzeyində olub və unudulmaz böyük sənətkarı hörmət və ehtiramla yad ediblər.
Muzeyin direktoru İradə xanım İbayeva muzeyin ekspozisiyası, burada nümayiş etdirilən fotolar, sənədlər, kitablar, sənət nümunələri və xatirə əşyaları haqqında geniş məlumat verib. Hərbi qulluqçuların nəzərinə çatdırılıb ki, Mir Cəlal Paşayev 1908-ci ilin aprelində, Cənubi Azərbaycanda, Təbriz yaxınlığındakı Əndəbil kəndində doğulsa da ailəsinin Gəncəyə köçməsi ilə bağlı taleyini uşaqlıqdan bu şəhərlə bağlayıb. Onun formalaşmasında Gəncə mühitinin müstəsna rolu olub.
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Mir Cəlal Paşayevin yaradıcılığında müharibə və qəhrəmanlıq ənənələri barədə geniş söhbət açıb. O, qeyd edib ki, Böyük Vətən müharibəsinin ilk günlərində digər yaradıcı ziyalılarımız kimi Mir Cəlal da öz qələmini süngüyə çevirib və xalqı faşizmə qarşı mübarizəyə səsləyən bir çox əsərlərlə müharibə dövrü ədəbiyyatımızı zənginləşdirib.
O, dəfələrlə cəbhələrdə döyüşən vətən oğulları ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanıb və obrazlarını yaradıb. Mir Cəlalın müharibə illərində yazdığı “Yollar”, “Qardaş qanı”, “Şərbət”, “Odlu mahnılar”, “Atlı”, “Mərcan nənə”, “Vətən yaraları” hekayələri, eləcə də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov haqqında yazdığı silsilə oçerklər bu gün də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
A.Qurbani vurğulayıb ki, xalq şairi Səməd Vurğun “Vətən müharibəsi və ədəbiyyatımız” adlı geniş məruzəsində digər şair və yazıçılarımızla yanaşı Mir Cəlalın hekayələrinin də adını iftixarla çəkmişdir. O, yazırdı ki, Mir Cəlalın “Vətən yaraları” hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı daha kinli və amansız oldum.
Mir Cəlal bu gün də müasirdir və onun əsərləri Azərbaycan əsgərinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsində, düşmənə nifrət hissinin aşılanmasında öz aktuallığını qoruyub saxlamaqdadır.
Sonra hərbi qulluqçular muzey kompleksində Mir Cəlal Tədqiqat-Araşdırma Mərkəzi və onun yaşadığı məhəllə ilə tanış olublar.
Hərbi qulluqçulardan Xəyal Namazov, Orxan Bələdov və Tahirə Hüseynova Mir Cəlal Paşayevin mütaliə etdikləri əsərləri barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda muzey tərəfindən hərbi hissənin kitabxanasına Mir Cəlal Paşayevin kitabları hədiyyə edilib.