Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Oktyabr 2017 19:07

Döyüş mövqeyində “Azərbaycan qalaları xalqımızın yenilməzlik rəmzidir” sərgisinin açılışı olub

Azərbaycanın bərəkətli torpaqları, yeraltı və yerüstü sərvətləri yadelli qəsbkarların zaman-zaman bu ölkənin üzərinə qoşunlar yeritməsinə, bu diyarın qanlı savaş meydanına çevrilməsinə səbəb olub. Kəndlər, şəhərlər viran edilib, insanlar qılıncdan keçirilib, sərvətlərimiz talanıb, çapılıb. Lakin ulu əcdadlarımız ruhdan düşməyib, qanları, canları bahasına təcavüzkara qarşı mübarizə aparıb, dağıdılmış yurd yerlərimizin xarabalıqları üzərində Azərbaycan yenidən dirçəlib, xalqımız öz varlığını qoruyub-saxlayıb və nəhayət dövlətimiz müstəqilliyini bərpa edərək günümüzədək gəlib çatmışdır. İndi Azərbaycan Respublikası dinamik sürətlə inkişaf edən güclü və qüdrətli dövlətə çevrilib, müstəqillik yollarında gələcəyə doğru inamla irəliləyir.
Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada bir və bir neçə müdafiə tikilisi, möhtəşəm qala və qala bürclərinin divarlarının qalıqlarına rast gəlinməsin. Bu qalalar, istehkamlar mədəniyyət, memarlıq abidələri olmaqla yanaşı, həm də qəhrəmanlıq tariximizdən, xalqımızın mübarizliyindən, yenilməzliyindən soraq verən daş salnamələrimizdir.
Bütün bu deyilənlər barədə respublikamızın qərb bölgəsində döyüş mövqelərindən birində təşkil edilmiş “Azərbaycan qalaları xalqımızın yenilməzlik rəmzidir” adlı sərgidə ətraflı məlumat verilib.
Dövlət tərəfindən qorunan V-VI əsrlərə aid Alban kilsəsində təşkil olunan sərginin açılışında layihə müəllifi polkovnik Abdulla Qurbani bildirib ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin rəhbərliyi bu yerlərdə olmuş, əsrlərin sərt sınaqlarından çıxaraq bu günümüzədək gəlib çatmış tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi barədə xüsusi tapşırıqlar vermişdir. Qeyd olunmuşdur ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş əzəli Azərbaycan torpaqlarında milli-mədəni dəyərlərimiz qəddarcasına məhv edilir, qarət olunur, dağıdılır, erməniləşdirilir. Lakin bunun əksinə olaraq biz hansı sivilizasiyaya, mədəniyyətə mənsubluğundan asılı olmayaraq bəşəri dəyərləri hifz edir və bundan sonra da qorumalıyıq. Bunu bizdən əcdadlarımız, ulularımız, eləcə də 14 may 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında konvensiya”nın maddələri tələb edir və qarşımızda məsuliyyətli vəzifələr qoyur. Silahlı münaqişələr, həmçinin texnogen aşılanmalar nəticəsində hər hansı bir abidə təhlükə ilə üzləşərsə dərhal aidiyyəti üzrə məlumat verilməli və həmin abidənin məhv edilməsinin qarşısı alınmalıdır. Vurğulanıb ki, bir çox beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizə qarşı qərəzli, ikili standartlı münasibət göstərsə də biz beynəlxalq qərar, qətnamə və konvensiyalara hörmətlə yanaşırıq.
Döyüş mövqelərində, cəbhəyanı rayonlarda ön xətdə olan abidələrin, mədəni dəyərlərin qorunmasında hər bir hərbi qulluqçu öz vətəndaşlıq borcunu dərindən dərk edir və bu istiqamətdə səylərini əsirgəmir. Tarixi abidələr əcdadlarımızın nəsillərə əmanətidir. Tariximizi öyrənmədən sevmək, sevmədən onu qorumaq mümkün deyil. Bu sərgi Azərbaycan əsgərinin tariximizə sevgisindən, məhəbbətindən irəli gələn bir tədbirdir və şəxsi heyətin milli-mənəvi, mədəni dəyərlər əsasında tərbiyəsində öz müsbət təsirini göstərəcəkdir.
Sərginin açılışında millət vəkili, professor Elman Nəsirov,  “AVEY” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun əməkdaşları, Əməkdar İncəsənət xadimi, şair-publisist Barat Vüsal və zabitlər çıxış edərək bu təşəbbüsün aktuallığına və son dərəcə əhəmiyyətinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.
Sərgidə Gəncə Qarnizonu Zabitlər Evinin təqdim etdiyi əllidən çox qala və müdafiə tikilisinin fotosu, eləcə də döyüşçü-rəssam Bayram Əlioğlunun “Əsgəran qalası”, “Biz Qarabağa qayıtdıq”, “Əsgəran qalası alındı” rəngkarlıq əsərləri nümayiş olunur.
Vətən müdafiəçiləri “Əlincə qalası”, “Oğlanqala”, “Cavanşir qalası”, “Bəlləbur qalası”, “Çıraqqala”, “Babək qalası”, “Ramana qalası”, “Mərdəkan qalası”, “Gələrsən-görərsən qalası”, “Koroğlu qalası” və digər qala abidələrinin təsvirlərinə maraqla tamaşa edib və hər bir qala haqqında ətraflı məlumat alıblar. Sərgidən xoş təəssüratlarla ayrılan hər bir döyüşçü öz səngərini və döyüş mövqeyini bundan sonra da alınmaz qalaya çevirərək döyüş növbəsində, Vətənin keşiyində ayıq-sayıq duracağına, əsgəri borcunu şərəflə davam etdirəcəyinə söz verib.