Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 2021 13:14

Daşkəsən Şəhidlər xiyabanında qürurverici anlar yaşanıb

XX əsrin sonlarından başlayaraq Bakıda və respublikamızın bölgələrində şəhidlər xiyabanları yaranmağa başladı. Milli azadlıq uğrunda mübarizə qurbanlarının, Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə şəhid olanların məzarları ziyarətgaha, and yerimizə çevrildi.
Şəhidlər xiyabanlarında yüzlərlə, minlərlə igidimiz and içərək qanlı savaşlara yollandı, torpaq uğrunda canından, qanından keçərək şəhadət məqamına yüksəldi, qazi oldu, düşmənin layiqli cavabını verərək qalib döyüşçü kimi geri döndü.
Şəhidlər xiyabanları təkcə anaların, bacıların göz yaşları ilə yuyulan məzarlardan ibarət bir xiyaban, məsum körpələrin, uşaqların ata deyib üz tutduqları ünvan deyil. Şəhidlər xiyanbanları Vətənimizin ən dəyərli, mübariz, vətənpərvər və ölməz, unudulmaz, əbədiyaşar oğullarının uyuduqları, ölümlərindən sonra da nəsilləri Azərbaycan uğrunda, torpaqlarımızın hər qarışı uğrunda hər an mübarizəyə hazır olmağa səsləyən məkandır.
Şəhidlər xiyabanları mübarizəmizin, mübarizliyimizin, yenilməzliyimizin, ölməzliyimizin rəmzidir. Şəhidlər xiyabanları qürurumuz, mərdliyimiz, şərəf tariximizdir.
Xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyev vaxtilə demişdir: “Xalqımızın tarixində çox əzəmətli, qiymətli abidələr var. Ancaq Şəhidlər xiyabanı, XX əsrin sonunda Azərbaycan xalqının milli azadlıq uğrunda özünü qurban vermiş, şəhidlərimizin məzarları Azərbaycan Respublikasının, Azərbaycan torpağının ən müqəddəs yeridir və qiymətli abidəsidir.”
Daşkəsənlilər də şəhərin girişindəki Şəhidlər xiyabanını müqəddəs bir yer bilir, şəhidləri ehtiramla yad etməyə gəlir, hətta bir xeyir iş görəndə əvvəlcə buranı ziyarət edərək şəhidlərin ruhuna dualar oxuyur. Əlamətdar, tarixi günlərdə, bayramlarda burada qələbəlik yaşanır, gənclər böyük həvəslə and içərək ordu sıralarına yola salınırlar.
Təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün qorunması və bərpası, eləcə də tarixi torpaqlarımızın işğaldan azad olunması məqsədilə başladığı Vətən müharibəsinin ilk günündən yüzlərlə daşkəsənli gənc də bu müqəddəs məkanda and içərək könüllü olaraq cəbhələrə yollanıb. İndi həmin gənclərdən bir neçəsi burada Birinci Qarabağ müharibəsinin şəhidləri ilə yanaşı uyuyur.
Bir ay öncə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Daşkəsən rayonuna səfəri çərçivəsində ilk olaraq Şəhidlər xiayabanını ziyarət edib, əbədi məşəl qarşısına qızılgüllər düzərək şəhidlərə ehtiramını bildirib.
Dövlətimizin başçısının burada olmasını şəhid ailələri, eləcə də bütün daşkəsənlilər böyük minnətdarlıq hissi ilə qarşılayıblar.
Müdafiə Nazirliynin təşkilatçılığı ilə avqustun 29-da Daşkəsən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidləri Orxan Etibar oğlu Cəfərlinin və Rüstəm Üzeyir oğlu İsmayılovun doğum günləri münasibətilə keçirilən “Vətən, başın sağ olsun!” adlı vətənpərvərlik tədbirində qürurverici anlar yaşanıb.
Hərbi orkestrin ifa etdiyi “Şəhidlərin xatirəsinə” elegiyasının sədaları altında əbədi məşəl qarşısına nazirliyin adından qızılgül çələngi qoyulub. Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Dövlət himni ifa olunub.
Polkovnik Abdulla Qurbani bu gün Şəhidlər xiyabanına istər qoca olsun, istərsə də cavan, istər hərbçi olsun, istərsə də mülki şəxs, fərqi yoxdur, hamının qalib bir ölkənin vətəndaşı, qalib bir ordunun əsgəri kimi gəldiklərini fəxrlə bildirərək deyib: “Bu gün hər birimiz qürurluyuq. Cənnət Qarabağımızın otuz illik həsrətinə artıq son qoyulub. Birinci Qarabağ müharibəsində ataların başa çatdıra bilmədikləri taleyüklü və şərəfli missiyanı oğullar ləyaqətlə, canlarından, qanlarından keçərək yerinə yetiriblər. Şəhid oğullarımız, qazilərimiz öz qanları ilə alın ləkəmizi yuyublar. Xalqımız qələbə əhval-ruhiyyəsi ilə yaşayır. Hələ də Azadlıq meydanında keçirilən Zəfər paradının təəssüratlarını unutmamışıq, əsrlər keçsə, nəsillər bir-birini əvəz etsə də unutmayacağıq.
 Qeyd edilib ki, Azərbaycanın parlaq gələcəyinə hamıdan çox inanan və bu yolda yorulmaz fəaliyyət göstərən Ulu Öndərimizin, o cümlədən unudulmaz şəhidlərimizin ruhları şaddır. Artıq təcavüzkar Ermənistan üzərində tarixi qələbəni qazanmışıq. Bu qələbə xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığının, Müzəffər Ali Baş Komandamızın siyasi iradəsinin, sərkərdə məharətinin və əlbəttə, dəmir yumruğumuzun qələbəsidir. Bu qələbə şəhidlərimizin, qazilərimizin Vətən torpağına qarışan qanları ilə qazanılıb və nə qədər Azərbaycan var, qədirbilən Azərbaycan xalqı var, biz varıq şəhidlərimiz heç vaxt unudulmayacaqdır.

Onlardır bizlə birgə gülüb-sevinənlər də,

Onlardır qəlbimizdə heykələ dönənlər də... ”

Tədbirdə hər iki şəhidin 26 illik qısa, lakin hər bir gənc üçün örnək olan ömür yolu və xidmətləri barədə ətraflı məlumat verilib.
Nəzərə çatdırılıb ki, Cəfərli Orxan 1995-ci il avqustun 29-da Daşkəsən şəhərində anadan olub. 2014-2015-ci illərdə Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçib. Ehtiyata buraxıldıqdan bir müddət sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xüsusi kurs keçib və hərbi hissənin dağ-atıcı taborunda dağ-atıcı manqanın komandiri və taqım komandirinin müavini kimi xidmətini davam etdirib.
Vətən müharibəsinin ilk günündən Murovdağın zirvələri və Kəlbəcər uğrunda döyüşlərdə fəal iştirak edərək qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə və mərdliklə gəlib. İgidlik nümunələri göstərərək oktyabrın 5-də Füzuli rayonu istiqamətində şəhid olan əmisi oğlu kapitan Həmid Cəfərlinin intiqamını düşməndən artıqlaması ilə alıb. Nəşi 40 gün sonra çıxarılsa da, valideynləri başlarını dik tutaraq şəhidi böyük izdihamın iştirakı ilə son mənzilə yola salıblar.
1995-ci il avqustun 29-da Daşkəsən şəhərində anadan olan Rüstəm Üzeyir oğlu İsmayılov da Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra taleyini hərbi peşəyə həsr etmək üçün yenidən ordu sıralarına qayıdıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi quqlluqçusu kimi vəzifələrinin öhdəsindən layiqincə gəlib. O da Murovdağ zirvələrində düşmən mövqelərinə zərbələr endirilməsində, düşmənin xeyli canlı qüvvəsinin məhv olunmasında mərdlik və igidlik nümunələri göstərək şəhidlik zirvəsinə ucalıb.
Hər iki hərbi qulluqçu ölümlərindən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə döyüş medallarına layiq görülüblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, onların sosial problemlərinin həlli istiqamətində rayonda görülən işlərdən danışıb.
Bir az öncə Kəlbəcərdən qayıdan polkovnik Rasim Manafov respublikamızın bütün bölgələrindən olan hərbi qulluqçularla yanaşı, daşkəsənli əsgər və zabitlərin də bu gün Azərbaycan Ordusunda Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini bildirib və diqqətə çatdırıb ki, düşmən yenə də utancverici məğlubiyyəti ilə barışmaq istəmir. Tez-tez mövqelərimizi atəşə tutur, hücum cəhdləri edir. Lakin xalqımız bir daha əmin olmalıdır ki, şəhidlərimizin intiqamını alaraq xalqımıza qələbə sevincini yaşadan Azərbaycan əsgəri mübariz keşikdə möhkəm dayanaraq düşmənin istənilən təxribatının qarşısını vaxtında və qətiyyətlə alır. Dəmir yumruq yerindədir və azad edilən tarixi torpaqlarımızda ucaltdığımız bayraq heç vaxt enməyəcəkdir.
 Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsi rəsinin müavini baş leytenant İlkin Umarov daşkəsənli gənclərin böyük həvəslə hərbi xidmətə getdiklərini, valideynlərin onları sevinclə, qürurla yola saldıqlarını qeyd edib.
 “El gücü” beynəlxalq humanitar assosiasiyası ictimai birliyinin sədri Sara Zeynalova ölkəmizdə Ordu ilə xalqın sağlam mənəvi birliyinin daha da möhkəmləndiyini, xalqın bir amal, bir məqsəd naminə Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşdiyini deyib və “Biz birlikdə güclüyük!”, “El gücü, sel gücü” ifadələri ilə çıxışını tamamlayıb.
Daşkəsən rayonunun Alaxançallı kəndindən olan Eyvaz və Kamal Namazov qardaşları Vətən müharibəsində könüllü iştirak ediblər. Kamal Murovdağ zirvələri uğrunda yaralanıb, Eyvaz isə Cəbrayıl və Füzuli döyüşlərindən sağ-salamat qayıdıb. Tədbirdə söz alan Eyvaz Namazov deyib: “Mənim atam Daşkəsənin ilk şəhidlərindəndir.1992-ci ildə, mən anadan olanda atamın Tərtər döyüşlərindən şəhidlik xəbəri gəlib. Bu gün iftixarla, qürur hissi ilə deyirəm ki, ata, biz iki qardaş həm sənin, həm də Rüstəm, Orxan kimi igid qardaşlarımızın artıq qisasını almışıq, torpaqlarımız azaddır!”.
Vətən müharibəsi qazisi ehtiyatda olan baş leytenant Ceyhun Əliyev ürəyinin başında hələ də qəlpə gəzdirsə də yenə düşmənə qarşı vuruşmağa, şəhidlərimizin ruhunu şad etməyə hazır olduğunu bəyan edib.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İlham Cabbarovun çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşatsa da, onun son kəlmələri hamını qürurlandırıb: “Mən də arzularla yaşayırdım. Bir döyüşçü kimi ən böyük arzum Zəfər bayrağımızın Murovdağın zirvələrinə, Şuşa qalasına sancılmasını görmək idi. Şükürlər olsun ki, bu arzuma çatdım. İkinci arzum isə Cəbrayıl uğrunda mərdliklə döyüşən oğlum Murazın sağ-salamat qayıdaraq qalib əsgər kimi bəy kürsüsündə oturmasını görmək, ona xeyir-dua vermək idi. Oğlum müharibədən qayıtdı. Ancaq müqəddəs bayrağımıza bükülmüş şəhid kimi! Şəhid atası olaraq qürur duydum, fəxr etdim ki, Murazım da öz arzusuna, öz murazına çatıb. Axı o, həmişə arzu edərdi ki, müharibədən ya qazi, ya da şəhid kimi qayıdıb el içində başımızı uca eləsin. Mənim üçün Muraz ölməyib, şəhidlərimiz ölməyib. Onlar qəhrəmanlıq, mübarizə yolunu göstərən əbədi mayakdırlar”.
Şəhid Orxanın hazırda xidmətdə olan qardaşı Elsevər Cəfərlinin “Mən şəhid qardaşımın yarımçıq ömrünü də öz ömrümə qataraq iki ömür yaşayıram və şəhid qardaşı olmağın məsuliyyətini dərk edirəm. Qoy düşmənlərimiz bir daha eşidib agah olsunlar ki, onlar bir də üzərimizə gəlmək fikrinə düşsələr qarşılarında minlərlə, on minlərlə Orxan kimi, Rüstəm kimi oğullar görəcəklər” – sözləri hər kəsin döyüş ruhunu, intiqam hissini daha da artırıb.
Şəhid Rüstəmin anası Nübar, atası Üzeyir İsmayılovlar və şəhid Orxanın anası Zəriş, atası Etibar Cəfərovlar özləri şəhid valideynləri olmalarına baxmayaraq şəhid analarına səbir, dözüm arzulayıblar: “Oğul itkisi, övlad itkisi ağır dərddir. Ancaq gəlin başımızı həmişə uca tutaq, qəddimizi əyməyək, bizə yaraşmaz! Xalqımıza böyük qələbənin sevincini yaşadan bizim övladlarımızdır. Qanları işğaldan azad edilən torpaqlara çilənən, qızıl lalə olub göyərən bizim igidlərimizdir. Analar yenə oğullar doğacaq. Ancaq Vətəni heç nə ilə əvəz etmək olmaz. Əgər övladlarımız Vətən torpaqlarını düşmən tapdağından azad edərək şəhid olublarsa onlar ölməyiblər, onlar həmişə qəlbimizdə, ürəyimizdə, yanımızdadırlar.”
Tədbir hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın müşayiəti və Məmməd İlqarın məşhur “Vətən, başın sağ olsun” şeirinin misralarının səsləndirilməsi ilə sona yetib:

Vətən, başa çox iş gələr,

Baş əymə, başın sağ olsun!

Biz ölməyə doğulmuşuq,

Torpağın-daşın sağ olsun!

Neçə cəfakeşin qalır,

Bir evdən bir qoşun qalır,

Beşin ölsə, beşin qalır,

O qalan beşin sağ olsun!

Çat verir, çatlayır dözüm,

Sən çatlama, canım-gözüm,

Bizi ağlamağa gözün,

Bir də göz yaşın sağ olsun!