Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Fevral 2023 10:33

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb və Hərbi feldşer işi ixtisasları üzrə 2023/2024-cü tədris ili üçün qəbul qaydaları - VİDEO

I.ÜMUMİ MÜDDƏALAR  
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından hərbi xidmətə yararlı qərarı ilə keçmiş namizədlər buraxılır.
Təhsil müddəti:
Hərbi tibb ixtisası - 6 il
Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər ödənişsiz əsaslarla təhsil alırlar.
Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edirlər və bütün növ təminatlarla təmin edilirlər.
Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək ayda 90 AZN, son 2 ili isə ayda 181 AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursant və tələbələrin aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Hərbi feldşer işi ixtisası üzrə:
Təhsil müddəti - 3 il
Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olanlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 243 AZN məbləğində müavinət alırlar.
Yaş həddi: Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan, habelə 18 yaşından 23 yaşınadək müddətli həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəli Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
II. SƏNƏDLƏRİN QƏBULU
Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2023-cü il tarixindən 30 aprel 2023-cü il tarixinədək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış;
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxə və çap edilmiş 2 nüsxədə);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
– ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3x4sm və 2 ədəd 4.5x6sm ölçüdə;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
– elektrokardioqramma;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim edilir.
Qeyd: Namizədlər hər hansı səbəbdən Hərbi Tibb Fakültəsindən xaric edilərlərsə Azərbaycan Tibb Universitetindən xaric ediləcəkləri və ali təhsilə bərpa edilməyəcəkləri barədə öhdəlik götürürlər.
III. HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR
Namizədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasından Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Hərbi tibb ixtisası üzrə:
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanları IV ixtisas qrupunun fənləri üzrə keçirilir.
Hərbi feldşer işi ixtisası üzrə:
Namizədlərin Hərbi Tibb Fakültəsinə qəbulu müvafiq tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.
Qəbul imtahanının tarixi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.
Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində qəbul olunur.
Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi 3. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ərazisi. (əlaqə telefonu: 012-431-39-73).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 036-544-00-15, 036-544-00-16).