Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Aprel 2016 17:00

Ali Baş Komandan İlham Əliyev: "Ermənistanın silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır"

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclasda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilsə də, dövlət başçısı giriş nitqi ilə çıxış edərkən aprelin ilk günlərində düşmənlə təmas xəttində baş vermiş hadisələrə geniş yer ayırıb.
Öncə Ermənistanın silahlı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribat törətdiyini söyləyən Prezident İlham Əliyev xüsusi vurğuladı ki, təxribatın qarşısı alındı, düşmənə layiqli cavab verildi. "Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bildi. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir və çalışır ki, danışıqlar prosesi pozulsun. Bunu deməyə bizdə kifayət qədər əsas var, ilk növbədə, danışıqların 20 ildən çox müddət ərzində aparılması onu göstərir ki, Ermənistan sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istəyir."
2014-cü ilin sonlarında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilmiş görüşə toxunan ölkəmizin rəhbəri bildirdi ki, o vaxt hər iki tərəf görüşü müsbət qiymətləndirmişdi. Ancaq Ermənistan rəhbərliyinin pozucu fəaliyyəti nəticəsində danışıqlarda müsbət irəliləyişin əldə edilməsi mümkün olmayıb: "Görüşdən sonra biz danışıqlarda daha da müsbət dinamikanı gözləyirdik. Ancaq o danışıqlardan iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda - Ağdam rayonunun ərazisində genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan Silahlı Qüvvələri bu təxribata bir neçə gün cavab vermirdi, ancaq ondan sonra Ermənistan silahlı qüvvələri bizim mövqelərimizə hərbi helikopterlərlə hücum çəkmişdir. Azərbaycan Ordusu məcbur olub helikopterin birini vurmuşdur. Bu da Ermənistana bir bəhanə kimi lazım idi ki, yenə də Azərbaycanı təcavüzdə günahlandırsın."
Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin göstərdiyi cəhdlərdən danışan dövlət başçısı çıxışında bildirdi: "Minsk Qrupunun xahişi ilə keçən ilin dekabrında Azərbaycan və Ermənistan prezidentləri görüşdülər, amma o görüşün heç bir nəticəsi olmamışdır. Vasitəçilər çalışırlar ki, məsələ öz həllini tapsın. Bilirsiniz ki, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa rəhbərliyi səylər göstərirlər, bəyanatlar verirlər. O cümlədən status-kvo haqqında çox dəyərli bəyanatlar verilir ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Ancaq Ermənistan buna məhəl qoymur.
Bilirəm ki, həmsədr dövlətlər bu il danışıqların davam etdirilməsi istiqamətində yeni təkliflər irəli sürmüşlər. Amerika Birləşmiş Ştatlarında olarkən Amerikanın siyasi rəhbərliyi ilə o cümlədən Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə edilmişdir. Qeyd etmişlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bütün həmsədr ölkələr - ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin. Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın."
Dağlıq Qarabağ probleminin Azərbaycan üçün olduqca ağrılı və prioritet məsələ olduğu, Azərbaycan rəhbərliyinin həmişə sülhsevər mövqedən çıxış etdiyi və münaqişənin sülh yolu ilə beynəlxalq qanunvericiliyə müvafiq həllinə çalışdığı Minsk Qrupu həmsədrlərinə yaxşı bəllidir. Eyni zamanda Ermənistanın silahlı birləşmələri mütəmadi olaraq mövqelərimizi, xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrimizi, dinc sakinləri atəşə tuturlar. Aprelin ilk günlərində baş vermiş hadisələr bunu bir daha əyani göstərir. Azərbaycan Prezidenti son hadisələrə toxunaraq iclasda bildirdi: "Bildiyiniz kimi, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və biz də bunu istəyirik. Biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik. İstəyimiz odur ki, məsələ həllini tapsın. Bu gün də biz bəyan edirik ki, danışıqlar prosesinə sadiqik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır."
Dövlətimizin başçısı çıxışında ölkəmizin iqtisadi baxımdan inkişaf etdikcə, Silahlı Qüvvələrimizin potensialı və döyüş bacarığı artdıqca işğal edilmiş torpaqlarımızın azad edilməsinə daha da yaxınlaşdığına inamını ifadə etdi. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim əsas vəzifəmizdir. Azərbaycan həm siyasi, həm iqtisadi və bütün başqa sahələrdə gücləndikcə, əlbəttə ki, bu münaqişənin həlli daha da yaxın olacaqdır. Biz inkişaf dinamikamızı daha da sürətləndirməliyik və Azərbaycanda dayanıqlı inkişaf davam etməlidir. Son illər ərzində iqtisadi və siyasi sahələrdə əldə edilən uğurlar onu göstərir ki, biz düzgün yoldayıq."