Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2017 11:58

Ali Baş Komandan İlham ƏLİYEV: Biz ordu quruculuğu istiqamətində böyük addımlar atmışıq

Ötən il oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunmuş mərasimdə  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışı zamanı son 25 illik zaman ərzində ölkəmizin qazandığı uğurlara, həmçinin ordu quruculuğunda qazanılan nailiyyətlərə diqqət yetirmişdi. Ölkə başçısı qeyd etmişdi ki, biz ordu quruculuğu istiqamətində böyük addımlar atmışıq. "Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik..."
Yaşadığımız müstəqillik dönəminə nəzər yetirəndə çox da böyük olmayan bir zamanda - 26 illik bir dövrdə müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün bütün sahələrdə xeyli işlər görüldüyünə əmin oluruq. Artıq nəinki beynəlxalq ekspertlər, hətta işğalçı dövlətin analitikləri də obyektiv mövqedən çıxış edərək Azərbaycanın ötən dövrdə ordu quruculuğunda da mühüm uğurlara imza atdığını etiraf edirlər. Əgər 2016-cı ilin aprel döyüşləri düşmən ordusunun məğlubedilməzliyi haqqında ermənilərin illərdən bəri yaratdığı mifi darmadağın etdisə, Azərbaycanın da yetərincə hərbi gücə malik olduğunu təsdiqlədi.
Azərbaycanda peşəkar, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik bir ordunun formalaşmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır. Təkcə 1993-cü ildə dahi rəhbərin siyasi hakimiyyətə qayıdışı ilə yox, həm də keçmiş Sovetlər dövründə onun Azərbaycana rəhbərliyi ilə indiki ordu quruculuğu strategiyasının bünövrəsi qoyulub. Sözümün bu yerində   uzun müddət Naxçıvanda indiki Heydər Əliyev adına Hərbi Liseyin rəisi kimi bu təhsil müəssisəsinin fəaliyyətində böyük zəhməti olan general-mayor Rasim Əliyevdən aldığım müsahibədən bir məqamı xatırlatmaq istərdim. Hazırda Müdafiə Nazirliyi sistemində idarə rəisi vəzifəsində xidmətini davam etdirən general ulu öndər Heydər Əliyevin ölkəmizdə ordunun yaradılmasında xidmətlərindən danışarkən hələ 1971-ci ildə, yəni, keçmiş ittifaq dövründə C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını onun peyğəmbərcəsinə uzaqgörənliyi hesab etmişdi. Əslində, həqiqət belədir, hansı bir sahədə olursa-olsun, uğurların qazanılmasında peşəkar kadrlar böyük rol oynayır. Sanki görkəmli dövlət xadimi imza atdığı islahatlarda bir məqsədi - Azərbaycanın nə vaxtsa yenidən müstəqilliyə qovuşacağını düşünüb. Məhz onun siyasi qətiyyəti hesabına yaradılan ibtidai hərbi məktəbi müasir Silahlı Qüvvələrimizin mühüm kadr bazası hesab etmək mümkündür. Çünki bu gün ordu quruculuğunda xidmətləri olan təcrübəli hərbi qulluqçularımızın böyük əksəriyyəti məhz bu məktəbin yetirmələridir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov kursantlarla görüşlərinin birində iftixarla qeyd edib ki, Heydər Əliyev kimi məşhur bir dövlət xadiminin yaratdığı məktəbin yetirməsi olduğuna görə daim qürur keçirir.
Ömür yolu və zəngin siyasi fəaliyyəti hər birimizə ən dəyərli örnək olan Ulu Öndərin siyasi kursu hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident çıxışlarının birində ordu quruculuğunun onun siyasi kursunda prioritet olduğunu vurğulayaraq deyib: "Orduya diqqət Azərbaycan dövlətinin prioritetidir. Mən çox şadam ki, cəmiyyət də bu təşəbbüsləri alqışlayır. Bizim ordumuz bizim qürurumuzdur. Bizim ordumuz müstəqilliyimizi şərtləndirən amildir. Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq, bu diqqəti göstərəcəyik". Əslində, son illər Silahlı Qüvvələrimizin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər də ordumuzun dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu deməyə əsas verir. Hazırda hərbi hissələrimizdə müasir sosial şərait yaradılıb ki, bu da cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır və xalq-ordu birliyini daha da möhkəmləndirir. Dəfələrlə Müdafiə nazirimiz qeyd edib ki, orduda qazanılan uğurların özəyində dövlətin və xalqın hərtərəfli qayğısı dayanır.
İnternet resurslarının birində aparılan sorğuya görə, Müdafiə Nazirliyi işgüzarlığına görə digər dövlət qurumları arasında ən yüksək reytinqi qazanmışdı. Bu faktla rastlaşanda qeyri-ixtiyari qürur yaşadım, çünki  uzun müddətdir ki, ordu mənsubları arasındayam. Doğrudan da, hərbi hissələrimizdə son bir neçə ildə Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı islahatlar, görülən tədbirlər öz bəhrəsini verib. Bu gün Azərbaycan Ordusunun adı güclü ordular sırasında çəkilir. Buna zəmin yaradan başlıca səbəblərdən biri də ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadiyyatı güclü olan dövlətin ordusu da güclüdür.
Son illər Müdafiə Nazirliyində çox dəyərli bir ənənə formalaşıb. Nazirliyin rəhbərliyi mütəmadi olaraq bayram günlərini ön xətdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə birgə keçirir. Nazir əsgərlə bir süfrədə əyləşir, əsgərlə duz-çörək kəsir. Bu, adi bir hadisə deyil, şəxsi heyətin ruh yüksəkliyində belə tədbirlərin əhəmiyyəti böyükdür. Döyüş növbətçiliyində dayanan əsgərlərlə nazirin səmimi söhbəti, şübhəsiz, şəxsi heyətə güclü inam və etibar hissi aşılayır.
Düşmənlə təmas xəttində xidmət edən bir qrup əsgərlə söhbətləşəndə bir çavuş qolundakı saatı göstərib iftixarla qeyd etdi ki, bu hədiyyə Müdafiə naziri tərəfindən ona verilib. İnanın ki, həmin anda çavuşun yaşadığı fərəhi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Onun sevincdən gözləri yaşarmışdı, deyirdi ki, istənilən an  düşmən üzərində qələbə qazanmağa hazırdır.
Yeri gəlmişkən, ordu quruculuğunda genişmiqyaslı təlimlərin də əhəmiyyətini qeyd etmək istərdim. Ali Baş Komandanın tapşırığı və Müdafiə Nazirliyi rəhbərliyinin təşkilatçılığı ilə müntəzəm keçirilən belə tədbirlər də şəxsi heyətin döyüş ruhunun yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Təlimlər döyüş şəraitinə uyğun keçirildiyi üçün əsgər və zabitlər özlərini  müharibə meydanında olduğu kimi hiss edirlər. Bu təlimlər, həmçinin bütün qoşun növlərinin peşəkarlıq səviyyəsinin artırılmasına zəmin yaradır. Müdafiə naziri şəxsən belə təlimlərdə iştirak edir, vacib tapşırıq və tövsiyələrini verir, fərqlənənləri yerindəcə mükafatlandırır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ordunun komandir və zabit heyəti ilə keçirilən müşavirələrdə daim bir məsələni qabardır ki, ön xətdə xidmət edən səxsi heyətin qayğılarına ciddi fikir verilməlidir. Nazirə görə, döyüş növbətçiliyi keçirən əsgər cəmiyyətdə böyük hörmətə və diqqətə layiqdir, çünki ona Vətənimizin qorunması kimi ən müqəddəs vəzifə etibar olunub.
Ordu quruculuğunda son illər həyata keçirilmiş hər bir islahat ölkəmizin hərbi qüdrətinin güclənməsinə dəyərli töhfədir. Vacib döyüş ixtisaslarında peşəkar hərbi qulluqçulara üstünlük verilməsi, təcrübəli gənclərin yenidən hərbi qulluğa cəlb edilməsi nəticə etibarilə ordunun döyüş qabiliyyətinin güclənməsinə təkan verir. 2016-cı ilin aprelində bu vacib islahatların nə qədər gərəkli olduğunu dərindən başa düşdük. Peşəkar hərbçilərimiz onlara həvalə edilən müasir silah və texnikaların köməyi ilə düşmən üzərində hərbi üstünlüyü təmin edərək xalqımıza qələbənin sevincini yaşatdılar.
Azərbaycan Ordusunda şəxsi heyətin döyüş ruhunun yüksəldilməsində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bölgələrimzdə təşkil edilən vətənpərvərlik tədbirlərinin də rolunu qeyd etmək yerinə düşərdi. Belə tədbirlərdə hərbi qulluqçuların, əsgərlərin iştirakı onlara ruh yüksəkliyi, Vətənimizə, xalqımıza sədaqət hissləri aşılayır. Bu il aprel zəfərinin ildönümü münasibətilə ölkəmizin müxtəlif bölgələrində, həmçinin hərbi hissələrimizdə izdihamlı tədbirlər keçirildi, aprel qəhrəmanlığının gənc nəslə təbliğ edilməsi məqsədi ilə şəhid ailələri və müharibə veteranlarıyla görüşlər təşkil edildi.  Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən keçirilən belə tədbirlərə ictimaiyyətin nümayəndələri, qazilər, ziyalılar, tələbə və məktəblilər də böyük həvəslə qatılırlar. Döyüş təcrübəsi olan insanlar səngərlərə yola düşərək torpaqlarımızın müdafiəsində dayanan gənclərlə öz tövsiyələrini, arzularını, xatirələrini bölüşürlər. Belə görüşlər əsgərlər tərəfindən maraqla qarşılanır və onların həyatında unudulmaz hadisəyə çevrilir.
Ötən ilin aprel savaşı Azərbaycanda xalq-ordu birliyinin də  sarsılmaz olduğunu təsdiqlədi. Bu cəhətdən cəmiyyətimizə dəyərli örnək olan hadisələrdən Prezidentin xanımı ilə artilleriya hücumlarına məruz qalan cəbhə bölgəsinə səfərini xatırlatmaq çox düzgün olardı. Dövlət başçısı ev-eşikləri düşmən tərəfindən dağıdılmış adamlarla səmimi ünsiyyət yaratdı, onlara çətin və təhlükəli mövqelərdə yaşadıqlarına görə minnətdarlığını bildirdi. Qeyd etmək lazımdır ki, Prezidentin həmin görüşlərin birində dediyi "Xalq öz ordusuna, əsgərinə güvənir" fikri, əslində, orduya verilən böyük qiymət olaraq hərbçilərimizə xoş ovqat, yeni ruh aşıladı.
Bu gün səngərdə döyüş növbətçiliyi keçirən Azərbaycan əsgəri dövlətin, xalqın və ordu rəhbərliyinin etimadını layiqincə doğrultmağa tam hazırdır.

Arif PƏNAHOV, fotolar "Azərbaycan Ordusu"nun arxivindən