Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2017 10:07

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

Mövzu: Hərbi quruculuq və dövlət təhlükəsizliyi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericilik aktları.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, hərbi qanunvericilik və dövlət təhlükəsizliyi ilə əlaqədar qanunvericilik aktlarından istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:
1. Azərbaycan Respublikasının hərbi quruculuq və dövlət təhlükəsizliyi  ilə əlaqədar qəbul edilmiş qanunvericilik aktları.
2. Hərbi qulluqçuların hüquq və vəzifələri.
Azərbaycan Respublikasının hərbi quruculuq və dövlət təhlükəsizliyi ilə əlaqədar qəbul edilmiş qanunvericilik aktları
Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra dövlət qurumlarının, o cümlədən Silahlı Qüvvələrin yaradılması zərurətə çevrildi. Silahlı Qüvvələrin formalaşdırılması üçün isə ilk növbədə hüquqi zəmin yaradılmalı idi.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənələrinin qorunması, Azərbaycanın gələcək rifahı naminə zəruri tədbirlərin həyata keçirilməsi ölkənin  özünəxas imicinin formalaşması üçün vacib və təxirəsalınmaz məsələlərdəndir. Bu siyasət hazırda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu mənada dövlət başçısının hələ 2004-cü il  sentyabrın 17-də imzaladığı 394 nömrəli sərəncam Azərbaycanın milli maraqlarının qorunması baxımından son dərəcə böyük əhəmiyyət daşıyır. Bu sərəncam təhlükəsizliyə qarşı adekvat tədbirlərin həyata keçirilməsi zərurəti ilə bağlı olaraq ölkənin milli  təhlükəsizlik siyasətinin hazırlanması sahəsində mühüm addım oldu. 
Ölkənin milli təhlükəsizlik konsepsiyası dövlətin müstəqilliyi, ərazi bütövlüyü və demokratik inkişaf yolunda həyata keçirilən çoxşaxəli siyasəti özündə ehtiva edən mühüm sənəddir. Bu sənəd Azərbaycan Respublikasında cəmiyyəti, dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş siyasət yanaşmalarının ümumi məcmusudur. Milli təhlükəsizlik konsepsiyasının həyata vəsiqə qazanması  ölkənin Hərbi doktrinasının, xarici siyasət strategiyası, mədəniyyət, elm, təhsil, səhiyyə, nəqliyyat konsepsiyalarının hazırlanmasını da  zərurətə çevirmişdir.   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 23 may tarixli sərəncamı Azərbaycan Respublikasının Hərbi doktrinasının yaradılmasını işçi qrupunun qarşısında  əsas vəzifə kimi qoymuşdur. Dövlətin, cəmiyyətin, o cümlədən bütün vətəndaşların maraqlarını özündə əks etdirən Hərbi doktrina milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmaqla bərabər, həm də hərbi siyasətin əsaslarını müəyyənləşdirən strateji əhəmiyyətli sənəddir və ölkənin müvafiq sahədə təhlükəsizlik prioritetlərinin  müəyyən edilməsində istisnasız rola malikdir. Elə məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cari ilin 18 may tarixində təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunan və iyunun 8-də ölkə parlamentinin təsdiq etdiyi müstəqil Azərbaycanın ilk Hərbi doktrinası təkcə Silahlı Qüvvələrimizin həyatında deyil, ümumiyyətlə, Azərbaycan Respublikasının həyatında tarixi bir hadisədir. Bu sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş Azərbaycan Respublikasının mili təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olmaqla bərabər, ümumiyyətlə, bütövlükdə Azərbaycanın hüquq və mənafelərinin daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirir.
Hal-hazırda Ermənistan "Avropada adi silahlı qüvvələr haqqında" 1990-cı ildə imzalanan müqavilənin müddəalarını pozaraq Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdür. 
Azərbaycanın müdafiə siyasətinin məqsəd və prinsipləri Hərbi doktrinada öz əksini tapıb. Hərbi doktrina Azərbaycan Silahlı Qüvvələrinin vəzifələrini  müəyyənləşdirir.
Bu mühüm sənədin hüquqi bazasını Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları, Milli təhlükəsizlik konsepsiyası, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.
Hərbi doktrina ərazilərimizin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması faktını Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə təhdid kimi xarakterizə edir. Azərbaycan Respublikasının müdafiə siyasətinin beynəlxalq hüququn norma və prinsipləri əsasında formalaşdığı burada xüsusi qeyd olunur.
Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas prinsipləri və hərbi təhlükəsizliyin hərbi-strateji əsasları da əks olunub.
Ermənistan tərəfindən torpaqlarımızın bir hissəsinin işğal altında saxlanması və işğal etdiyi əraziləri könüllü azad etməkdən imtina etməsinə görə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi gücün tətbiq edilməsi hüququnu özündə saxlayır.
Doktrina Silahlı Qüvvələrin istər dinc dövrdə, istərsə də müharibə şəraitində yerinə yetirilməli olduğu vəzifələri də ətraflı şəkildə göstərir. Ermənistan Respublikası ilə mövcud münaqişənin nizama salınması üçün təcavüzkara strateji təzyiqin artırılmasını, ölkə ərazisinə daxil olmuş təcavüzkarın qoşun qruplaşmalarının və onun əməliyyat ehtiyatlarının darmadağın edilməsi üzrə strateji və döyüş əməliyyatlarının aparılmasını və s. müharibə dövründə Silahlı Qüvvələrin əsas vəzifəsi kimi müəyyənləşdirir, təcavüzün dəf edilməsi vəzifələrinin icrasının Azərbaycan Respublikasının qanunvericiliyinə və Ali Baş Komandanın əmr və göstərişlərinə, habelə müvafiq planlara uyğun olaraq həyata keçirilməsini xüsusi vurğulayır.
Hərbi doktrinada Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hazırkı mərhələdə və orta müddətli perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetləri də göstərilib. Bu məsələdə  mürəkkəb və sürətli dəyişən əməliyyat şəraitində müasir müdafiə və hücum əməliyyatlarının aparılması bacarığına yiyələnməyi,  düşmənə qarşı konseptual effektiv və praktiki müqavimət üsullarının işlənib hazırlanması, Silahlı Qüvvələrin əməliyyat qabiliyyətinin və xüsusi informasiya idarəetmə bacarığının inkişafı və s. əsas götürülüb. Hərbi intizamın daim möhkəmləndirilməsi, komplektləşdirilmə sisteminin təkmilləşdirilməsi, hərbi qulluqçuların və mülki işçilərin sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin daim yaxşılaşdırılması da hərbi quruculuğun inkişaf perspektivlərini müəyyənləşdirən amillər kimi dəyərləndirilir.
Azərbaycan Respublikasının keçmiş ali qanunverici orqanı olan Ali Sovet 9 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun qəbul etdi və bununla ordunun yaradılmasının hüquqi təməli qoyuldu. Bu qanun ölkəmizdə hərbi quruculuq prosesinin ilk qanunu idi. Həmin qanunun 1-ci maddəsində Silahlı Qüvvələrin vəzifələri müəyyən olunur və göstərilir ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir".
1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Əsas Qanunu - Konstitusiyasında da Silahlı Qüvvələrlə və Vətəni müdafiə ilə bağlı maddələr öz əksini tapmışdır. Belə ki, 9-cu maddədə Azərbaycan Respublikasının öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaratdığı, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olduğu qeyd edilir. 76-cı maddədə isə Vətəni müdafiənin hər bir vətəndaşın borcu olduğu, onların qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməsi vurğulanır.
1992-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" qanun ən mühüm qanunvericilik sənədlərindən biridir. Bu qanunla Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın, əsgəri vəzifənin əsasları, gənclərin hərbi xidmətə hazırlıq qaydaları, hərbi xidmətə çağırışın qaydaları və şərtləri, hərbi vəzifəlilərin və hərbi çağırışçıların hərbi uçot qaydaları, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən tərxisetmə üzrə buraxılmanın əsasları, həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün kadrlar hazırlamaq və Silahlı Qüvvələrin daimi döyüş və səfərbərlik hazırlığını saxlamaq məsələləri təsbit edilir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Sərhəd Qoşunlarında, Daxili Qoşunlarda və qanunvericiliyə uyğun yaradılmış digər qoşun birləşmələrində hərbi xidmət keçilməsinin qaydasını müəyyən edən "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunu 1992-ci il noyabrın 3-də Milli Məclis tərəfindən qəbul olunmuşdur. Həmin qanuna görə, hərbi qulluqçular və hərbi vəzifəli şəxslər əsgər (matros), çavuş, gizir (miçman) və zabit heyətlərinə, zabit heyəti isə kiçik, baş və ali zabit heyətlərinə bölünür.  Qanunda həqiqi hərbi xidmətin müddəti də aydın şərh edilib. Dinc dövrdə bu müddət ali təhsili olan hərbi qulluqçular üçün 1 il,   əsgər və çavuşlar üçün 1 il 6 ay müəyyən edilir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Prezidentin təsdiq etdiyi Əsasnaməyə uyğun fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır. Eyni zamanda onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsi hazırlığına görə tam məsuliyyət daşıyır.
"Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının qanunu 1994-cü il yanvarın 6-da Milli Məclis tərəfindən qəbul olunmuşdur. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, digər qanunlarına və beynəlxalq öhdəliklərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyətin tətbiq edilməsinin əsaslarını, qaydalarını və hüquqi nəticələrini müəyyənləşdirir.
Hərbi vəziyyət Azərbaycan Respublikasının Prezidenti tərəfindən fərmanla tətbiq edilir. Prezident hərbi vəziyyətin tətbiq edilməsi haqqında fərmanı dərhal Azərbaycan Respublikası Milli Məclisinə təqdim edir və Milli Məclis 24 saat ərzində bu məsələyə dair qərar qəbul edir.
Hərbi qulluqçuların hüquq və vəzifələri
Hərbi qanunvericilik, şübhəsiz ki, həm də vacib tərbiyəedici rola malikdir. Normativ aktlarda hərbi quruculuğun ideya və prinsiplərinin əks olunması, bu normaların həyata keçirilməsinin təmin edilməsi hərbi qulluqçuların dünyagörüşünə, şüuruna və davranışına təsir göstərir, dövlətin müdafiə qüdrətinin gücləndirilməsində, hərbi hissə və gəmilərdə hüquq qaydalarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda hərbi qulluqçuların öz hüquq və vəzifələrini bilməsi, Azərbaycan hərbi qanunvericiliyinin müəyyən etdiyi qaydada xidmət etməsi, təminatlardan yararlanması üçün şərait yaradır. Bu baxımdan 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən qəbul edilmiş "Hərbi qulluqçuların statusu haqqında" qanun xüsusilə diqqəti cəlb edir. Hərbi qulluqçular bu qanunla və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar.
Hərbi xidmətin şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması bu qanunla, digər qanunvericilik aktları və Silahlı Qüvvələrin nizamnamələri ilə müəyyən edilir.
Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar.
Hərbi qanunvericiliyə uyğun olaraq, hərbi qulluqçular Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumağa, Hərbi and içməyə, Azərbaycan qanunlarına əməl etməyə, komandir və rəislərin əmrlərini qeyd-şərtsiz yerinə yetirməyə  borcludurlar.
Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçu eyni zamanda seçkili dövlət orqanlarına seçmək və seçilmək, şəxsiyyət toxunulmazlığı, əmək, pul və maddi təminat, istirahət, təhsil, təklif, ərizə və şikayət hüquqlarına malikdir. Qanunla hərbi qulluqçuların dini əqidə azadlığına təminat verilir.
Eyni zamanda hərbi qulluqçuların mənzillə təmin olunmaq, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, ailələrinin sosial müdafiəsi, pensiya təminatı hüquqları vardır.
Hələ 1992-ci il aprelin 29-da "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanun qəbul edilmişdir. Hərbi qulluqçular bu qanunla müəyyən olunmuş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar.
Bu qanunda göstərilir ki, xidmət müddəti başa çatmış, eləcə də nəzərdə tutulan şəraitdə əlil olmuş hərbi qulluqçular əlilliyə görə pensiya almaq hüququna malikdirlər. Hərbi qulluqçular həlak olduqda və ya vəfat etdikdə ailələri ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdirlər.
Qanunda xüsusilə qeyd edilir ki, dolanacaq xərcləri dəyişdikdə pensiya məbləğlərinin də müntəzəm surətdə dəyişdirilməsi yolu ilə pensiyaçıların sosial müdafiəsi təmin ediləcəkdir. Hərbi qulluqçuların hüquq və vəzifələri eyni zamanda Silahlı Qüvvələrin nizamnamələrində öz əksini tapmışdır.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi