Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Oktyabr 2017 10:28

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: Müstəqillik tariximiz. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında tarixi materiallardan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.
2. Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu.
3. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət
Azərbaycan müstəqillikdən əvvəl Rusiya imperiyasının tərkibində idi. Rusiyanın 1914-cü ildə I Dünya müharibəsinə qoşulması nəticəsində ölkədə yaranan ağır iqtisadi vəziyyətdən, cəbhədəki uğursuzluqlardan məharətlə istifadə edən bolşeviklər xalq kütlələrini çar hakimiyyəti əleyhinə qaldırmağa müvəffəq oldular. 1917-ci ilin fevral inqilabının siyasi həyata gətirdiyi canlanma nəticəsində Azərbaycanın müxtəlif şəhərlərində müsəlman milli şuraları yaradıldı. Bu şuralar öz fəaliyyətlərini milli məqsədlər istiqamətində qurmağa çalışırdılar. Onların arasında ən güclüsü və nüfuzlusu Bakı Müsəlman İctimai Təşkilatları Şurası idi. Bu şuranın tərkibinə Azərbaycan milli-azadlıq hərəkatının liderləri olan Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Mehdi bəy Hacinski kimi ziyalılar daxil idilər. Özünün ümummilli xətti ilə xalqın rəğbətini qazanan şura Bakıda siyasi üstünlüyə malik idi.
Milli hərəkat fəallarının xalqın milli hüquqlarının təmin edilməsi yolunda irəli sürdükləri tələblər cəmiyyətdə əməli surətdə müdafiə olunurdu. Bu tələblər yalnız xalqın ağır yaşayışından doğan cari problemlərin həllinə deyil, eyni zamanda ümummilli mənafeləri əks etdirən strateji vəzifələrin həllinə doğru istiqamətləndirilmişdi.
Rusiyada 1917-ci il oktyabr silahlı üsyanından sonra Zaqafqaziya Xüsusi Komitəsi öz fəaliyyətini dayandırdı və noyabrın 11-də Zaqafqaziyada hakimiyyəti öz üzərinə götürəcək müvəqqəti orqan kimi Zaqafqaziya Komissarlığı yaradıldı. Komissarlığın tərkibinə Azərbaycandan Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov və Xəlil bəy Xasməmmədov təyin edilmişdilər.
Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu
1918-ci il mayın 27-də Tiflisdə canişin sarayında Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Milli şurası yaradıldı və şura Azərbaycanın idarə olunmasını öz üzərinə götürdü. Mayın 28-də M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın ilk iclası oldu. İclasda Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul edildi və "İstiqlal bəyannaməsi"nin mətni təsdiqləndi. İstiqlal bəyannaməsində göstərilirdi ki:
1. Azərbaycan suveren dövlətdir, Azərbaycan xalqının hakimiyyəti altına Zaqafqaziyanın cənub və şərq hissələri daxildir.
2. Müstəqil Azərbaycan dövlətinin hökumət forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti hamı ilə, xüsusən də qonşu millətlər və dövlətlərlə dostluq əlaqələri yaratmaq niyyətindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti etnik mənşəyindən, dilindən, sinfindən, peşəsindən, cinsindən asılı olmayaraq, sərhədləri daxilində bütün vətəndaşlara tam mülki və siyasi hüquqlar üçün təminat verir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində məskunlaşmış bütün millətlərin azad inkişafını təmin edir.
6. Azərbaycan Müəssislər Məclisi çağırılana qədər Azərbaycan üzərində ali hakimiyyət hamı tərəfindən seçilmiş Milli Şura və bu şura qarşısında cavabdeh olan hökumət tərəfindən həyata keçirilir.
Milli Şuranın 28 may tarixli iclasında Azərbaycan Xalq Cümhuriyyəti ilk hökumətinin təşkil edilməsi Fətəli xan Xoyskiyə tapşırıldı. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibi müəyyənləşdirildi. İlk hökumətin tərkibində hərbi nazir vəzifəsi Xosrov bəy Sultanova həvalə olunmuşdu.
Qatı millətçi Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin ixtiyarında olan, əsasən erməni və ruslardan təşkil olunmuş 18 minlik hərbi qüvvə iyunun 10-da Gəncə istiqamətində yürüşə başladı. Qafqaz İslam Ordusu və Azərbaycan Ordusunun hissələri Göyçay ətrafında bolşevik-daşnak qüvvələrini darmadağın edərək, Bakı istiqamətində azadlıq yürüşünə başladılar. İyulun 20-də mühüm strateji məntəqə olan Şamaxı azad edildi. Sentyabrın 15-də Azərbaycan hərbi hissələri və türk qoşunları Bakı üzərinə hücum edərək şəhəri azad etdilər. Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü.
Lakin Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox I Dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. Azərbaycan öz mənafeyi naminə Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin Türkiyə ilə Antanta dövlətləri (Fransa, İngiltərə və ABŞ) arasında 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə görə, məğlub sayılan Türkiyə qoşunlarını Azərbaycandan çıxarmalı, Antanta qüvvələrinin Bakıya gəlməsinə mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi.
Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil oldular. Bakıda ingilis general-qubernatorluğu yaradıldı. İngilis qoşunlarının komandanı general Tomson Azərbaycanın müstəqilliyini tanımaq haqqında bəyanat verməkdən imtina etsə də, Azərbaycanın Paris Sülh Konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə öz üzərinə öhdəliklər götürdü.
1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğu ləğv edildi, ingilislər Paris Sülh Konfransının şərtlərinə uyğun olaraq Qafqazı tərk etməyə başladılar.
1920-ci il yanvarın 11-də Paris Sülh Konfransı Azərbaycanın istiqlaliyyətinin tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qısa bir müddətdə normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə diplomatik əlaqələr qurmağa nail oldu. Yeni yaranmış dövlət fəaliyyəti dövründə "türkləşmək, islamlaşmaq və müasirləşmək" ideyası uğrunda mübarizə aparırdı.
Hökumətin Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzalandı. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq Dövlət Bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan bayraqla əvəz olundu.
1918-ci il avqustun 11-də ümumi hərbi səfərbərlik elan olundu və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Nazirlər Şurasının qərarına uyğun olaraq 1918-ci il noyabrın 7-də Hərbi Nazirlik təsis edildi. 1920-ci ilin yanvarına artıq 30 min nəfər piyada və 10 min nəfər süvaridən ibarət ordu yaradılmışdı.
Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində
SSRİ-nin süqutundan sonra beynəlxalq aləmə tam müstəqil bir faktor kimi inteqrasiya etməyə başlayan gənc dövlətlərdən biri də Azərbaycan Respublikası idi. Ölkəmizin olduqca əlverişli geosiyasi məkanda, həm də dünyanın super güclərinin barışmaz maraqlarının kəsişdiyi regionda yerləşməsi milli dövlətçilik prinsiplərinə, müstəqilliyin və suverenliyin qorunmasına xidmət edəcək dayanıqlı xarici siyasi strategiyanın hazırlanmasını və tətbiqini tələb edirdi.
Qeyd edək ki, o dövrdə ölkəmizin müasir beynəlxalq münasibətlərin önəmli iştirakçısına çevrilməsi prosesi olduqca gərgin olub. Məhz ümummilli lider Heydər Əliyevin böyük səyi, müdrikliyi sayəsində Azərbaycan beynəlxalq ictimaiyyətlə uğurlu ünsiyyət quraraq, milli maraqlarının təmin edilməsində əhəmiyyətli addımlar ata bildi. Müstəqil Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolunun araşdırılması üçün ölkəmizin beynəlxalq aləmlə ilkin əlaqələr qurduğu şəraitə nəzər salmalıyıq. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəaliyyətə başlamasının əsası İstanbul konfransında (1918-ci il) qoyulub. Lakin 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini dünya ictimaiyyətinin qəbul etməsi prosesi həm də şimal, cənub, qərbdən ölkənin milli təhlükəsizliyinə qarşı ciddi təhdidlərlə müşayiət edilirdi. Gənc respublikanın dövlətlərarası münasibətlərə daxil olması olduqca çətin idi. Bunu Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında məlumatın Türkiyənin səfirlikləri tərəfindən dünya ictimaiyyətinə çatdırılması da sübut edir.
Göründüyü kimi, tariximizin təxminən son 100 ili sübut edir ki, tamam fərqli siyasi reallıqlardan söhbət getməsinə baxmayaraq, AXC dövrü ilə 1991-ci ildə ikinci dəfə qazanılan müstəqillik dövrünün ilk illərindəki oxşar məqamlar çox olub. Belə ki, yenə də Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində regionda dünyanın böyük dövlətlərinin barışmaz maraqlarının toqquşması, milli təhlükəsizliyimiz üçün ciddi təhdid olan erməni təcavüzü, daxili siyasi vəziyyətin olduqca gərgin olması, 1991-1992-ci illərdə müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının qeyri-müəyyənliyi müşahidə olunurdu.  
Yalnız 1993-cü ildən başlayaraq, yəni, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda milli maraqların təmin olunmasına, beynəlxalq aləmlə sıx inteqrasiyaya istiqamətlənən xarici siyasi strategiya formalaşmağa başlandı. Özünün ilk andiçmə mərasimində (1993-cü il, 10 oktyabr) ümummilli lider Heydər Əliyev deyib: "...Bizim xarici siyasətimiz, birinci növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrlə Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmlətməkdən ibarətdir".
Lakin həmin dövrün siyasi reallıqları fonunda buna birdən-birə nail olmaq qeyri-mümkün idi. İlk olaraq beynəlxalq ictimaiyyəti Azərbaycan Respublikası ilə qarşılıqlı əməkdaşlığa sövq etməli və onları bu əlaqələrin faydalı olacağına inandırmaq lazım idi. Yalnız bundan sonra milli maraqlarımızı regionda maraqları toqquşan dövlətlərin mənafeləri ilə uzlaşdırmaq, təhlükəsizliyimizə beynəlxalq təminat almaq üçün addımlar ataraq müsbət nəticələr əldə etmək olardı. Həmin səbəbdən ümummilli lider Heydər Əliyev konkret dövlətlərin regionda hansı maraqlara malik olması və bu maraqların onlar üçün hansı səviyyədə əhəmiyyətli olmasını dərindən təhlil etdi.
Həmin dövrdə Azərbaycan Respublikası Rusiya ilə bərabərhüquqlu qarşılıqlı əlaqələr yaratmaqla yanaşı, Rusiyanın ölkəmizə olan təzyiqlərini neytrallaşdırmaq üçün digər strategiyalardan da yararlandı. Sonrakı addım Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunması üçün təsirli tədbirlərin həyata keçirilməsi oldu.
Məlumdur ki, Azərbaycan Respublikasının xarici siyasi kursunda Türkiyənin xüsusi yeri var. Artıq bu gün Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişaf etdirilərək tamam yeni mərhələyə qədəm qoyub. Göründüyü kimi, ümummilli lider Heydər Əliyev ilk öncə region dövlətləri, sonra isə dünyanın digər nüfuzlu dövlətləri ilə ikitərəfli və çoxtərəfli qarşılıqlı əlaqələr qurmaqla respublikamızın beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutması üçün etibarlı zəmin hazırladı.
NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulması, Avroatlantik Tərəfdaşlıq Şurası və digər vasitələrlə NATO ilə tərəfdaşlıq mexanizmlərindən bəhrələnməsi ölkəmizin nüfuzunu daha da artırdı. Sülhməramlılarımızın Kosovo və Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən əməliyyatlarda, İraqda beynəlxalq koalisiyanın tərkibində səmərəli iştirakı ölkəmizin beynəlxalq aləmdə qəbul edilən rolundan xəbər verir.
Azərbaycan Respublikasının beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində rolunu və yerini dəyərləndirən dünya ictimaiyyəti artıq onu həm də etibarlı tərəfdaş kimi tanıyır. Respublikamızın karbohidrogen strategiyasının mühüm tərkib elementlərindən olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu gün bölgədə əməkdaşlığın, sülhün, təhlükəsizliyin təmin edilməsində xüsusi rol oynayır.  
Hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin beynəlxalq aləmdə milli maraqlarımızın qorunması istiqamətində gördüyü çoxşaxəli işlər, apardığı müstəqil xarici siyasət Azərbaycan Respublikasının nüfuzunun daha da artmasına zəmin yaradıb.
Ölkəmizi dünya birliyinə təqdim edən ümummilli lider Heydər Əliyevin balanslaşdırılmış çoxşaxəli siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş strategiya və gərgin diplomatik səyləri nəticəsində müasir Azərbaycan Respublikası beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrilib. Sürətli iqtisadi inkişaf və dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirməsi isə ölkəmizi regionda lider dövlət və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdıb.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi