Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2017 09:45

Artilleriya bölmələri hazırlıqlarını artırırlar

Müharibə şəraitində yaşayan və erməni işğalına məruz qalan bir ölkənin ordusu ərazi bütövlüyünü bərpa etmək üçün daim döyüşə hazır olmalıdır. Bu səbəbdən də ordumuzun bütün qoşun növlərində tədris dövrünə uyğun bölmələr arasında müsabiqələr keçirilir, ən yüksək nəticələr əldə edən bölmələr komandanlıq tərəfindən qiymətləndirilir. Artilleriya qoşunları arasında bu cür müsabiqələr və heyətlər arasında birincilik uğrunda mübarizələr diqqəti cəlb edir.
Bu günlərdə artilleriya bölməsində özüyeriyən artilleriya qurğusunun, tırtıllı  döyüş texnikalarının ekstremal şəraitdə idarə edilməsinin praktiki məşğələsi keçirildi. Sürücü-mexaniklərin cəlb olunduğu dərsə keçməzdən əvvəl polkovnik-leytenant Gülməmməd Rzayev məşğələyə cəlb olunan hərbi qulluqçulara döyüş zamanı müxtəlif ərazilərdə; meşə, dağlıq, düzəngah və başqa mürəkkəb relyefə malik yerlərdə döyüş maşınlarının idarə edilməsinin xüsusiyyətlərindən danışdı. Əlavə etdi ki, düşməni məhv etmək üçün təkcə tuşlayıcının bacarığı və peşəkarlığı yetərli deyil, özüyeriyən döyüş maşınlarının sürücü-mexaniklərinin fəaliyyəti də önəmlidir. Müntəzəm keçirilən sürücülük məşqləri müsbət nəticələr verir. Məşğələ rəhbəri baş leytenant Asəf Süleymanov həm də bacarıqlı batareya komandiridir. Əvvəlki tədris ilində onun komandiri olduğu bölmə döyüş və ictimai-siyasi hazırlığa görə fərqlənib. Zabit indi də tabeliyində olan sürücü-mexaniklərin bilik və bacarıqlarını artırmaq üçün səylə çalışır. Məşğələ rəhbəri deyir:
- Hazırda sürücü-mexaniklərlə keçirilən çalışma iki mərhələdən ibarətdir. Həm gecə, həm də gündüz vaxtı keçirilən sürücülük məşqləri bizə imkan verir ki, döyüşü istənilən hava şəraitində apara bilək. Gündüz, yaxud gecə vaxtından asılı olmayaraq 4-6 km məsafə qət olunması tələb olunur. Sürücü-mexaniklər çalışmanı qoşunların yerləşməsi üçün xarakterik olan maneələrdən ibarət olan ərazilərdə yerinə yetirir. Onlar həm də 4-5 oriyentirə görə hərəkətini təyin etməlidir. Oriyentirlər elə yerdən seçilir ki, onları maşından yaxşı görmək mümkün olsun. Gecələr işıqlandırıcı nişanlarla qeyd olunur. Eyni xətt üzrə hərəkət etməmək üçün heyətlərə müxtəlif ardıcıllıqlarla oriyentirləri müəyyən etmək tapşırığı da verilir.
...Tırtıllı zirehli texnikalar müəyyən edilmiş vaxtda saxlanc yeri tərk edir. Döyüş maşınları təyin edilmiş ara məsafələri saxlamaqla təlim-toplanış yerinə istiqamət alır. Çox keçmədi ki, döyüş texnikaları meşə zolağının kənarında əvvəlcədən müəyyən edilmiş yerə çatır. İxtisas üzrə yetərincə biliyi və təcrübəsi olan gizir Araz Şirinov və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Bəhram Allahyarov sürücü-mexaniklərə lazımi tövsiyələri verirlər. Sürücü-mexaniklər döyüş maşınının heyəti texnikalarda öz yerlərini tutmaq üçün komanda alırlar. Onlar xüsusi baş geyimlərini başına keçirib bir-biriləri ilə rabitə əlaqəsi qururlar. Çox keçmir ki, zirehli döyüş maşınları bir-bir olduqları yerdən ağır-ağır tərpənib əvvəlcədən müəyyən edilmiş maneələri aşmaq üçün hərəkəti davam etdirirlər.
Sürücü-mexaniklərdən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulardan Pərviz Aslanov, Ceyhun Ramizoğlu, Üzeyir Məmmədli, Bəxtiyar Hüseynov və Rahib Məmmədov fərqlənirlər.

Bəxtiyar ƏLİYEV, "N" hərbi hissəsi