Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2017 09:43

Sülh danışıqları baş tutarsa, milyonlarla insanın həyatı xilas olar

Müharibə şəraitində yaşasaq da, ölkəmiz daim sülhün, əmin-amanlığın tərəfdarı olub. Dünyada sülhü təbliğ və dəstəkləmək üçün respublikamızda bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq üçün Milli Fəaliyyət Proqramına uyğun olaraq məqsədyönlü işlər aparılır. Milli Fəaliyyət Proqramında əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədi ilə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur.
Bununla əlaqədar Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə avqustun 21-dən sentyabrın 21-dək respublikamızda "Sülh aylığı" keçirilir. Geniş maarıfləndirmə işləri aparılır. "Sülh aylığı" çərçivəsində Silahlı Qüvvələrin başqa hərbi hissə və birləşmələrində olduğu kimi, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də maarifləndirici tədbir keçirildi. Hərbi liseyin kitabxanasında baş tutan tədbir kursantların və digər iştirakçılarının böyük marağına səbəb oldu.
Kitabxanada mövzuya uyğun olaraq kitab və jurnallardan ibarət sərgi düzəldilmişdi. Kursantlar kitablarla tanış oldular, maarifləndirici ədəbiyyatla yaxından maraqlandılar. Sonra kitabxananın müdiri Zemfira İsmayılova sülh mövzusundan geniş söhbət açaraq dedi:
- Sülh hamımızın istəyində olduğumuz ən dəyərli bir nemətdir. Bu gün bəşəriyyət sülh şəraitində yaşamağa can atır, insanlar sülh istəyir. Hər birimiz daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusundadır. Təəssüflər olsun ki, qəflətən başlanan qanlı və amansız müharibələr istəklərimizin həyata keçməyinə imkan vermir. Müharibələr sakini olduğumuz dünyaya ağır zərbələr vurur, yeri-göyü yandırır. Ona görə də yer üzündə sülhün qorunması bəşəriyyətin işıqlı gələcəyinə xidmət edir. Amma, təəssüf ki, heç də həmişə sülhü qorumaq mümkün olmur.
Dünyada sülhü qorumaq, əmin-amanlıq yaratmaq üçün BMT 1981-ci il 21 sentyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bütün sülhsevər dövlətlər BMT-nin bu addımını yüksək qiymətləndirərək öz töhfələrini verməyə başladılar. Dünyada sülhü qorumaq üçün dövlətlər insanlara dinclik və əmin-amanlıq gətirən yer üzündə sülhü qorumaq istiqamətində uğurlu addımlar atdılar. Şüurlu surətdə atılmış bu addımlar tez bir zamanda müsbət nəticələr verdi. Amma, təəssüflər olsun ki, sülh naminə aparılan tədbirlər uğurla nəticələnmir. Bu gün Suriyada, İraqda, eləcə də başqa ölkələrdə müharibə ocaqları alovlanır. Əgər müharibələr zamanı sülh danışıqları baş tutarsa, milyonlarla insanın həyatı xilas olar. Bu, isə çox başlıca bir amildir. 
Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü qeyd etməsi isə, təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi ilə müşayiət olunur. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərəsiz başa çatması müharibənin başa çatmasına böyük əngəllər yaradır. Doğma ocaqlarından didərgin düşmüş bir milyondan çox insan 25 ildən çoxdur ki, el-obalarının həsrətini çəkə-çəkə yaşayır.
Bildiyiniz kimi, 12 may 1994-cü ildən münaqişə tərəfləri arasında atəşkəs rejimi elan olunub. Amma Ermənistan daim atəşkəs rejimini pozaraq təsərrüfat işləri ilə məşğul olan dinc insanları hədəf seçirlər. Ermənistan nəinki atəşkəsə əməl etmir, üstəlik, BMT Təhlükəsizlik Şurasının müxtəlif illərdə qəbul etdiyi 4 qətnamənin tələblərini hələ də kobud şəkildə pozur. Bu qətnamələrin qəbul edildiyi vaxtdan 20 ildən çox vaxt keçib. Amma Qarabağ müharibəsinin sülh yolu ilə həll olunması istiqamətində uğurlu bir addım atılmayıb. Hər an müharibə başlaya bilər. Aprel döyüşləri bir daha göstərdi ki, atəşkəs çox kövrəkdir. Təbiidir ki, bütün bunlar beynəlxalq təşkilatların sülhün və təhlükəsizliyin bərpası istiqamətində apardığı işlərə inamı azaldır.
Dünyanın uzaqgörən, müdrik insanları silahla deyil, dillə danışmağa, sülhə  üstünlük veriblər. İnanırıq ki, gec-tez yer üzündə sülh qalib gələcək. Müharibələrə son qoyulacaq, torpaqlar qan çanağında boğulmayacaq, günahsız insanlar silahların hədəflərinə tuş gəlməyəcək, dünyamızda atəş səsləri eşidilməyəcək. Bütün insanlar əmin-amanlıqda yaşayacaqlar. Səmamızda daim sülhün carçıları olan göyərçinlər qanad çalacaq.
Sonra mayor Natiq Rəhimov çıxış edərək sülhün tarixi əhəmiyyətindən ətraflı danışdı. Kursantları maraqlandıran suallara cavab verdi.
Kursantlardan Heybullah Tohumov, Tunar Mayılzadə, Namiq Quliyev, Rəsul Əlili və başqaları ilə görüşüb söhbət etdim. Onlar beynəlxalq mövzuda  belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyətindən söz açdılar.

Vahid MƏHƏRRƏMOV, C.Naxcıvanski adına Hərbi Lisey