Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2017 14:28

Sülhə gəlin, ey insanlar!

Məlum olduğu kimi, 1981-ci ildə BMT tərəfindən təsis edilən Beynəlxalq Sülh Günü ilk mərhələdə sentyabrın üçüncü çərşənbə axşamı qeyd edilirdi, 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnaməyə əsasən, bu əlamətdar gün üçün dəqiq tarix 21 sentyabr seçildi və o vaxtdan hər il mühüm hadisə kimi dünya miqyasında qeyd olunur.
İnsanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran həmin gün BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında quraşdırılan "Sülh zəngi"nin səsləndirilməsi ilə başlayır. Yaponiya parlamentinin bütün dünya xalqlarına hədiyyəsi olan bu zəngin üzərində yazılmış "Yaşasın Mütləq Dünya Sülhü" sözləri sanki bəşəriyyətin qorunması, silahların susdurulması, sakini olduğumuz dünyamızda əmin-amanlığın təminatı üçün həyəcan siqnalıdır. Məhz bu gündə BMT-nin baş katibi Pan Gi Mun həmin zəngi səsləndirərək qan-qada gətirən döyüşləri 24 saat ərzində dayandırmağı, münaqişə və müharibələr zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif edir. Sülhün bərqərar olunmasına yönəlmiş bu çağırış insanlığın missiyası, bəşəri dəyərlərin ən önəmlisidir.
Xalqımızın Beynəlxalq Sülh Gününü qetd etməsi isə, təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. İllərdən bəri müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı olduqca əhəmiyyətlidir.
Sülh tərəfdarı olan Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlıları tərəfindən öldürülən, əlil olan soydaşlarımızın hüquqlarının qorunması üçün beynəlxalq ictimaiyyəti ədalətli olmağa çağırır.
Bu il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində işğalçı ordunun silahlı bölmələrinin açdığı atəş dinc sakinlərin - 1966-cı il təvəllüdlü Sahibə Allahverdiyevanın və onun 18 aylıq nəvəsi Zəhra Quliyevanın həyatına son qoydu. 1965-ci il təvəllüdlü Səlminaz Quliyeva isə ağır yaralandı. Bu qanlı təxribata səbəb olan erməni cəlladları anındaca cavablarını aldılar. Prezident, Ali Baş Komandan   İlham Əliyevin söylədiyi kimi, bu cinayət cavabsız qalmadı. "Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq. Nəyə hesablanmışdır, bu cinayət? İlk növbədə bu, Ermənistan siyasi rəhbərliyinin xislətini göstərir. Xocalı qatilindən, uşaq, qadın qatilindən başqa bir şey gözləmək mümkün deyil. Bu, erməni faşizmidir, bütün dünya da bunu belə qəbul etməlidir...”
Bununla da Ermənistan ordusu mülki əhalini qətlə yetirməklə insanlıq əleyhinə təkrar cinayət törətdi. Azərbaycan torpaqlarını işğal edən erməni faşistlərinin ötən əsrin əvvəllərində və sonlarında öz çirkin niyyətlərini həyata keçirmək üçün insanlığa yaraşmayan cinayətlərə imza atdıqlarını bütün dünya bilir...
Erməni qaniçənləri təcavüzkar niyyətlərini həyata keçirmək naminə xalqımıza qarşı soyqırımı cinayətləri törətməkdən və hətta yer üzünün ən sevimli varlıqları olan uşaqların qatili olmaqdan belə çəkinməyiblər. On minlərlə soydaşlarımızın qanına bais olan erməni daşnakları, hətta ana bətnindəki körpəyə də amansız olublar. Körpəni anasının gözü qarşısında süngüyə keçiriblər. Budur, erməni faşizminin iç üzü.
Bəşəriyyəti uşaqlarsız təsəvvür etmək nə qədər çətindir. Onlar dünyamızın ən böyük səadətidir. Körpə gülüşü, körpə qığıltısı bizə bəxş edilən nəhayətsiz sevincdir, bəxtəvərlikdir. Axı onlarsız həyatımızın sevinci, ümumiyyətlə, insanlığın gələcəyi yoxdur. Dünyanın yarandığı gündən ən məsum, günahsız varlıqları məhz uşaqlar olub. Ailələrdə eşidilən körpə qığıltısı xoşbəxtliyin timsalı deyilmi? Dünyamızın sülh rəmzi olan uşaqlara uzanan qanlı əllər kəsilsin!
Balaca Farizi, Aygünü, körpə Zəhranı qətlə yetirən əli qanlı erməni faşizmidir, erməni terrorizmidir. Lənətə gəlmiş bu insan qatilləri məsum körpələri qətlə yetirməklə insanlığa, təkcə insanlığa deyil, Uca Yaradana üz çevirirlər.
Hazırda Şərq ölkələrində baş verən münaqişələr, müharibələr nəticəsində yaranan qaçqın axını üçün bir günlük də olsa sülh nə qədər önəmlidirsə, bu dəhşəti insanlara yaşadanlar üçün bir o qədər əhəmiyyətsizdir. İraq, Suriya, Livan, Liviya, Misir, Əfqanıstan, Pakistan, Kəşmir, Türkiyə... terrorun baş alıb getdiyi, əhalisi əsasən müsəlmanlardan ibarət olan bu ölkələrdə sülhün, əmin-amanlığın bərpası üçün on illər lazım gələcək.
Hərbi silah və sursatdan istifadə nəticəsində ekoloji tarazlığın pozulması, dağılan şəhərlərin infrastrukturunun yararsız hala düşməsi, flora və faunanın nadir nümunələrinin kökünün kəsilməsi, həyat mənbəyi olan yaşıllıqların məhv edilməsi... bütün bunlar birbaşa və dolayısı ilə sülhün təminatı ilə bağlı olan amillərdir.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"