Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2017 09:59

Hərbi jurnalist olacaqlar

Azərbaycanda hərbi jurnalistikanın tarixi Cümhuriyyət dövründən başlanır. "Savadlı qırmızı əsgər" qəzeti, "Qırmızı əsgər" və "Hərbi bilik" jurnalları bu sahədə ilk nəşrlərdir. Doğrudur, "Savadlı qızıl əsgər"in 14, "Qırmızı əsgər"in 16, "Hərbi bilik" jurnalının 10 sayı nəşr edilib, ancaq bu nəşrlər təsdiqləyir ki, Azərbaycanda hərbi mətbuatın kifayət qədər etibarlı bazası olub.
II Dünya müharibəsində digər dillərdə olduğu kimi, Azərbaycan dilində də cəbhə qəzetləri nəşr edilib. Bu qəzetlərdə nəşr olunan informasiyalar, məqalələr, oçerklər, reportajlar müharibə tarixidir. Mətbu söz tarixi həmişə yaşadıb. Bütün dövrlərdə hərbi mövzuda yazan jurnalistlərə hərbi jurnalist deyə bilərik. Digər jurnalistlərdən fərqli olaraq onlar həm hərbi işə yaxından bələd olub (əksər hallarda bu vacib missiyanı zabit kimi yerinə yetirib), həm də məntiqi təfəkkürü ilə, sözün (mətbu sözün) gücünə. Bu baxımdan tam artilleriya generalı Əliağa Şıxlınskiyə qüdrətli qələmə malik olan hərbi jurnalist deyə bilərik.
Sovet dövründə azərbaycanlılar hərbi jurnalist kimi də xidmət edib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində jurnalist kadrları hazırlanmır. Belə kadrlar mülkidən çağırılır. Hərbi jurnalist kadrların hazırlanması zərurəti baxımından Heydər  Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantlardan iki nəfəri seçilərək, Rusiya Federasiyasında hərbi jurnalist ixtisası üzrə ali hərbi təhsil almağa göndərildi. İndi onlar ikinci kursda oxuyurlar və mötəbər ali hərbi təhsil ocağında Azərbaycanı təmsil etdiklərindən qürur duyurlar. Onların məktublarını dərc edirik.
"Azərbaycan Ordusu"
Mən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunuyam. Hərbi liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldum.
Təhsil aldığımız ali hərbi məktəbdə dərslər, çöl çıxışları, müəllimlərin, zabitlərin rəftarı və s. yüksək səviyyədədir. Bir il ərzində müəllimlərimizdən lazımi biliklər aldıq. Yataqxanada digər millətlərin nümayəndələri ilə səmimi münasibətlərimiz var. Azərbaycanın Rusiya Federasiyasındakı hərbi attaşeliyi ilə tez-tez əlaqə saxlayırıq. Hərbi attaşeliyin əməkdaşları bizimlə müntəzəm maraqlanırlar.
Sərbəst vaxtımız da çox olur. Biz bundan səmərəli istifadə edirik. Müxtəlif konfranslara qatılırıq. Nekrasov adına kitabxanaya üzv olmuşuq, oradan maraqlı kitabları alıb, oxuyuruq. Bu, rus dilini mükəmməl mənimsəməyimizə kömək edir.
Jurnalistika dərslərindən birində müəllim bizi "Krasnaya Zvezda" qəzetinin nəşriyyatına apardı. Maraqlı idi, qəzet necə yaranır, hansı mərhələlərdən ibarətdir, bu mərhələlər necə icra edilir kimi məlumatlara yiyələndik.
Biz Azərbaycana adına layiq şəkildə nüfuz qazandırmağa çalışırıq.
Kursant İbrahim MƏMMƏDBƏYOV
Mən kursantam. Hərbi jurnalist olacam. Rusiya Federasiyasında təhsil alıram. Sevinirəm ki, Müdafiə Nazirliyi mənə belə bir etimad göstərdi.
Jurnalistika yaradıcılıqdır. Həm də olduqca məsuliyyətli yaradıcılıqdır. Xidmət etdiyin hərbi qəzetin, jurnalın oxucularını qane edən məqalələr yazmalısan. Bunun üçün kifayət qədər peşə hazırlığın olmalıdır, hərbi qanunvericiliyə yaxından bələd olmalısan. Həm də xalqının tarixini, bu baxımdan hərb tarixini də yaxşı bilməlisən. İki nəfərik - mən və İbrahim. İkimiz də dediklərimizi unutmuruq.
İndi ikinci kursun kursantıyıq. Bizi doğma Azərbaycanımıza təcrübəyə göndərdilər. Təcrübəmizin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Biz Mətbuat Xidmətində, "Azərbaycan Ordusu" qəzetində, Sənədli və Tədris filmləri kinostudiyasında, Hərbi Nəşriyyatda olduq, onların işi ilə, ümumən hərbi jurnalistikanın təcrübi mərhələsi ilə yaxından tanış olduq.
Təhsilimizi başa vurduqdan sonra Azərbaycanda hərbi jurnalistika istiqamətində xidmət edəcəyimiz illərin qürurunu indidən yaşayırıq.
Kursant Əli ABIYEV