Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2017 09:57

Səni yaşadıram özümdə, Vətən!

Müəllim - zülməti işıqlandıran nur, cəhaləti elmin qılıncı ilə məhv edən, insanlara elm öyrədə-öyrədə həyatını şam kimi əridən şəxsiyyətdir.
Minlərlə şagirdin, tələbənin hörmət və rəğbətini qazanmaq, onların yaddaşlarında hər zaman xatırlanmaq asan deyil. Cəmiyyətimizdə kifayət qədər nüfuza malik olan müəllimlərdən biri də Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədlidir.
Bu günlərdə ordu şəraitində jurnalistlərin təlimində onu daha dərindən tanıdım.  Müharibə şəraitində ən təhlükəli peşələrdən biri jurnalistikadır. "Çünki onlar hər zaman ön xətdə döyüşçülərlə bir yerdə olmağa can atırlar. Jurnalist informasiyanı ən qaynar nöqtədən isti-isti əldə etməyə çalışır. Ancaq bu o qədər də asan başa gəlmir. Burada birinci məsələ sağ qalmağı bacarmaqdır”.
Professor onu da qeyd etdi ki, jurnalistika həm peşə, həm də elmdir. - Jurnalistlər praktik olaraq kütləvi informasiya vasitələrində çalışan, onları idarə edən, cari və gələcək problemlərini müəyyənləşdirib aradan qaldırmağı bacaran yaradıcı şəxslərdir - deyə o, bildirdi. Jurnalistika elmi KİV-in tarixini, təcrübəsini öyrənib nəzəri müddəalar irəli sürən, medianın hər bir dövrə aid funksiyalarını müəyyənləşdirən, bu funksiyaların uğurla gerçəkləşdirilməsi üçün tövsiyələr hazırlayan zehni fəaliyyət sahəsidir. Praktik jurnalistlər hazırlanmış nəzəriyyələri bilməli və gündəlik işlərində tətbiq etməyi bacarmalıdırlar: “Bəzən görürsən hay-küylə, pafosla deyirlər ki, Vətən sənə canım fəda. Sənin yolunda ölməyə hazıram. Yadınızda qalsın, ölümünüzlə Vətənə nəsə verirsinizsə, ölmək olar. Sağ qalıb Vətənə xidmət etmək daha məqsədəuyğundur".
Həmkarlarım hörmətli professordan ayrılmaq istəmirdilər. Ancaq hər bir işin əvvəli olduğu kimi sonu da olur. Bir neçə saatdan sonra professor Nəsir Əhmədlini yola salırıq.
Növbəti gün yolumuz təbiət qoynunadır. Bura Azərbaycanın gözəllik mücəssiməsinin bir hissəsidir. Avtobus irəlilədikcə dağlarla yaşıllığın təmasından ayrılmaq istəmirəm. Gözlərim önündə canlanan mənzərə ruhumu oxşayır. Bulaqların zümzüməsi, dağın vüqarlı duruşu, yamyaşıl meşənin gözəlliyi, havanın təmizliyi, təbiətdən gələnruhumu oxşayan səslər kəlmələrlə ifadə ediləcək bir zövq deyil. Bütün bu ecazkar mənzərələr insanın həyat eşqini artırır.  Düşünürəm ki, insanın mənəvi azadlığının sirri elə təbiət qoynunda gizlənir.
Avtobusdan düşüb müəyyən bir məsafə qət etmişdik ki, qarşımızda partlayış səsi eşitdik, kəşfiyyat bölüyünün əsgərləri ağacların arxasından üzərimizə atıldı və atəş açmağa başladı. Günümüzün belə başlanğıcı sübut etdi ki, nəzərdə tutulan dönəmdə bizi daha çox sürpriz gözləyir. Nəzərdə tutulan əraziyə çatırıq. Əvvəlcədən bir neçə qrupa bölünürük. Birinci qrup nahar üçün hazırlıqlara başlayır. İkinci qrup ərazinin kəşfiyyatına göndərilir. Gizli şəkildə əldə etdiyimiz məlumatlardan bilirik ki, həm etibarlı şəkildə qorunuruq, həm də qeyd etdiyim kimi sürprizlərə hazır olmalıyıq. Üçüncü qrup isə çadırlarımızın qurulması ilə məşğul olur.
Nəhayət, bütün işlərimizi yekunlaşdırıb dincəlirik. Daha sonra dağ ərazisində məhdud şəraitdə sağ qalmağın yolları, ərazidə səmtləşmənin mahiyyəti və üsulları, oriyentirlərin seçilməsi, döyüş şəraitində səmtlər haqda məlumatlar əldə edirik. Ərazidə məsafələrin ölçülməsi haqda söhbət aparıldı. Azimutla hərəkət etmənin təşkili ardıcıllığı barədə danışıldı. Ərazidə kəşfiyyat və diversiya qrupları ilə rastlaşma haqda nəzəri biliklər də aşılandı.
Həmkarlarım kəşfiyyatçıların bu gecə bizlərə maraqlı sürprizlər yaşadacaqlarını eşitdiklərindən döyüş növbətçiliyinin bölgüsünü apardılar. Məsələnin maraqlı tərəfi bölgünün aparılması deyil, gecə növbətçiliyinin necə aparılması idi. Təcrübəsizlikdən irəli gələn maraqlı məqamlar yaşadıq. Səs, hay-küy, ətrafın müşahidəsi zamanı gələn istənilən səsə çılğın reaksiya səhərə qədər kəsilmədi. Səhər açıldı və həmin gün media nümayəndələrinə ovalıq relyefdə səngərə - təhlükəli zonaya getmə üsulları, ərazinin taktiki xüsusiyyətləri öyrədildi. Həmçinin ön səngərdə ərazinin taktiki xüsusiyyətləri, təbii (meşələr, çaylar, göllər) qurğuların məsafəyə görə ölçülməsi, ərazinin topoqrafik elementləri, ərazidən keçilmə imkanı, ərazinin qoruyucu, müşahidə şəraiti, maskalayıcı vasitələrin, mühəndis təchizatı şəraiti, ilin fəsillərinə görə ərazinin taktiki xüsusiyyətləri, məsafənin müşahidə və s. üsulla ölçülməsi, gözəyarı məsafə təyinində tətbiq olunan üsullar, səsin yayılma sürətinə görə, dinləmə yolu ilə məsafənin təyin olunması, qət ediləcək məsafədə qarşılaşa biləcəyimiz problemlərdən qorunma halları başa salındı.
Sonradan heyət 5 nəfər olmaq şərtilə 3 qrupa bölündü. Hər bir qrupa ümumu əməliyyata nəzarət etmək məqsədilə kəşfiyyat bölüyündən bir nəfər ayrıldı və ayrıca tapşırıqlar qoyuldu. Qruplar azimut bucağını nəzərə alaraq, kompasla hərəkətə başladı. Şərti nöqtələrə çatan həmkarlarım həmin nöqtədə tapdıqları cəhətlərə əsasən növbəti istiqamatə yönəlirdilər. Bütün maneələri keçdikdən sonra geri qayıdan 3-cü qrupun heyətindən 2 nəfər kəşfiyyatçıların pusqusuna düşdü. Birinci qrup da tapşırığı tam yerinə yetirə bilmədi. İkinci qrup maneələri dəf etmək, bütün nöqtələri aşkar etmək, pusquya düşmədən geri qayıtmaq tapşırıqlarını layiqincə yerinə yetirdi. 
Bundan başqa jurnalistlərə dağ şəraitində kəşfiyyat təlimləri keçirildi. Daha sonra həyatda sağ qala bilmənin qaydaları, əlaltı vasitələrdən istifadə edərək kompasın düzəldilməsi, ərazidə qida əldə etmək üçün qurulan tələlər, suyun əldə edilməsi, əlaltı vasitələrdən istifadə edərək ocaq əldə etməyin qaydası öyrədildi.
İştirakçıların meşə zonasına aparılmasında əsas məqsəd ekstremal şəraitdə peşə fəaliyyətini həyata keçirmək və cəmiyyəti informasiya ilə təmin etmək qabiliyyətini müəyyən etmək idi.
Meşə təlimləri sona çatdıqdan sonra hərbi hissəyə qayıdırıq. Axşam ümumi yekun yığıncaq keçirildi. Təlimlərin ikinci mərhələsinin başa çatdığı elan edildi. Layihənin rəhbəri Əlisəfa Mehdiyev qeyd etdi ki, üçüncü mərhələ sentyabr ayının ortalarında Bakı Dövlət Universitetində baş tutacaq. Bunun üçün həmkarlarıma xüsusi mövzular təqdim edildi. O da bildirildi ki, bu mövzuların öhdəsindən layiqincə gələnlər Konflikt Jurnalistikası Məktəbinin üzvləri ola biləcəklər. Bu işdə həmkarlarıma uğurlar arzulayıram.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"