Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2017 11:46

“Müharibə sözün başladığı yerdə bitir”

Müsahibimiz "Ulduz" jurnalının  baş redaktoru, şair Qulu Ağsəsdir. O, 1969-cu ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Dünyaya göz açdığı bu kənddən indiyə qədər onlarla tanınmış şəxsiyyət, sənət adamları və hərbçilər çıxıb. Qulu Ağsəs yaradıcılığa hələ kiçik yaşlarından - məktəb illərindən başlayıb. Bu günə qədər onun beş kitabı işıq üzü görüb. Şeirlərini oxucular böyük maraqla qarşılayır. Qulu Ağsəs əməkdar jurnalist, Yazıçılar Birliyinin üzvüdür.
- Qulu müəllim, Qarabağ hadisələrini harada və nə vaxt eşitdiniz?
- Həmin vaxtlar mən əsgər idim. Doğma Vətəndən çox uzaqlarda - keçmiş İttifaqın Orenburq vilayətində xidmət edirdim. Əvvəlcə eşitdiyim bu bəd xəbərə inanmadım. Axı bu necə ola bilərdi? Qarabağ əbədi-əzəli Azərbaycan torpaqları olub. Ermənilərin bu yerlərə iddia etməyə heç cür haqları yox idi. O vaxtlar mərkəzi televiziyanın proqramlarını izləməyə imkan var idi.  Bir neçə gün ardıcıl "Zaman" proqramına baxdım. Ermənipərəst jurnalistlərin hazırladığı birtərəfli reportajlara baxanda təəssüf və qorxu hissləri keçirdim. Hiss olunurdu ki, Kreml ermənilərin və Ermənistanın tərəfindədir. Hərbi xidmətdən qayıtdıqdan sonra hadisələri təfərrüatı ilə öyrəndim. Onda artıq Qarabağda qan tökülmüşdü. Ölkənin paytaxtını milli azadlıq hərəkatı bürümüşdü. Mitinqlərdə çıxış edənlər ermənilərin bizə heçnə edə bilməyəcəyini deyirdilər. Amma kəndimizə gedəndə gördüm ki, ermənilər heç nədən və heç kimdən qorxmadan qan tökür, adamları öldürür, evləri yandırır. 
- Ölkə hücuma, təcavüzə məruz qalanda kimliyindən asılı olmayaraq, hamı bir nəfər kimi silahlanıb döyüşə səfərbər olur. Şairlər də sözlə "silahlanaraq" əsgərləri qələbəyə ruhlandırırlar. Necə fikirləşirsiniz, söz güclüdür, yoxsa silah?
- Təbiidir ki, müharibədə silah daha güclü, daha önəmlidir. Ağır döyüşlər getdiyi günlərdə mən üstünlüyü silaha verərdim. Amma müharibədə ədəbiyyatın rolunu heç bir halda danmaq olmaz. İstər müharibə vaxtı, istərsə də dinc dövrdə ədəbiyyat insanların mənəviyyatına təsir etmək gücünü, qüdrətini özündə saxlayır. Söz həmişə silahdan öndə olub və inanıram ki, öz yerini daim qoruyub saxlayacaq. Söz adamları müharibəyə qarşı çox həssas olurlar, təhlükəni daha tez hiss edirlər. Elə şairlər var ki, ölkəsində müharibə başlayanda təkcə sözlə kifayətlənməyib silahlandılar. Dediklərimi bir neçə nümunə ilə əsaslandırmaq istəyirəm. Nizami Aydın şair idi. Təsəvvür edin ki, Lorka yaradıcılığına böyük məhəbbəti olduğundan ispan dilini öyrənməyə başlamışdı. Qarabağ müharibəsi başlananda yaradıcılığını da, dərslərini də - müəllim idi - bir tərəfə qoyub -"indi döyüşmək vaxtıdır" - deyib vuruşmaq üçün Qarabağa yollandı. O həm sözüylə, həm də silahı ilə döyüşdü. Nizami ölümə meydan oxuyaraq, idarə etdiyi tankı cəsarətlə ermənilərin üstünə sürdü. Döyüşlərdə böyük hünər göstərdi, silahının hədəfinə tuş gələn düşmənləri məhv etdi. Həmin əməliyyatda torpaq uğrunda canından keçdi.
20 Yanvar faciəsində şəhid olmuş şair Ülvi Bünyadzadənin adını eşitməyən yoxdu. O həm insanları azadlığa, müstəqilliyə, düşmənlərlə mübarizəyə çağıran şeirlər, çağırışlar yazır, həm də qorxmadan mübarizənin önündə addımlayırdı. Qanlı Şənbə gecəsində ürəyi Vətən eşqi ilə döyünən Ülvini də itirdik. Qarabağ çağırışı, Qarabağ harayı azadlıq aşiqi şair Xəlil Rza Ulutürkün də dilindən düşmürdü. Şair özü sözü ilə, şeiri ilə mübarizə aparırdı, oğlu Təbriz Xəlilbəyli atasının çağırışına ilk hay verənlərdən olaraq, yeni yaranan ordunun sıralarında Qarabağın müdafiəsinə yollanmışdı.
Böyük yazıçımız Sabir Əhmədov Qarabağ hadisələrindən silsilə məqalələr yazaraq xalqın qeyrətli oğullarını torpaqların müdafiəsinə səsləyirdi.  O, tez-tez ön cəbhəyə gedir, əsgərlərlə görüşür, onlara mənəvi dayaq dururdu. Oğlu Məhəmməd Murov istiqamətində vuruşurdu. Şair Qaçay Köçərlinin özü ermənilərlə sözü ilə, şeiri ilə vuruşdu. Radio verilişləri hazırlayıb əsgərləri düşmən üstünə, qələbəyə ruhlandırırdı. Oğlu Qarabağ müharibəsinə atıldı, silahlanıb döyüşdü. Jurnalist Alı Mustafayev də sözü ilə, şeiri ilə, cəbhə xəttindən hazırladığı reportajları ilə düşmənlə savaşırdı. Sonda mübarizəsinə qalxdığı müqəddəs amal uğrunda canından keçdi. Soyuq noyabr günlərində Qarabağ səmasında şəhid oldu. Dediklərim bir daha onu göstərir ki, ziyalılarımız həm silahla, həm də sözlə döyüşməyə hazırdırlar. Sözlə silah sanki qoşa qanaddır. İkisi də eyni vaxtda olmalıdır. Silahla söz birləşəndə məğlubedilməz oluruq. El arasında belə bir deyim var: "Vur demək, vurmaqdan da irəlidi." Fikrimi belə yekunlaşdırmaq istəyirəm: indiki günlərdə həm vurmalıyıq, həm də "vur" deməliyik.
- Müharibə və söz - bunlar bir-birini tamamlayırmı? Sizcə, ədəbiyyat silahları susdurmaq qüdrətinə malikdirmi?
- Deyirlər ki, müharibə xaosdur, ədəbiyyat isə xaosun əleyhinədir. Ədəbiyyat harmoniyaya çağırır, müharibə harmoniyanı pozur. Bunlar daban-dabana zidd məfhumlardır. Bir anlıq bəşəriyyətin keçdiyi yola diqqət yetirəndə görürük ki, tarix boyu müharibələr həmişə labüd olub və yəqin ki, bundan sonra da olacaq. Biz nə qədər müharibələrəleyhinə danışıb təbliğat aparsaq da, o bizə məhəl qoymadanzaman-zaman baş verəcək. Buna çox təəssüflənirəm. Ədəbiyyat da zamanın axarında dirəniş göstərərək həmişə var olacaq. Xaosu pisləyəcək, insanları sülhə, əmin-amanlığa çağıracaq. Buna çox sevinirəm. Həyat davam etdikcə nə yazıçılar qələmi yerə qoyan deyil, nə də müharibə tərəfdarları olanlar silahı. Amma gəlin etiraf edək ki, hansı müharibə olursa-olsun, sonu sözlə bitir. Deməli, söz müharibəyə qalib gəlir. Söz bütün hallarda silahları susdurur, müharibələri dayandırır. Deməli, söz qalibdir. Müharibələr silahla başlayır, sözlə tamamlanır. Mənə elə gəlir ki, sözün başladığı yerdə müharibə bitir. Tarix aydın şəkildə göstərir ki, söz silahları susdurmağa qadirdir. Bu həmişə belə olub, bu gündən sonra eyni axarla davam edəcək.
- Qarabağ torpağında dünyaya göz açan bir ziyalı və şair kimi, yəqin, müharibə mövzusuna da tez-tez müraciət edirsiniz...
- Müharibə mövzusu mənim qanımdan, canımdan və ürəyimdən keçir. Bu, çox ağrılı və üzücü bir mövzudur. Bu, heç də gül-çiçəkdən yazmaq deyil. Çünki müharibə qan-qada, ölüm-itim və göz yaşlarıdır. Mənim Xaliq adında dostum var idi. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid oldu. Qələmin gücü ilə Xalidin hünərini nəzmə çəkib oxuculara çatdırdım. Müharibənin insanlara ölüm, qan-qada gətirdiyini şeirlərimdə dolğun ifadə etməyə çalışmışam. Qarabağ əlilinə də şeir həsr etmişəm. Bu əsərlərdə çalışmışam ki, ictimaiyyətin diqqətini müharibədə yaralanmış insanlara yönəldim. Şeirlərimdə sözlərlə, misralarla müharibənin şəklini çəkməyə çalışmışam. Təəssüflənirəm ki, müharibə hələ də davam edir. Düzdür, uzun illərdir atəşkəs hökm sürür. Amma atəşkəs hələ müharibənin bitməsi demək deyil. Bizim üçün müharibə torpaqlarımız işğaldan tam azad olunandan sonra bitəcək. Nə qədər ki, yurdumuz işğal altındadır, biz döyüşə hazır olmalıyıq. Atəşkəsin bu şəkildə davam etməsi işğalçılara sərfəlidir. Çünki qəsbkarlar bizim torpaqlarımızdadır. Bizi doğma ocaqlarımızdan atəşə tuturlar. Əgər bu gün ermənilər Qarabağda, eləcə də işğal altında saxladığı rayonlarımızda mövqe tutub bizə qarşı müharibə aparırsa, düşmən daim silahlarımızın hədəfində olmalıdır.
- Şairliklə rəssamlığın arasında bir ruhi yaxınlıq var - ikisi də hisslərini ifadə edir. Biri sözlə, biri fırça ilə. Siz rəssam olsaydınız, müharibəni hansı rənglərlə çəkərdiniz?
- Söhbətimizin əvvəlində dedim. Mən müharibənin şəklini bir neçə şeirimdə sözlə çəkmişəm. Amma inanın ki, həmin şeirlər o qədər kədərlidir ki, mən onu heç yerdən asmaq istəməzdim. Müharibə mənim taleyimdən, kəndimdən, ürəyimdən və  yaradıcılığımdan keçdi. Müharibə xalqımı ağır faciələrlə üz-üzə qoydu. Müharibə bizi həm mənəvi, həm də fiziki cəhətdən yaraladı. Müharibə başlananda sanki dünyanın gözünü qan örtür. Əgər mən şair yox, rəssam olsaydım, təbii ki, müharibəni qırmızı rənglə çəkərdim. Qırmızı rəng mənim ən çox ürpəndiyim rəngdir. Əvvəllər mənə elə gəlirdi ki, əsgər yaralananda qan elə yalnız güllə dəyən yerin ətrafına çilənir. Demə belə deyilmiş. Qarabağ müharibəsində yaralananları o cür ağır vəziyyətdə görəndə dəhşətə gəldim. Qan əsgərlərin üzünə, gözünə yayılımışdı, sifətləri tamam qan içindəydi, qırmızı rəngdəydi. O dəhşətli anları heç vaxt unuda bilmirəm. Ona görə də müharibəni qırmızı rəngdə görürəm. Müharibəni qırmızı rəngdə çəkməkdə məqsədim odur ki, qoy onun tərəfdarları bu rəsmlərdən ibrət dərsi götürüb qan tökməkdən, evləri dağıtmaqdan çəkinsinlər.
- "Ulduz" jurnalının səhifələrində müharibə, vətənpərvərlik mövzuları necə tərənnüm olunur?
 - Müharibə və vətənpərvərlik mövzuları gündəmdən düşmür. Jurnalımızda vətənpərvərlik mövzusunda əsərlər çap edərək gənclərdə erməni işğalçılarına qarşı intiqam hissi formalaşdırmağa çalışırıq. Sevindirici hal odur ki, gənc yazarlar bu mövzuya tez-tez müraciət edirlər. Bu il aprel döyüşləri mövzusunda müsabiqə keçirdik. Qısa vaxt ərzində ünvanımıza xeyli dəyərli əsərlər göndərildi. Ürəkaçan hal odur ki, təkcə respublikamızdakı yazarlar deyil, xarici ölkələrdə yaşayan azərbaycanlılar da müsabiqəmizdə fəal iştirak etdilər. Deməli, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların diqqəti Qarabağdadır, Azərbaycandadır. Gənc şair Arzu Əsədov şəhidlərə poema həsr etmişdi. Həmin kitab "Ulduz" jurnalı ilə bir yerdə pulsuz olaraq oxuculara çatdırıldı. Ara-sıra zabit və əsgərlər də bizə üz tuturlar. Əfqanıstanda sülhməramlı qüvvələrin sıralarında xidmət etmiş bir əsgər jurnalımıza yazı təqdim etmişdi. Təbiidir ki, biz ona hörmətlə yanaşıb çap etdik. Redaksiyanın qapıları başqa oxucularımız kimi, Silahlı Qüvvələrdə xidmət edən zabit və əsgərlərin də üzünə həmişə açıqdır.
- Milli Mətbuat Günü sizə də mənzil verildi...
- Belə bir gündə respublika Prezidentinin mənə də hədiyyəsi, təbii ki, olduqca sevindiricidir. Neçə illərdi junalist kimi dövlətçiliyimizin söz keşiyini çəkənlərin sırasındayam. Sözün yükünü çəkmək mənim də amalım olub. Qeyd etdiyim kimi, kəndimiz işğaldadır. Təbii ki, od düşdüyü yeri yandırır. Bu ağrı mənim yaradıcılığımda öz əksini dolğunluğuyla tapır. Möhtərəm Prezidentimizin bu hədiyyəsinə qədərsiz sevinclə qədərsiz təşəkkür edirəm. Biz jurnalistlər özümüzü, həqiqətən, Prezidentin dostu hesab edirik və bu dostluqdan qürur duyuruq, bu dostluğu sədaqətlə, səmimiyyətlə davam etdirəcəyik...
- Yəqin, zabit və əsgərlərimizə deməyə sözünüz var.
- Azərbaycan əsgəri haqqın, ədalətin tərəfindədir. Öz Vətəninin torpaqlarını qoruyur, öz yurduna keşik çəkir. Azərbaycan əsgərinin savaşı haqq savaşıdır. Deməli, o qalib gələcək. Haqq işi uğrunda vuruşanlar gec-tez zəfər çalır. Bizim davamız sülh davasıdır. O sülh ki, tarixi sərhədlərimizi bərpa edəcək. İnanıram ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti erməni işğalçılarını məğlubiyyətə uğradaraq, bu tarixi vəzifənin öhdəsindən layiqincə gələcək.
- Maraqlı söhbətə görə çox sağ olun!

Müsahibəni qələmə aldı: Vahid MƏHƏRRƏMOV