Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 2017 11:25

“Əkinçi” qəzetində hərbi informasiyalar

Tifliskiy vedomosti" (1828-1832) qəzetinin gürcü, Azərbaycan, erməni dillərində əlavələri nəşr edilirdi. "Zaqafqazskiy vestnik" (1838-1846) qəzetinin Azərbaycan dilində nəşr olunan vərəqi "Qafqazın bu tərəfinin əxbarı" adlanırdı, bu vərəqə-qəzet dörd il yarım nəşr edildi. Müstəqil olmadıqlarına görə "Tifliskiy vedomosti" qəzetinin əlavəsi də, "Zaqafqazskiy vestnik" qəzetinin Azərbaycan dilində nəşr olunan vərəqi - "Qafqazın bu tərəfinin əxbarı" da milli mətbuatımız hesab edilmir. Əlavənin nəşri qəzetin nəşrindən asılı olduğu üçün onu müstəqil qəzet adlandırmaq olmaz. Belə ki, "Qafqazın bu tərəfinin əxbarı", müəyyən mənada, sonralar deyildiyi kimi, qəzetdə qəzet idi.
"Həsən bəy Zərdabi yeddi il çəkən mübarizələrdən sonra "Əkinçi" qəzetinin nəşrinə icazə ala bildi. Azərbaycanın ilk milli qəzeti nəşrə başladı.
Qəzetin ilk sayında Həsən bəy Zərdabi yazırdı: "Hər kəsi çağırıram, gəlmir, göstərirəm görmür, deyirəm qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, məni eşidənlərdən heç qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur".
"Əkinçi" qəzetində dərc edilən informasiyalar oxucuya məlumat verirdi və bu informasiyalar, müəyyən mənada, tarix hesab edilməlidir. Bu informasiyaların mahiyyətini nəzərə alsaq, deyə bilərik ki, "Əkinçi" qəzeti həm də tarixi yaşadıb. Məramı maarifləndirmək olan "Əkinçi" qəzetinin "Tazə xəbərlər" şöbəsində dərc edilən belə informasiyalar istər coğrafiyasına, istərsə də məzmununa görə fərqlidir.
İnformasiyalar məzmunu etibarilə həm də vətənpərvərlik hisslərinin gücləndirilməsinə istiqamətlənirdi. Dövlətə, dövlətçiliyə çağırış təsirində qəbul edilməli belə informasiyalar, müəyyən mənada, təbliğati xarakteri ilə səciyyəvidir. Qəzetin 2 fevral 1977-ci il tarixli sayında nəşr edilən informasiya bu baxımdan diqqəti çəkir:
"İstanbuldan yanvarın 31-dən yazırlar ki, Şeyxülislam Həsən Xeyrullah əfəndi özünü əsgərə yazdırmaqdan musəva, mollalara hökm edib ki, özlərini tamam əsgərə yazdırsınlar, ta ki xalq onlara baxıb vətənin qeyrətini çəkməyə rağıb olsun, məzkur Şeyxülislam Avropa elmlərini oxumuş olduğuna nə ki, təzə qanun qoyulmağa razı olub, hətta özü Midhət paşa ilə birgə ol qanunu yazıblar". Qəzetin 5-ci sayında dərc edilən informasiya da eyni mahiyyətlidir: "Gürcüstanın bəyzadələrindən 200 adam öz xahişi ilə əsgər olub". Hansı dövrdə, hansı mahiyyətlə qəbul edilməsindən asılı olmayaraq Vətənə sayğı, vətəndaşlıq duyğuları aşıladığından bu səfərbərediici informasiyalar aktuallığını indi də saxlamaqdadır. "Əkinçi" güman edirdi ki, Şeyxülislam döyüşə gedirsə, bunu mollalardan da tələb edirsə, Gürcüstan bəyzadələri torpağın müdafiəsində iştirak etməyi qərara alırsa, bu faktlar cəmiyyətin başqa təbəqələrinə də sirayət edəcəkdir. Qəzetin 5-ci sayında qeyd edildiyi kimi, necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir.
Əsgərin döyüş və mənəvi hazırlığının  istər mövqe döyüşlərində, istərsə də əməliyyatda (həmlə, hücum) əhəmiyyəti məsələsinə "Əkinçi" qəzeti də həssas yanaşırdı. Belə informasiyaların dərc edilməsi qəzetdə hərbi jurnalistika, bu baxımdan hərbi mətbuat ənənələrinin başlanğıcı hesab edilə bilər. Hərbi mətbuat hərbi vəzifələrini məsuliyyətlə yerinə yetirən əsgərin şücaətinin, bu anlamda vətənsevərliyinin mənəvi hazırlığının təbliğatçısıdır. Bu xüsusiyyət "Əkinçi"də də olub.
"Avqustun 12-də Qornistuden. Cənab sərəsgərdən. Dünən sübh tezdən düşmən Şipkanın üstünə 3 tərəfdən gəlib. Bizim əsgər qoçaqlıq edib, hər səfər onları geri oturdub. Bu minval ilə gecə saat 12-yəcən düşmən Şipkadan əl çəkməyib. Ol vaxtda ay tutulduğuna aralıq sakit olub. Əgərçi Süleyman paşanın əsgəri çox olub və bizə hər tərəfdən top atıblar, amma bizim əsgər öz yerlərini saxlayıb. Bu zaman bizim əsgər heç yuxlamıyıb və isti xörək yeməyib. Gərək biz göndərən kömək bu gecə Şipkaya yetişəydi.
Bu gün sübh saat 4-dən gecə düşmən Şipkanın üstə gedir. Dünən günortadan sonra düşmən təzədən Ayasların (Balkanda Ternovi yanında kənddir) üstə gəlib onu alıbdır. Bizim əsgər Sultangöy kəndinə (zikr olunan kənddən bir az aralıdır) gedib.
Bu gün saat 2-dən sonra Şipkada əl davası olmur, ancaq top atılır. Düşmənin sol tərəfini qaçırtmışıq. Bizim dal tərəfdə atılan 2 top götürülüb".
Mahiyyəti etibarilə səfərbəredici xüsusiyyəti dolğunluğu ilə hiss edilən bu informasiya  ordu ilə cəmiyyət arasında mövcud münasibətlərin daha da dərinləşməsi istəyinin təzahürü təsirindədir. Hərbi mətbuatı xarakterizə edən amillərdən biri də yeni silahlar haqda informasiya verməkdir. Bu baxımdan "Əkinçi" qəzetində dərc edilən informasiyalar da diqqəti çəkir. "Əkinçi" ingilis qəzetlərinə istinadən yazır: "...bir şəxs bir alati-hərbiyyə ixtira edib ki, topa oxşayır. Onun ağzına iki qılınc hər biri 6 arşın uzunluğunda bir yerə möhkəmlənmiş qoyub, sonra topu doldurub atanda qılınclar düşmən əsgərinin içinə  o daxil olub, altı yüz arşın adamları qırıb gedir".
Hərbi mətbuatı xarakterizə edən amillərdən biri də istər hərbi qulluqçulara, istərsə də mülki əhaliyə müəyyən hərbi biliklər aşılamaqdır. Hərbi cinayətlər hərbi qulluqçulara aiddir. Düşmənin təxribatlarını qabaqlamaq üçün müharibə vaxtı mülki əhalidən də sayıqlıq, diqqətcillik tələb olunur. "Əkinçi" qəzeti bu tələblərə də biganə qalmır, bu kimi tələbləri əhaliyə də çatdırırdı: "...qanuni-əsgəriyyə istənən yerlərdə əsgəriyyə qulluğunda olmayan kəslərin taxsırlarına görə onlara tənbeh etmək xüsusunda hökm edirik: əvvələn, əsgəriyyə qanunu istənən yerlərdə əsgəriyyə qulluğunda olmayan kəslərə əsgəriyyə qanunu üzrə tənbeh olunsun, aşağıda zikr olunan taxsırlara görə:
Padşahın üzünə ağ olmaqdan və dövlətə xəyanət etməkdən ötrü.
Qəsd ilə əsgərə lazım olan mayəntacı odlamaq və qeyr tövr ilə xarab etməkdən ötrü habelə qəsd ilə teleqrafları, dəmiryollarını, su arxlarını, körpüləri, bəndləri və qeyr keçənəcəkləri xarab etməkdən ötrü.
Düşmənin hərəkətindən, yəni hansı tərəfə getməyindən xəbərdar olub və bir qeyr xəbər ki, onu pis əzvəqt bilmək ilə onun əlacını etmək olur, bilib lazım olan yerinə məlun etməməkdən ötrü...".
Göründüyü kimi, "Əkinçi" qəzeti imkanı həddində mülki əhalinin hərbi biliklər baxımından da maariflənməsini təmin edirdi.
Dərc edilən hərbi informasiyalar təsdiqləyir ki, ilk milli qəzetimiz olan "Əkinçi" həm də xalqın vətənpərvərlik hisslərinin təbliğatçısı olub...
Gülsurə HÜSEYNOVA, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktu