Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2017 13:15

Kursantların asudə vaxtları mənalı keçir

Ömrünün müxtəlif çağlarında rəsm çəkmək həvəsinə düşənlər də olur. Bəzən ya karandaş, ya bir fırça götürüb ətrafında seyr etdiyi heyranedici mənzərələri kətan üzərinə köçürməyə çalışır.
C.Naxçıvanski adına Hərbi Liseyin kursantları da asudə vaxtlarını səmərəli keçirirlər. İdmanla məşğul olur, kitab oxuyur, bəziləri isə rəsm çəkirlər. Rəsmxətt müəllimi Almaz Budaqova rəsm çəkməyə maraq göstərənlərə dəyərli məsləhətlər verir, kömək edir. Neçə illərdir ki, təhsil ocağında rəsm dərnəyi fəaliyyət göstərir. Kursantların çəkdiyi əsərlər onların mənəvi dünyalarının zənginliyindən xəbər verir. Bu gün həmin rəsmlər Hərbi liseyin dəhlizlərini, tədris otaqlarını, muzeyini bəzəyir.
Hərbi liseydə uzun illər rəsm dərnəyinə rəhbərlik etmiş Almaz Budaqova söhbət zamanı rəsm dərnəyinin yarandığı günlərdən söz açdı:
- Hərbi liseydə rəsm dərnəyi 2003-cü ildən fəaliyyət göstərir. Bu illər ərzində yüzlərlə kursant dərnəyin üzvü olub. Onlar məktəbi bitirsələr də, əl işləri bu günə qədər təhsil ocağında saxlanılır və tədbirlərdə nümayiş etdirilir. Rəssamlıq incəsənətin bəlkə də ən çətin və böyük istedad tələb edən növüdür. Bu sənət insanın dünyagörüşünün formalaşmasında böyük rol oynayır. Kursantların da rəssamlığa maraq göstərməsi müəllim kimi məni çox sevindirir. Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının təşkilatçılığı ilə liseyimizdə hər ilin sonunda rəsm müsabiqəsi keçirilir. Müsabiqələrdə qalib gələn kursantlar Konfederasiya tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılır.
Kursantlar mövzu seçimində sərbəstdirlər. Bəzən isə konkret olaraq müəyyən mövzu üzrə rəsmlər çəkirlər. Xatırlayıram ki, 2003-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 80 illiyi münasibəti ilə keçirilən müsabiqədə kursantlar öz bacarıqlarını yüksək səviyyədə nümayiş etdirdilər. Nəticə ürəkaçan oldu. Gözlədiyimizdən də artıq uğurlar qazandıq. Dərnək üzvləri ulu öndər Heydər Əliyevin mənalı ömrünün müxtəlif anlarını rəsmlərdə məharətlə əks etdirmişdilər. Həmin rəsmləri biz bu gün də qiymətli bir eksponat kimi saxlayırıq.
2006-cı ildə kursantlarımız Səməd Vurğunun yaradıcılığına müraciət etdilər. Həmin il ölkəmizdə dahi şairin 100 illiyi təntənə ilə qeyd olundu. Kursantlarımız da bu təntənəyə öz rəsmlərilə töhfə verdilər.
Liseyimizin kursantları 2009-cu ildə Türkiyə dövlətinin tarixində böyük rol oynamış Çanaqqala savaşının 90 illiyinə həsr olunmuş rəsm müsabiqəsində də iştirak etdilər. Yubiley ərəfəsində sərgi keçirdik. Sərgidə Türkiyə səfirliyinin nümayəndələri də iştirak edirdilər. Qonaqlar kursantların əl işlərindən razı qaldılar və həmin rəsmlər Türkiyə səfirliyində böyük uğurla sərgiləndi. Kursantlar qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Ötən il 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə respublikanın gənc rəssamları arasında müsabiqə keçirilirdi. Müsabiqədə kursantlarımız da iştirak etdilər. İstedadlı kursant Təbriz Əzizov bu yarışmada III yeri tutdu. İnanıram ki, Hərbi liseyin kursantlarının bu uğurları davamlı olacaq.      
- Yəqin ki, kursantlar hərbi vətənpərvərlik mövzusuna da müraciət edirlər.
- Əlbbətə. Hərbi vətənpərvərlik və qəhrəmanlıq mövzuları dərnək üzvlərinin yaradıcılığında əsas yer tutur. Hər il "Vətənə xidmət edirəm", "Torpaq bölünməz - şəhidlər ölməz" mövzularında rəsm əsərləri çəkirlər. Onların fırçalarından çıxan əsərlər peşəkar rəssamlar tərəfindən də rəğbətlə qarşılanır. Düşünürəm ki, gələcəyin zabitləri bu mövzuda rəsm çəkərkən sanki hərbi vətənpərvərlik duyğularını sözlə deyil, rənglərin gücü və qüdrəti ilə ifadə etməyə çalışır, ürək sözlərini rənglərlə pıçıldayırlar.
Azərbaycanın Milli Qəhrəmanlarından 10 nəfəri C.Naxçıvanski adına Hərbi Liseyin yetirməsidir. Kursantlarımız bu qəhrəmanların portretlərini də çəkiblər. Bu əsərlər çox uğurlu alınıb. Onlar Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu da öz rəsmlərində yaşadırlar.
- Kursantlar üçrəngli bayrağımıza olan sevgilərini də rəsmlərində məharətlə ifadə ediblər.
- Sevindirici haldır ki, mən də kursantlarımızla birlikdə Bayraq meydanının açılışında iştirak etdim. Qürurverici bir gün idi. Yəqin ki, bu günü heç birimiz unutmayacağıq. Hər il Bayraq Günü ərəfəsində "Bir kərə yüksələn bayraq bir daha enməz" mövzusunda rəsmlər çəkilir. Kursantlarımız müxtəlif üslub və formada rəsm əsərləri çəkərək bacarıqlarını nümayiş etdirirlər.
- Kursantların asudə vaxtları səmərəli keçir.
- Doğrudan da, elədir. Gördüyünüz bu rəsm əsərlərini kursantlar asudə vaxtlarında çəkiblər. Hiss edirəm ki, onlar özləri də istirahət dəqiqələrini mənalı keçirməyə həvəs göstərirlər. Təbiidir ki, qazanılan uğurlar asanlıqla əldə olunmur. Uğurlara gedən yol zəhmət və çalışqanlıqdan keçir.
- Kursantlar tarixi mövzulara da müraciət edirlərmi?
- Onların bu mövzuya maraqları sonsuzdur. Bu günə qədər tarixi şəxsiyyətlərdən və xalq qəhrəmanlarından Babəkin, Koroğlunun, Qaçaq Nəbinin, Xətainin, Nadir şahın, Ağa Məhəmməd şah Qacarın, Məmmədəmin Rəsulzadənin, türk dünyasının böyük oğulları Mustafa Kamal Atatürkün, Heydər Əliyevin və başqa tarixi şəxsiyyətlərin portretlərini yaradıblar. Bundan başqa onlar, həmçinin, Azərbaycanın məşhur sərkərdələrinin, generallarının, tarixi qəhrəmanlarının da portretlərini böyük həvəslə çəkirlər. Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinskinin, Cəmşid Naxçıvanskinin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, cəsur partizan Mehdi Hüseynzadənin, eləcə də başqa qəhrəmanların portretlərinə baxanda qürur hissləri keçiririk. 
- Kursantlara dünya və Azərbaycanın məşhur rəssamlarını tanıtdırmaq üçün hansı işlər görülür?
- Kursantların özləri dünyanın məşhur rəssamları haqqında məruzələr hazırlayırlar. Məsələn, Leonardo Da Vinçi, Rafael, Pikasso, Salvador Dali, eləcə də Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Maral Rəhmanzadə, Arif Hüseynov və Azərbaycan miniatür rəssamlığı haqqında mühazirələr maraqla dinlənilir.
- Almaz xanım, ən bacarıqlı kursantlardan kimlərin adlarını çəkmək istərdiniz?
- Dərnək üzvlərinin hamısının işindən, qabiliyyətindən razıyam. Onların hamısı mənim üçün eyni dərəcədə doğma və əzizdirlər. Amma onların aralarında elələri var ki, çox istedadlıdırlar. Belələrindən Qurban Mustafayev, Vasif Hüseynov, Paşa Paşazadə, Ramiz Əmirov, Ruslan Vahidov, Elçin Xasməmmədov, Zamin Abbasov, Qurban Nəbiyev, Eldar Cavadov, Elşad İsgəndərov, Niyaməddin Gülməmmədov, Əmiraslan Niftaliyev, Məhəbbət Yəhyazadə, Elmar Haqverdiyev, Zaur Hüseynov, İzzət Yolçiyev, Şahin Abbasov və başqalarının adlarını çəkmək ürəyimcə olardı.
- Rəssamlıqla məşğul olmaq bu günün kursantına, sabahın zabitinə nə verir? 
- Yaradıcı iş insanın düşüncə qabiliyyətini daim artırır, dünyagörüşünü formalaşdırır, gözəl hiss və duyğular aşılayır. Elə bilirəm ki, hərbçi üçün rəssamlığı bacarmağın üstün cəhətləri çoxdur. Onlar daha diqqətli olur, ətraf mühiti daha yaxşı hiss edib dəyərləndirirlər. Hərbçinin rəssamlığı bacarmağı ona həm həyatda, həm də xidmətdə böyük üstünlüklər verir.

Söhbəti yazdı: Vahid MƏHƏRRƏMOV,
C.Naxçıvanski adına Hərbi Lisey