Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2017 09:24

Məqsəd Vətənə sədaqətli olmaqdır

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan günlərdən biri ilk dəfə məktəbə getdiyin gündürsə, digəri də məktəb illərinə “əlvida” dediyin "Son zəng" günüdür. Məşhur bir mahnıda deyildiyi kimi, uşaqlığın ən qayğısız, ən çılğın anlarıdır məktəb illəri. Tək düşüncən verilən dərsləri mükəmməl öyrənmək, əla qiymət almaq olur. İllər isə bir-birini qovaraq "son zəng" gününə yetirir.
Hər il ölkəmizdə "Son zəng" günü qeyd olunur. Bu gün məzunların həyatında əlamətdar bir gündür. Məzunların simasında sevinc dolu bir nisgil hiss olunur. Onbirincilər bu günə böyük həvəslə hazırlaşırlar. Şeir əzbərləyən kim, mahnı yazdıran kim, ssenari quran kim…
Tədris ilinin başa çatması və son zəng münasibəti ilə Bakının Yasamal rayonundakı 158 saylı tam orta məktəbdə də təntənəli mərasim keçirilirdi. Məktəbin həyətinə daxil olanda ürəyim sızıldadı, qəlbimin dərinliklərindən bir arzu keçdi: "kaş o günlər olaydı".
Hərbi vətənpərvərlik tədbirləri ilə seçilən məktəbdə olmaq, bu əlamətdar gündə onlarla görüşmək sevincimizə sevinc qatır, bir o qədər də həyəcanlandırırdı. Respublikanın bütün məktəblərində olduğu kimi, burada da canlanma vardı. Az sonra son zəng çalınacaq, 136 şagird sinif otağından müstəqil həyata atılacaqdı.
Tədbirin başlamasına az qalmış məktəbin direktoru Mehriban xanım Ələkbərova ilə həmsöhbət olmaq imkanı qazandıq. O, bildirdi ki, ölkəmizdə elmin və təhsilin yüksəlişi, o cümlədən, yüksək peşəkarlığa malik ixtisaslı kadrların hazırlanması Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də Ümummilli Liderin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin Mehriban xanım qeyd etdi ki, vətənpərvərlik hissləri uşaqlara ailədə, məktəbdə aşılanmalıdır. “Biz də təhsil işçiləri öz üzərimizə düşəni etməyə çalışır, gənclərimizi Vətənə sevgi, xalqa məhəbbət və düşmənə nifrət hissləri ilə böyütmək üçün əlimizdən gələni edirik.”
Məktəbin həyəti rəngbərəng şarlarla, müxtəlif gül-çiçəklərlə bəzənmişdi. Bir tərəfdə on bir il əvvəl əllərindən tutub onları məktəbə gətirən valideynləri, digər tərəfdə isə şagirdlərinə təkcə bilik verməklə kifayətlənməyib əsl vətəndaş kimi formalaşmaları üçün yol göstərən müəllimləri vardı. Hamı bir-birini təbrik edirdi.  Bir anlıq məzunlara diqqət edirəm. Necə də həyəcanlı və sevinclidirlər. Onlar gələcəyin müəllimləri, həkimləri, mühəndisləri, hərbçiləridi... Oğlanlar, şübhəsiz, hərbi xidmətə yollanacaq, Vətənə əsgəri borclarını yerinə yetirəcək, ömrünü orduya bağlayanlar da olacaq.
Əlbəttə olacaq! Hərbçi peşəsi şərəfli və müqəddəs peşədir. Vətənpərvərlik hisslərinin bu dərəcədə aşılandığı orta məktəbdən kifayət qədər hərbçi çıxacağına şübhəm yoxdur.
Nəhayət, hər kəsin intizarla gözlədiyi an gəlib çatır. Son dəfə məktəbli forması geyinmiş məzunlar öz yerlərini tuturlar, Dövlət bayrağımız  təntənəli marşın sədaları ilə meydana gətirilir. Dövlət himninin səslənməsi ilə tədbirin rəsmi hissəsi başlayır. Öncə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan döyüşçülərin  xatirəsini bir dəqiqəlik sükutla yad edirlər.
Şagirdlər arasından seçilən aparıcı qız sözə başlayır.
- Əziz müəllimlərimiz, istəkli valideynlərimiz, hörmətli qonaqlarımız və mehriban şagirdlərimiz! Sizin hamınızı bu şən günümüzdə salamlayır və hər birinizə "Xoş gəlmisiniz" deyirik. Bu günün həyəcanını, fərəhini bizimlə paylaşdığınız üçün sizlərə təşəkkür edirik!
Məzunlara ürək sözlərini demək üçün ilk söz məktəbin direktoru Mehriban xanım Ələkbərovaya verilir:
- Bu gün məktəbimizin həyatında əlamətdar gündür. Məzunları təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayıram. Hər birinin Vətənə xeyirli övlad olacağına inanıram. Həyatının hər məqamında valideynlərinə və Vətənə xeyirli övlad olmalarını diləyirəm.
Çıxışının sonunda cari ilin məzunlarının nəticələrindən danışan direktor, uğurların davamlı olmasını arzuladı.
Yasamal rayonu İcra Hakimiyyətinin nümayəndəsi Rasim Əliyev qeyd etdi ki, hər bir insanın həyatında məktəb illəri böyük rol oynayır. “Bizlər də yazıb-oxumağı, Vətəni sevməyi, bir-birimizə qardaş-bacı olmağı məktəb illərində öyrənmişik. İllər ötəcək, cəmiyyətdə mövqe tutacaqsız. Bundan sonra siz məktəbə şagird kimi yox, qonaq kimi gələcəksiniz. Arzu edirəm ki, bütün məzunların səsi ali təhsil ocaqlarından gəlsin və sizi öz qoynunda sevimli balası kimi əzizləyən məktəbinizi heç vaxt unutmayasınız. Əslində bu gün sizin həyatınızda son zəng deyil, müstəqil həyata atılmağınızın rəmzidir.”
Sonra söz 11-ci sinif şagirdi Zərifə Cəfərzadəyə verildi. Olduqca həyəcanlı görünən məzun titrək səslə sözə başlayır:
- Doğma məktəb! Sənin qoynunda keçirdiyimiz bu 11 ildə, bəlkə də, bu gün yeganə gündür ki, biz onu həm sevinclə, həm də kədərlə qeyd edirik. Sevinirik, çünki uşaqlığımızdan hər birimiz müstəqil olacağımız günü səbirsizliklə gözləyirdik. Artıq məktəbi bitirərək biz buna nail olduq. Bu gündən məktəb illərini geridə qoyaraq, həyatın enişli-yoxuşlu yollarına qədəm basırıq. Bu yolda inamla addımlasaq da, dönüb keçmiş illərə həsrətlə boylanacağıq. Kədərlənirik, çünki 11 il bir yerdə sevincimizi paylaşıb, kədərimizi bölüşdüyümüz mehriban sinif yoldaşlarımızdan, sevimli müəllimlərimizdən, hətta sinif otaqlarımızdan, üzərinə tabaşirlə yazılar yazdığımız lövhələrdən ayrılacağıq.

Bitirdim məktəbi bu gün mən, demək,
Can alıb yuxusuz gecələrimdən.
On bir il taxtada yazıb silərək
Nə qədər tabaşir işlətmişəm mən?!

Ay yazı taxtası, yazı taxtası,
Mən səndə nə qədər yazı yazmışam?
Hər kiçik rəqəmi, hər kiçik sözü
Sinəndə min dəfə azı, yazmışam.

Tədbirin gedişində məktəb məzunları və birincilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı, maraqlı səhnəciklər nümayiş etdirildi.
Sonda dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və medallarla təltif olundular.

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR