Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2017 10:59

Sən Azərbaycan əsgərisən!

Yayın qızmar bir vaxtında dağlıq bölgəyə ezamiyyətə getmək ürəyimcə oldu. Çünki paytaxtımızla, yaxud aran bölgələrimizlə müqayisədə o yerlərdə havalar sərin, mülayim keçir.  Sıx meşələrinə, dupduru bulaqlarına yaxşı bələd idim...
Bu dəfə özümlə əsgərlərə sovqat da aparırdım, məktəblilərin bir yığın məktublarını çantama yığmışdım. Bakının 158 saylı tam orta məkəbinin şagirdləri ön xətdə xidmət edən Vətən oğullarına xoş arzularla dolu məktublar yazmışdılar.
Hərbi hissənin qərargahında təcrübəli zabit, aprel döyüşlərinin fəal iştirakçılarından biri Fuad Ələkbərovla səhər yerbəyerindən sonra görüşəndə bir qədər qayğılı olduğunu duydum. "Ermənilər xain xislətlərindən əl çəkmirlər, yenə ötən gecə atəşkəsi iriçaplı silahlar vasitəsilə pozublar. İndi həmin istiqamətdə yerləşən döyüş postlarına gedəcəm", - dedi. Sonra ön xətdəki bölmələrin hazırlığından danışdı, istənilən an düşmənin təxribatlarına qətiyyətlə cavab vermək iqtidarında olduğunu bildirdi. Qeyd etdi ki, həmin bölmələrdə yüksək məişət şəraitinin mövcudluğu şəxsi heyətə döyüş əzmi aşılayır.
Sonra cavabdeh zabitlərdən biri ilə hərbi hissədən dağlara yol gedirik. UAZ-ın sürücüsü etibarlı adamdır, dağlıq əraziyə yaxşı bələd olması ilə yanaşı, həm də maşını çətin yollarda ustalıqla idarə edir. Onun öz peşəsinin bilicisi olduğunu düşünəndə, ataların bir məsələni xatırlayıram: "Çörəyi çörəkçiyə verərlər". Sıx meşələrlə əhatələnən dağ yolunun sağında qoyun sürülərinə, yamyaşıl çəməndə dirsəklənib kənara iti nəzər yetirən çobana da həvəslə tamaşa edirəm. Xəyalımdan məni mayor Hüseynovun səsi ayırır. "Bu ərazilər düşmənlə təmas xəttinə yaxındır, amma yerli adamlar igid əsgərlərimizə güvəndikləri üçün qorxu nə olduğunu hiss etmirlər. Yaxşı bilirlər ki, Azərbaycan əsgəri qarşı zirvədə döyüş postundadır, onun sayıqlığı nəticəsində heç bir qüvvə burada təxribat törədə bilməz".
Bu yerlərdə xidmət edən zabitlərin də fədakarlığına həmişə həsəd aparıram, axı belə çətin şəraitdə xidmət etmək adamdan dözüm, cəsarət tələb edir. Burada komandir olan şəxs hər bir əsgəri göz bəbəyi kimi qoruyur, onun sağlamlığı qayğısına qalır, düzgün qidalanmasına, əyin-başına ciddi fikir verir. Zabitlərin doğmalığı da öz növbəsində əsgərləri ürəkləndirir, onları Vətənimizə sədaqətlə, məsuliyyətlə xidmət etməyə ruhlandırır.
Əsgərlərə verəcəyim məktublara baxanda mayor yaman sevinir. "Bir məktəblinin ürək sözü əsgərlərimizə ruh verir, əsgər biləndə ki, arxada onun üçün narahat olan, onu düşünən var, daha da ürəklənir". Budur, döyüş postuna yetişirik, bölmə komandiri olan gənc zabit gəlişimizdən sevinir, əsgərlərə "Azərbaycan Ordusu" qəzetindən olduğumu bildirir. Sonra əsgərlərin bir qrupu ilə çəmənlikdə əyləşib məktubları onlarla bölüşürəm. Yaman sevinirlər, tələsik hərə bir məktub açıb oxuyur. Məktubları yazanlar da müxtəlif yaşda olan məktəblilərdir. Doqquzuncu, səkkizinci, hətta ikinci-üçüncü sinif şagirdləri də ən xoş arzularını Vətənimizin gənc müdafiəçiləri ilə bölüşürlər. Əlimə keçəni açıb oxuyuram, nə qədər səmimi sözlər, fikirlər var bu məktublarda. Hər bir arzu-istəyin ünvanı isə Azərbaycan əsgəridir, onun fədakarlığı, Vətənə olan sevgisidir. Xüsusən yuxarı sinifdə oxuyan oğlanların ürək sözləri ilə tanış olanda hiss edirəm ki, onlar da tezliklə özlərini Vətən keşikçilərinin sıralarında görmək arzusundadırlar. Yazırlar ki, Vətəni qoruyan oğullar müqəddəs bir amalın sahibləridir, çünki onlar xalqımızı, dövlətimizi düşmən təxribatlarından mətinliklə qoruyur, əmin-amanlığın keşiyində dayanırlar.
Üçüncü sinif şagirdi Fazil İbrahimlinin yazısı isə ürəyimə sevinc yayır. Bu məktubdan sətirləri olduğu kimi təqdim edirəm. "Sən məni tanımırsan. Heç mən də səni tanımıram. Amma bilirəm ki, sən yaxşı oğlansan, axı sən Azərbaycan əsgərisən. Soyuq-şaxtalı, qarlı-çovğunlu bir havada sinəni düşmənə sipər edib gecə-gündüz torpaqlarımızı düşməndən qoruyursan. Elə buna görə də sən yaxşı oğlansan..." Nə qədər sadə, səmimi  yazılmış bir məktubdur. Başqa zərflərə də diqqət yetirəndə gənc nəslin əsgərlərimizə olan mehrini, ülfətini hiss edirəm. Məsələn, Malik adlı məktəbli yazır: "Mən də böyüyəndə sizin kimi əsgər olacam". Zemfiranın məktubundan da bir cümləni seçirəm. "Biz ermənlərdən qorxmuruq, çünki sizin kimi igid əsgərlərimiz var". İkinci sinif şagirdlərindən Zəhra "Biz fəxr edirik ki, siz varsınız" və Rəşid "Biz inanırıq ki, sizin kimi igid əsgərlərimiz doğma torpaqlarımızı işğaldan azad edərək şəhidlərimizin intiqamını alacaq" yazırlar.
Hər məktub maraqlıdır, çünki hər birində bir ürək döyüntüsü hiss edilir. Məktəblilər hamılıqla əsgərlərimizə cansağlığı, uzun ömür diləyir və qələbə sorağı ilə doğmalarına qovuşmağı arzulayırlar. Ətrafımdakı əsgərlər məktubları böyük maraqla oxuduqdan sonra məktəblilərə və onların müəllimlərinə salamlarını çatdırmağı xahiş edirlər. Bəziləri isə xoşlarına gələn məktublara cavab göndərəcəklərinə söz verirlər...
Bütün xalqımız kimi, məktəblilər də əmin olsunlar ki, qəhrəman Azərbaycan əsgəri tezliklə yurdumuzu işğaldan azad edəcəkdir.

Arif PƏNAHOV, "Azərbaycan Ordusu"