Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2017 10:56

Ermənistanın işğalçılıq niyyəti Azərbaycanda insan hüquqlarının pozulmasının təsdiqidir

Müasir dövrdə ən aktual və əhəmiyyətli məsələlərdən biri də insanların hüquq və azadlıqlarının etibarlı müdafiəsidir. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 10 dekabr 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə qəbul edib. O vaxtdan başlayaraq insan hüquq və azadlıqlarının müxtəlif normaları dünyanın bir çox dövlətlərinin əsas qanunlarında öz əksini tapıb.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının qorunması sahəsində dövlətimizin ardıcıl mövqeyi bir neçə istiqamətdə aparılan işlərlə səciyyələnir. Böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarıldı. Əsas Qanunumuzun üçdəbir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. 10 fevral 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv edildi və beləliklə, Azərbaycan MDB məkanında və müsəlman Şərqində bu tarixi qərarı qəbul edən ilk dövlət oldu.
Ermənistanın  Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizindən çoxu işğal edilib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, qadınlar, uşaqlar, qocalar dəhşətli zorakılıqla qətlə yetirilib, minlərlə insan əsir və girov götürülüb, tarixdə analoqu olmayan Xocalı soyqırımı törədilib. Azərbaycan dövlətinin ərazisində "Dağlıq Qarabağ Respublikası" adlı qondarma bir qurum yaradılıb. Ermənistan  Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı güc tətbiq edərək, işğal faktını və törətdiyi etnik təmizləmənin nəticələrini "xalqların öz müqəddəratını təyin etməsi" kimi təqdim edir.
Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Azərbaycan çoxmillətli tolerant dövlətdir. Ermənilər də ölkəmizdə yaşayan etnik qruplardan biridir. Bu səbəbdən xalqlara məxsus olan "müqəddəratı təyinetmə" hüququ onlara şamil oluna bilməz. Əgər hər bir dövlətdə yaşayan ermənilər bu iddia ilə çıxış etsələr, dünyada nə qədər erməni dövləti mövcud olardı. Prezident, Ali Baş Komandan İlham Əliyevin də çıxışlarında dəfələrlə qeyd edildiyi kimi, Azərbaycan xalqı və dövləti öz tarixi ərazilərində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verə bilməz.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda insan hüquqları və demokratiyanın inkişafına mane olan ən başlıca səbəblərdəndir. Cənubi Qafqaz regionunda beynəlxalq hüquqa və ATƏT-in Helsinki Yekun Aktına uyğun sivil, dövlətlərarası münasibətlər bərqərar deyil. İki ölkə arasında elan edilmədən aparılan müharibənin nəticələri bölgədə sülh və sabitliyin yaranmasına mane olur. Müharibənin bütün dəhşətlərini və ölkəyə vurduğu maddi-mənəvi zərəri təkcə statistik göstəricilərlə ifadə etmək mümkün deyil. İşğal nəticəsində, bütövlükdə Azərbaycanın 900-ə yaxın yaşayış məntəqəsi dağıdılaraq məhv edilib. Münaqişə  nəticəsində  20 mindən çox Azərbaycan vətəndaşı  həlak olmuş, 50 mindən çox insan yaralanmış, əlil və ya şikəst olmuş, bir neçə min insan isə itkin düşmüşdür.
Bununla yanaşı, Ermənistanla həmsərhəd olan rayonlarımızın iqtisadiyyatı da ciddi zərər görüb. Atəşkəsin düşmən tərəfindən davamlı pozulması həmsərhəd ərazidə yaşayan vətəndaşlarımızın hüquqlarına vurulan ziyanın təsdiqidir.
Azərbaycanın haqlı tələblərinə, bütün dünyanın təcavüzkarlıq faktını pisləməsinə baxmayaraq, Ermənistan işğaqlçılıq siyasətini davam etdirir. Bu işğalın nəticəsi olaraq, Azərbaycan dövlətinin ərazi bütövlüyü kobud şəkildə pozularaq Qarabağ əhalisinin yaşamaq hüququ əlindən alınıb.
BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistanın  Azərbaycana qarşı təcavüzünə hüquqi qiymət verilmişdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü  yenidən təsdiq edilərək hərbi əməliyyatlara dərhal son qoyulması, işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması, qaçqınların doğma yurd-yuvalarına geri qaytarılması tələb edilmişdir. BMT-nin Baş Məclisi hələ 23 mart 1994-cü ildə qəbul olunmuş Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında qətnaməsində Azərbaycanda qaçqınların və yerlərini dəyişmiş şəxslərin sayının bir milyonu keçməsini qeyd etmişdir.
Erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqırımı insan hüquq və azadlıqlarının ən kobud və ən qəddar şəkildə pozulmasına bir nümunədir və bu, bir çox beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərdə də öz əksini tapıb. Bu sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalıda mülki insanların vəhşicəsinə öldürülməsi birmənalı olaraq pislənilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək ifadə olunaraq, güc tətbiq etmək yolu ilə ərazi əldə edilməsinin BMT nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğu bir daha vurğulanır, Xocalı qurbanlarının və onların qohumlarının onlara vurulmuş mənəvi və maddi itkilərə görə ədalətli və hüquqi əsasda təzminat almaq hüququ da tanınır.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 5-ci maddəsində göstərilir: "Heç kim isgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır".
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır. "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk", - deyən ölkə başçısının birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"