Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2017 09:51

Akademik Teymur Bünyadov: "Xalqımız sizə güvənir"

Rubrikamızın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, əməkdar elm xadimi, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadovdur.

 

- Teymur müəllim, söylədiniz ki, Yer kürəsinin yaşı beş milyard ilə yaxındı. Bəs insanlığın tarixi neçə ildi?
- İnsanlığın tarixi cəmi üç milyon ildir. İnsan təbiətin tacı, yer üzünün əşrəfidi. Ulu insan alidi, adildi, aqildi. Başlanğıcda torpağın nə sahibi, nə sahib çıxanı, nə gözləyəni, nə gözətçisi olub. Artıq insan bu dünyaya göz açdığı vaxtdan da torpaq istəyi, Vətən sevgisi yaranıb. Zaman keçdikcə bu istək, bu arzu daha da güclənib, daha da müqəddəsləşib. İnsan anasını sevdiyi kimi Vətənini də sevib, yolunda çox qurbanlar verib.
- Vətənmi ilkdir, anamı?
- Vətən də qədimdir, ana da. İkisi də əzəlidi, əbədidi, qoşa yaranmışlardı.
- Azərbaycanı qədimdən Odlar yurdu adlandırırlar...
- Bəli, Azərbaycanın dövrü-qədimdən sinəsindən od parlayıb, atəş saçıb. Əcdadlarımız bu oda, bu işığa pənah gətiriblər, bu inanca sitayiş ediblər. Adlarını oddan alıb, Odlar ölkəsi olublar. Yurdumuz ana Vətən, ana torpaq kimi sevilib. Yanar oddu, sönməz ocaqdı Vətənimiz... Bu torpaq, bu Vətən yolunda nə qədər canlar qurban gedib. 
-  Vətən hər şeydən əvvəl insanları ilə, xalqı ilə, milləti ilə Vətəndir. Bir sözlə, torpağı müqəddəsləşdirən, Vətənə çevirən insan amilidir. Bir atalar məsəlimiz var, leksikonumuzda da çox tez-tez işlənir: "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı"...
- Bu, bir həqiqətdir. Vətənə məhəbbət qürbətdə güclənər. Qürbətdə Vətən daha da şirin olar, Vətənin qoynu üçün darıxarsan, ona can atarsan. Bəli, Vətəndə dünyaya göz açarsan, qürbətdə kor olub yedəkdə qalarsan. Vətəndə nər, qürbətdə qəhər. Vətəndə qohumlu-qardaşlı, qürbətdə gözü yaşlı, qəlbi qubarlı. Vətəndə şahlıq, sultanlıq, qürbətdə qorxaqlıq, boynu büküklük, gözü qıpıqlıq. Vətən candı, qürbət zindandı. Vətən laləzardı, qürbət borandı, qardı. Bu hissi, bu həyəcanı qürbətdə yaşayanlar, anamız Vətən üçün ölənlər bilər...
-  Tarixi sərkərdələrimiz  Atropat, Cavanşir, Babək, Şəmsəddin Eldəniz haqqında silsilə elmi məqalələr yazmısınız. Azərbaycan tarixən qəhrəmanlar yurdu, igidlər məskəni olub. Teymur müəllim, arxeoloq, etnoqraf alim kimi əsrlərin sınağından çıxmış bu fikrə necə şərh verərdiniz?
- Bəli, Azərbaycan cəngavərlər yurdudur. Sayagəlməz igidlərimizin qanı ilə yoğrulub bu torpaq, əməllə dastanlaşıb bu müqəddəslik. Lakin tarixdə onların adları belə məlum deyil. Azərbaycan xalqı dünyanın ən qədim, qəhrəman və mədəni xalqlarından biridir. Bu xalqın yerləşdiyi ərazidə ulu əcdadlarımız 2 milyon il bundan öncə yaşayıb, yaradıb və yadelli işğalçılara qarşı mübarizə apararaq hər zaman qalib gəliblər. Bu torpağın hər daşında, hər qayasında xalqımızın qəhrəmanlıq salnamələri, qəhrəmanlıq abidələri var. Hələ ibtidai icma quruluşu dövründə Azərbaycanda müxtəlif tayfalar, qəbilələr yaşayıb. Bu tayfaların, bu qəbilələrin yaşadığı yerə, yurda bağlılığı olub. Onlar o torpağı, o ərazini qorumaq üçün bütün məhrumiyyətlərə sinə gərərək oxla, yayla, qayadan qopan daşla, qalxanla, qılıncla öz torpaqlarını müdafiə ediblər. Hələ eramızdan əvvəl IV əsrdə Makedoniyalı İskəndər Hindistana səfəri zamanı kiçik Midiya torpağından keçəndə sərkərdə Atropatla görüşür. Atropat uzaqgörən, ağıllı, hədsiz hərbi təfəkkürə malik qəhrəman olub. Bütün bunların fövqündə dayanan məqam isə onun xalqını, torpağını sevən bir sərkərdə olması idi. Midiya hökmdarı, sərkərdə Atropat Makedoniyalı İskəndərlə danışıqlar aparır. Dünyanı fəth edən İskəndər Midiya torpaqlarına toxunmadan Hindistana səfər etdi. Hətta onun şərəfinə təşkil olunmuş ziyafətdə böyük hökmdar Midiya geyimində göründü. Tarixdə baş vermiş belə məqamlar bizə onu deməyə əsas verir ki, deməli, dövləti və onun ərazisini tək qılıncın, qalxanın gücü ilə deyil, ağlın gücü ilə də müdafiə edib qələbə qazanmaq olar.
- Tarixən Azərbaycan qadınları da kişilərdən geri qalmayıb, yadelli işğalçılara qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərərək ad-san qazanıblar.
- Əlbəttə. Hələ eradan əvvəl I əsrdə biz romalılara qarşı mübarizə aparanda kişilərlə bərabər qadınlar da at belində, zirehli geyimdə, qılınc və qalxanla döyüş meydanında düşmənə qarşı amansızlıqla vuruşublar. Ona görə də həmin dövrdəki qadınları əfsanəvi qadınlar adlandırırlar. Hətta qədim yunan tarixçisi Plutarx deyirdi ki, alban qadınları ərlərindən də çox cəsarətlidirlər.
- Çox zəngin tədqiqatlarınızda böyük hökmdar və sərkərdə Cavanşirə xüsusi yer ayırmısınız. 
- Tamamilə doğrudur, xalqımızın dövlətçilik tarixində böyük hökmdar Cavanşirin öz yeri var. VII əsrdə alban hökmdarı Cavanşir yadelli işğalçılara qarşı mübarizə aparıb. Ərəblərə, farslara, xəzərlərə qarşı döyüşüb. O təkcə hökmdar yox, həm də baş sərkərdə - ordu sərdarı idi. Dövlətçilik tariximizdə ən qüdrətli hökmdarlardan sayılan Cavanşirin diplomatik bacarığa malik olması barədə söylənilən fikirlər də bu günümüzə gəlib çatıb. Bir maraqlı fakt deyim. Böyük hökmdar Cavanşir Xəzər xaqanının qızı ilə evlənir. Və bununla da onlar nə qədər qızıl, mal-dövlət aparmışdılarsa, hamısını geri qaytarır. Cavanşir xalqımızın qəhrəmanlıq tarixinin zirvəsidir. Eyni zamanda ondan sonra Azərbaycan xalqının Babək, Şəmsəddin Eldəniz, Şah İsmayıl Xətai kimi sərkərdələri qəhrəmanlığın bütün nişanələrini özlərində yaşadıblar.
- XX əsrdə xalqımızın böyük oğlu,  əvəzolunmaz siyasi xadim, ümummilli lider Heydər Əliyev sərkərdəlik tariximizdə yeni və şanlı səhifə yaratdı. Artıq 15 iyun - Milli Qurtuluş tariximizdən, Ulu Öndərin Azərbaycanı xilas etməsindən 24 il ötür...
- 1993-cü ilin 15 iyununda ulu öndər Heydər Əliyev yenicə müstəqilliyini qazanmış Azərbaycanı parçalanmaqdan xilas etdi. Dövlət və ordu quruculuğuna xüsusi diqqət yetirdi. Bu sahələrin inkişafına dair sərəncamlar, qərarlar imzaladı. Həm dövlət rəhbəri,  həm də Ali Baş Komandan kimi orduda mütəşəkkillik, vahid komandanlıq yaratdı, nizam-intizamı möhkəmləndirdi. Beləliklə, ümummilli lider Heydər Əliyev müasir ordu quruculuğunun bünövrəsini qoydu. Bu gün Ulu Öndərin yaratdığı müasir Azərbaycan Ordusu onun layiqli davamçısı, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daha  sürətlə inkişaf edir, dünyanın ən güclü orduları sırasında yer alır.
- Ötən il oktyabrın 27-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov respublikamızın bir qrup tanınmış şair və yazıçısı, elm xadimi, ziyalı nümayəndələri ilə görüş keçirdi. Teymur müəllim, siz də həmin nümayəndə heyətinin tərkibində idiniz. Bu görüş hansı təəssüratlarla yadınızda qalıb?
- Bu gün orduda yüksəliş var. Bizim fərəhimiz, fəxrimiz əsgərlərimiz, zabitlərimizdi. Ali Baş Komandanımız, xalqımız onlara güvənir. Axı əsgər və zabitlərimiz bu torpağın qəhrəman müdafiəçiləridir. Erməni işğalçıları tərəfindən zəbt olunmuş tarixi torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi altında onlar azad edəcəklər.
Cənab nazirlə görüşümüz çox yadda qalan bir görüş oldu. Həm də deyərdim ki, görüşümüz olduqca maraqlı və səmimi keçdi. Üç saata yaxın keçirilən bu görüşdə əhəmiyyətli söhbətlər aparıldı. Görüşdə Prezident cənab İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğıdan ətraflı danışıldı. Bu gün Silahlı Qüvvələrimizin daim, durmadan artan gücündən maraqlı faktlar söylənildi. Keçən ilin aprelində ordumuzun keçirdiyi əks-həmlə əməliyyatlarında qazanılan qələbə xalqımızı sevindirdi. Bu görüşdə biz bir daha əmin olduq ki, ordumuz Ali Baş Komandanın göstəriş və tapşırıqlarını yüksək səviyyədə yerinə yetirir, bircə əmrlə işğalda olan torpaqlarımızı azad etməyə hər an hazırdır.
- Aprel döyüşləri tariximizdə yeni qəhrəmanlıq səhifələri açdı. XXI əsrdə şanlı ordumuz Azərbaycan tarixinə yeni zəfər səhifələri yazdı...
- Bilirsiniz, ən əvvəl aprel döyüşləri düşmənə və onun havadarlarına göstərdi ki, Azərbaycan xalqı torpağına, Vətəninə bağlıdır. Ondan bir qarış belə kimsəyə vermək haqqında düşünmür. Torpağı, Vətəni uğrunda döyüşməyə, canından, qanından keçib şəhid olmağa hazırdır. Ermənilər bu gün işğal etdikləri Azərbaycan torpaqlarında təşviş içərisində, qorxu altında yaşayırlar. Onlar burada müvəqqəti olduqlarını, nəhayət ki, başa düşüb qaldıqları əraziləri tərk etməyə başlayıblar. Bu gün Prezidentimizin sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində quruculuq, yenidənqurma və bərpa işləri aparılır. Bütün bunlar illərdir torpaqlarımızı işğal altında saxlayan ermənilərə güclü bir mesajdır.
Dövlət başçımız ən yüksək kürsülərdən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini dəfələrlə vurğulasa da, müharibənin də qaçılmaz olduğunu bəyan edir. Azərbaycan Prezidenti, Azərbaycan xalqı heç zaman imkan verməyəcək ki, ərazisində ikinci bir erməni dövləti yaransın.
- Teymur müəllim, 31 may 2002-ci ildə keçirilən "Şuşa Azərbaycanın mədəniyyət və tarix incisidir" adlı elmi konfransda çıxışınız olub. Bu il Şuşanın işğalının 25 ili də tamam oldu...
- Bəli, "Şuşanın dağları başı dumanlı..." adlı geniş məruzə ilə həmin konfransda çıxış etdim.
Qeyd edim ki, Şuşa təkcə cənnət məkanı olmayıb, həm də hərbi strateji əhəmiyyət kəsb edən bir basılmaz qala olub. Şuşa dağdan arana açılan pəncərə, aydınlıq, işıqlıq paylayan ucalıqdı. Düşmənlərə, yadellilərə göz dağıydı. Ona görə də 1750-ci ildə Qarabağ xanı Pənahəli Xan Cavanşir tərəfindən Şuşanın şəhər kimi əsası qoyuldu. Pənahabad kimi tarixə düşdü. Şəhərin ətrafına uca və alınmaz müdafiə səddi çəkildi. Beləliklə, Şuşa qalası alınmaz, basılmaz oldu. 1992-ci ilə kimi...
- Sonda bir ənənəvi sualımız var. Azərbaycan Ordusunun əsgər və zabitlərinə ürək sözləriniz, arzu və istəkləriniz...
- Sizinlə fəxr edib qürur duyuram. Özümü həmişə sizin yanınızda hiss etmişəm. Yaşımın bu ixtiyar çağında da cəbhəyə getməyə hazıram. Sizə cansağlığı, hünərli, cəsarətli olmağı arzulayıram. Düşmənə qarşı amansız, barışmaz olun. Siz xalqın dayağısınız. Xalq sizə güvənir.
- Müsahibəyə görə çox sağ olun.

Söhbəti apardı: Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"