Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2017 10:54

Döyüşçü dostunun adını oğluna qoydu...

...Bayaqdan bəri gözünü üzümdən çəkməyən orta yaşlı kişini tanıdım. Firdovsiydi. Keçmiş döyüşçü...
1993-cü ilin dekabrında əsgərlərimiz Haramı düzündə ermənilərin bir neçə tankını vurmuş, xeyli canlı qüvvəsini məhv etmişdi.
Firdovsinin ürəyi dolu idi:
- Bir neçə gündən sonra erməni işğalçıları itkilərinin əvəzini çıxmaq üçün güclü əks-hücuma keçdilər. Əvvəlcə mövqelərimiz toplardan atəşə tutuldu, - keçmiş döyüşçü ötənləri xatırladı. - Amma kiçik bir hücumla bizi geri oturtmaq mümkün deyildi. Artilleriya atəşindən sonra qarşımızda düşmən piyadaları göründü. Bir az yaxına buraxdıqdan sonra qəflətən zərbə endirdik. Düşmən bu həmləni gözləmədiyindən başını itirdi. Bizə də bu lazım idi. Həmin gün ağır yaralandım. Güllə sağ çiynimi dəlib keçmişdi. Uzun müddət müalicə olunsam da, sağlamlığım bərpa olunmadı. Yenidən cəbhə bölgəsinə qayıda bilmədim.
Firdovsinin oğlu ora-bura qaçırdı. Söhbətinə ara verən ata onu yanına çağırıb çox uzaqlaşmamağı tapşırdı.
Bu dəcəl uşaqdan xoşum gəldi. Başına sığal çəkib adını soruşdum:
- Cəlaldır, - dedi.
- Cəlal mənim döyüşçü dostumun adı idi. Oğluma da onun adını qoymuşam. Bunu rəhmətlik  məndən özü xahiş etmişdi, - Firdovsi alnını ovxalayıb dilləndi. - Cəlal çox igid və cəsur bir əsgər idi. Onunla Ağdam, Kəlbəcər və Füzuli rayonları uğrunda gedən döyüşlərdə bir səngərdə vuruşmuşduq. Yadıma gəlir, ermənilər Ağdam istiqamətində hücumlarını gücləndirəndə bizi də köməyə göndərdilər. Düşmən Muğanlı kəndini atəş altında saxlayırdı. Gərgin vəziyyət yaranmışdı. Kəndi qoruyan döyüşçülərin həyatı təhlükədəydi, yağılar onları əsir götürməyə çalışırdılar. Cəlal heç kəsin gözləmədiyi təhlükəli bir səmtdən kəndə girib qumbaraatanla ermənilərin mövqelərinə bir neçə dəqiq zərbə endirdi. Döyüşçülərimiz mühasirədən çıxdılar. Cəlal Cəvahirli kəndində  ağır yaralandı. Həmin gün də, sonrakı vaxtlarda da qanlı döyüşlər oldu. Torpaqlar addım-addım ermənilərin əlinə keçirdi. 
- Bəs Cəlal? 
- Bir neçə gündən sonra hospitala gedib ona baş çəkdik. Cəlalın vəziyyəti ağır olsa da, çöhrəsi gülürdü, döyüşə can atırdı. Çox keçmədi ki, sağalıb hərbi hissəyə qayıtdı. Həmin vaxtlar biz Haramı düzündə mövqe tutmuşduq. Bir neçə gündən sonra düşmən gözlənilmədən zirehli texnikalarla hücuma keçdi. O gün işğalçıların yeddi tankı məhv edildi. Düşmənin iki zirehli texnikasını Cəlal  vurdu. Qanlı döyüş üç gün ara vermədi...
Bir gün Cəlalla söhbət edirdik. Dostum mənə dedi:
- Firdovsi, sevdiyin varmı?
Nişanlı olduğumu eşidəndə gülümsündü. İti baxışlarını uzaqlara dikib dedi:
- Son günlər vəziyyət gərginləşib. Mən də nişanlıyam. İnşallah, hansımız müharibədən sağ çıxıb ailə həyatı qursaq, oğlumuza bir-birimizin adını qoyaq…
Çarəsizliklə gülümsündüm.
Soyuq bir qış günündə başıma gələn dəhşətli hadisə ömrüm boyu məni yandıracaq. Yanvarın ilk həftəsində Cəlalı itirdim.
Onun faciəli ölümündən sarsıldım. 
Kövrəldi. Sonra özünü ələ alıb sözünə davam etdi.
- Rəhmətlik həmişə deyirdi ki, Firdovsi, müharibə qurtarandan sonra birlikdə biz tərəflərə gedərik. Görməli yerləri gəzib dolanarıq. Təəssüf ki, bu, ona qismət olmadı. Cəlalın ölümündən altı ay sonra döyüşçü dostlar bir yerə yığışıb Göyçay rayonuna - Cəlalın məzarını ziyarət etməyə getdik...
Ailə həyatı qurdum. İlk övladım oğlan oldu. Adını Cəlal qoydum. Uşağın ayağı yer tutan kimi onu Göyçaya apardım. "Balaca Cəlal sizin də övladınızdır," - dedim. Cəlalın atası da, anası da uşağı öpüb oxşadılar. Saab ana diqqətlə uşağa baxanda heyrətini gizlədə bilmədi:
- Aman Allah, Cəlalımın körpəliyinə necə oxşayır. Elə bil bir almanı iki yerə bölüblər…        

Vahid MƏHƏRRƏMOV