Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2017 13:15

“Salam, Qələbə!” deyəcəyimiz günə az qalıb

Rubrikamızın qonağı Azərbaycan Yazıçılar Birliyinin vətənpərvərlik komissiyasının sədri, həkim, şair, bəstəkar Şahin Musaoğludur.
- Sizə necə müraciət edim? - həkim Şahin Musaoğlu, şair Şahin Musaoğlu, bəstəkar Şahin Musaoğlu?
- Hər biri ayrılıqda, üçü vəhdətdə vətəndaşlıq qayəmi müəyyənləşdirib. Həkim olaraq insanların sağlamlığının keşiyində dayanmaq, şair olaraq şeirsevərlərin poetik ruhuna, bəstəkar olaraq melodik duyumuna xidmət etmək. Belə yaşamışam, belə yaşayacam. Hər üçü mənə könül xoşluğu verir.
- İlk səngər mahnılarının müəllifi kimi tanınırsınız. Bu istək necə yarandı?
- 1991-1992-ci illərdə həm Qarabağda, həm də Ermənistanla sərhəd rayonlarda döyüşlər gedirdi. Əslində, elan edilməyən müharibəydi. Vətənsevərlər, torpaqsevərlər qələbə naminə səfərbər olmuşdu. Torpağı yerli müdafiə batalyonları qoruyurdu. Bu isə nizami ordu deyildi.
Həmfikirlərimlə biz də bu müharibədə iştirak etmək, necə deyərlər,... “bir işin qulpundan yapışmaq” istədik. O illərdə döyüşlərdə yaralananlar yaxın ərazilərə göndərilirdi. Etiraf edək ki, əsgərlərin ilk tibbi yardım göstərmə qabiliyyəti yox dərəcəsindəydi - yaralıların neçəsini qanaxmadan itirmişdik.
Müharibənin tələbi kimi operativ qərargah yaradılmasını zəruri bildik, Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinə müraciət etdik. Vətəndaşlıq borcumuzu yerinə yetirmək istədik. Qərargah yaradıldı. Yaralılar, onların pasport məlumatları əsasında harda nə vaxt yaralandığı, (yaralanmanın xüsusiyyətləri, yəni, güllə yarasıdırmı, qəlpə yarasıdırmı və s.) kartotekasını təşkil edirdik. Müharibəylə, əsgər həyatıyla ilkin tanışlıq yaşam fəlsəfəmin tərkib hissəsi oldu.
- Əsgərlərlə ünsiyyətiniz də bu vaxtlardan başlayıb...
- Bəli, əsgərlərimizlə ünsiyyət düşüncələrimə hopdu, onun yönümünü müəyyənləşdirdi. Onların əksəriyyətilə döyüş öncəsi də görüşürdük, döyüşdən sonra da.
- Döyüş öncəsi söhbətlərinizin mahiyyətini təxmin edirəm. Döyüşlərdən sonra yaralı əsgərlə nələrdən danışırdınız?
- Başlıca olaraq Vətəndən, torpaqdan, qələbədən. Ən çox eşitdiyim kəlmələr məni də, həkimləri də, tibb bacılarını da duyğulandırırdı. Yaralılar tez sağalmaq, yenidən döyüşlərə qayıtmaq istəyirdi. Bu istəyin mahiyyəti Vətən sevgisiydi. Onların bəziləri Şıxov batalyonu kimi tanınırdı. Birinci batalyonu döyüşə yola salanda tanımışdım. Onda onlara yazdığım şeiri oxumuşdum, bir qardaş, bir vətəndaş olaraq demişdim: igid əsgər, möhkəm dayan!..
Bu, mənim ilk şeirim idi. Bu tövsiyə-şeir bəyənilmişdi. Neçə əsgər şeiri oradaca köçürüb özüylə döyüşə aparmışdı. Açığı, qürurlanmışdım ki, şeirim döyüşənlərin sırasındadı. Aradan aylar keçəndən sonra Yusif Mirzəyevlə tanış olduq. Xəstəxanamızda müalicə olunurdu. Çox duyğusal insanıydı. Şeirə musiqi yozumu verdiyimi biləndə necə sevindi, "İlk səngər mahnısı olacaq!" - dedi.
Şeir mahnıya çevrildi.
- Yaxşı xatırlayıram, Yusif sevinclə deyərdi ki, Şahin mənə mahnı həsr edib. Az sonra "Təkcə mənə yox, əli silah tutanların hamısına" - deyərdi, gülümsünərdi.
- Təəssüf ki, Yusif onu eşidə bilmədi. Ağdərə ətrafında gedən döyüşlərdə şəhid oldu. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr etdik "İgid əsgər, möhkəm dayan!" mahnısını. Zabit idi Yusif, "Vətən üçün hamımız əsgərik!" - deyirdi. Əslində, mahnıdakı müraciət Azərbaycan əsgərinin obrazına ünvanlanıb.
- Beləcə, Şahin Musaoğlu yazdığı vətənpərvərlik şeirlərinə mahnı da bəstələdi.
- Şeiri düşüncələrimin işığı bilmişəm. Düşüncələrimin işığına söz yozumu, sözə, yəni, şeirə musiqi yozumu vermək istəmişəm. "İgid əsgər, möhkəm dayan!" şeiri başlanğıc oldu.
- ...və sonralar digər səngər mahnıları yarandı.
- "Cənab leytenant", "And içirik", "Birinci batalyon", "Çağırır Vətən", "Torpaq",... İyirmi iki mahnı müəllifiyəm. Bunlardan əksəriyyətinin sözlərini də özüm yazmışam. Şadam ki, mahnılarım sevilir.
- Hər mahnının öz məzmunu var. Hamısını bir amal birləşdirir: Vətən.
- Bəli. "Şahinlər" hərbi pilotlarımıza, “Əsgər, Vətən əmanəti” səngərlərdə dayanan, torpaqlarımızı qoruyan əsgərlərimizə, "Çağırır Vətən" yeniyetmələrə, çağırışçılara, "Cənab leytenant" zabitlərə, ... həsr olunub. Hamısının qayəsi vətənsevərlikdi. İstər şeir olaraq, istərsə də mahnı olaraq.
- Neçə il əvvəl Yusif Mirzəyevin anım günündə birinci sinif şagirdinin "İgid əsgər, möhkəm dayan!" mahnısını ifa etməsini, yəqin ki, unutmayıbsınız.
- Elə məqamlar unudulmur.
- Onda müəllimlər də, şagirdlər də, ictimaiyyətin nümayəndələri də qədərsiz ehtiramla Şahin Musaoğluna baxmışdı...
- Belə mahnılar Vətən sevgisinin dərinləşməsində, vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Yeniyetmələrin, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasına az-çox xeyrim dəyirsə, belə taledən, əlbəttə, razıyam.
- Siz həm də Azərbaycan Yazıçılar Birliyi vətənpərvərlik komissiyasının sədrisiniz.
- Bir ildən bir az çoxdu bu komissiyaya rəhbərlik edirəm. Yazıçılar Birliyində geniş tərkibdə (Birliyin rəhbərliyi, KİV nümayəndələri, tanınmış şairlər, yazıçılar, ...) "Dəyirmi masa" təşkil etdik. Əhatəli fikir mübadiləsi oldu. Deyilənlər ümumiləşdirildi. Sözün, ədəbiyyatın gücündən də bəhrələnilməsi, şairlərin, yazıçıların, ədəbiyyatşünasların müharibədə iştirakının təmin olunması üçün Müdafiə Nazirliyinə müraciət etdik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov müraciətimizə böyük sayğı göstərdi, Yazıçılar Birliyinin rəhbərliyini qəbul etdi. Olduqca işgüzar, səmimi görüş oldu. İkitərəfli  memorandum imzalandı. Əvvəllər də döyüş bölgəsinə getmək istəyən şairlərə, yazıçılara şərait yaradılırdı. Bu, həm sistemsiz idi, həm də konkret ideya olmadığından səmərəsi o qədər də ciddi nəzərə çarpmırdı. İndi koordinasiya yaradılırdı; bir tədbir digərinin davamı olacaqdı.
Digər tərəfdən belə bir təşəbbüs ordu ilə cəmiyyət arasında yaranan etibarlı ünsiyyətdir. Alınan, ictimailəşdirilən informasiyaların inandırıcılıq amili var və bu amil indi dolğunluğuyla təmin edilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ədəbiyyata bu diqqətini, təbii ki, cəmiyyət olduqca ehtiramla qarşıladı.
- Fəaliyyətiniz nələri əhatələyir və yaxud əhatələyəcək.
- Hamımız Vətənin pərvanəsi olmalıyıq. Vətənpərvərlik hamımızın yaşam düsturumuzdur. Günümüzün tələbidir bu. Bu günümüzdən son nəfəsəcən belə olacaq.
Hərbi vətənpərvərlik tərbiyəsinin formalaşdırılması, istər məzmun, istərsə də forma baxımından təkmilləşdirilməsi başlıca məqsədimizdir. Belə demək mümkünsə, savaş-döyüş dövrünün ədəbiyyatının təşəkkül tapmasında vəsilə olmaq istəyirik. Yaradılmasına mənəvi dəstək, yaradılanların təbliğatçısı olmaq. Bununla da hərbi vətənpərvərlik tərbiyəsinin təbliğinin ədəbi müstəvidə rolunu yüksəltmək, ordu quruculuğuna ədəbiyyat vasitəsilə xidmət etmək. Yaranan ədəbiyyat əsgərin dünyaduyumuna kömək edirsə, onun vətənpərvərlik duyğularının formalaşmasında gərəkli olursa, bu, elə ordu quruculuğuna xidmət deməkdir.
Yeri gəlmişkən, ordumuzun bugünkü səviyyəsi hamı kimi yazıçıları, şairləri də sevindirir. İndi ordumuz əvvəlki ordu deyil. İstər nizami ordu olma baxımından, istər döyüş hazırlığı, istərsə də təchizat baxımından. İndi ordumuz Cənubi Qafqazda ən güclü ordudur. Bu ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Sülh danışıqları baş tutmasa, Azərbaycan əsgəri aprel ovqatıyla döyüşəcək. Ali Baş Komandanın "Bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq" - fikrini reallaşdıracaq. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "Ən güclü silah yaxşı təlim keçmiş əsgərdir" fikrini xatırlayıram. Belə əsgərləri olan ordumuz, təbii ki, buna qadirdir.
- Maraqlıdır, yazdığınız səngər mahnılarını səngərdə eşidibsinizmi?
- Əsgərlərlə söhbətləşmişdik. Məlum oldu ki, əsgərlərdən biri yaxşı gitara ifaçısıdı. Xahiş etdik. "İgid əsgər, mökəm dayan"ı da ifa etdi, "Əsgər, Vətən əmanəti"ni də. Davamı olaraq "Qarabağ şikəstəsi"ni. Hər üçü ruhumuzun çağırışına döndü. Hər baxışda Böyük Qələbənin işartılarını görürdük. Bir həqiqəti əsgərlərlə bir sırada, bir səngərdə yaşadıq: bu ruh qalib gələcək!
- Mahnılarla bir sırada hərbi marşlar da yazıbsınız.
- Hər şeirin öz musiqi janrı var. Musiqi janrı özünə xas olan şeir tələb edir.
Marş çağırışdı.
Türklərin mehtər marşları var. Marşlara savaş musuqisi də deyə bilərik. Marşlar döyüşən ordunun şəxsi heyətinin ruhunun formalaşmasına və əsgərin psixologiyasına emosional, duyğusal təsir göstərməklə öz möhtəşəmliyini, ecazkar gücünü  saxlamaqdadı. Müharibələr zamanı hücumlarda, həmlələrdə, bəzən əks-hücumlarda duyğuları marşlar dilləndirib, əsgəri marşlar şövqə gətirib, onun ruhunun ruhuna dönüb. Marşlar bəlkə bu xislətinə, xarakterinə görə mənim də diqqətimi çəkib, mənim də düşüncələrimin, bu anlamda yaradıcılığımın yönümünü müəyyən qədər dəyişib. Söz-musiqi vəhdətinin möcüzəsinə, qüdrətinə mən də müraciət etməyi qərara aldım. Sözün mayasını, qayəsini şeirə, şeirin mayasını, qayəsini musiqiyə marş biçimində çevirdim.
- Marşı şeir olaraq yazırsınız, yoxsa yazılmış şeirin ideyasına görə janr seçirsiniz?
- Şeirin ideyası hansı janrda daha möhtəşəm səslənərsə, həmin janrı seçirəm. Necə alınır, onu dinləyənlər yaxşı dəyərləndirər.
- "İstiqlal marşı" şeiri marş olacaqdı. Bəs digərləri?
 - "And içirik!", "Birinci batalyon", "Səfərbərlik" və digərləri məzmun baxımından marş janrını tələb edirdi.  Bu şeirlərin əsgərlərin döyüş ruhunu ifadə etməsini istədim.
Yaradıcılıq amalım belə olub: yeniyetmələrin, gənclərin, bu sıradan əsgərlərin hərbi vətənpərvərlik duyğularının formalaşmasında yardımçı olmaq. Nə yazmışamsa, belə yazmışam, nə yazacamsa, belə yazacam. Nəşrə hazırladığım "Hərbi marşlar" kitabımın əksər oxucusu əsgərlərimiz olacaq. Onları şeir kimi oxuyacaqlar, şeirlə bir sırada notları da veriləcək. Zənnimcə, hərbi hissələrin orkestrləri bundan bəhrələnə biləcək...
- Aprel döyüşlərində qazanılan qələbə sizin də ruhunuzun can ortağıdı, şübhəsiz.
- Əlbəttə. Bu döyüşlərin qələbə ovqatı vətəndaş olaraq mənim də ömrümün ziyasına döndü. Şair olaraq bu döyüşlərdən, bu döyüşün qəhrəmanlarından silsilə şeirlər yazmışam. Yaxın vaxtlarda onların bəziləri mahnı olacaq. Çox istərdim ki, onların ilk dinləyiciləri əsgərlərimiz olsun. Həm də düşmənlə təmas xəttində xidmət edən əsgərlər, səngərdəki əsgərlər.
- İstərdim ki, Böyük Qələbəyə həsr edəcəyiniz şeiri, o şeirə yazacağınız mahnını "Salam, Qələbə!" - adlandırasınız.
- Mütləq.

Söhbətləşdi: Rəşid HÜSEYNOV, əməkdar jurnalist