Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2017 10:00

Söz də bir silahdır

Rubrikamızın qonağı Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Mirzəyevdir.
- Umud müəllim, rəhbərlik etdiyiniz fond hansı  istiqamətlərdə fəaliyyət göstərir? Bu barədə oxucularımıza məlumat verməyinizi xahiş edirəm.
- Əvvəlcə qeyd edim ki, fondumuz respublikamızın müstəqilliyinin ilk vaxtlarında - 1992-ci ildə dövlət qeydiyyatına alınan ilk müstəqil beynəlxalq qeyri-hökumət təşkilatlarından biridir. Fond üç istiqamətdə - media və vətəndaş cəmiyyətinin inkişafı, sülhməramlı aksiyalar və konfliktologiya, qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində iş aparır. İllərdir çözülməyən Qarabağ probleminin həllində media mənsublarının iş birliyini və beynəlxalq jurnalistikanın dəstəyini təmin etmək təşkilatımızın əsas vəzifələrindən biridir. Bu məqsədlə saysız-hesabsız konfranslar, dəyirmi masalar və görüşlər keçirmişik. Qarabağ problemini, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsinin dəhşətlərini, qaçqınların və məcburi köçkünlərin üzləşdikləri məşəqqətləri əks etdirən xeyli kitab, broşüra və buklet çap edilməsində, sənədli filmlərin, video materialların hazırlanmasında yaxından iştirak etmişik. Keçən il fondun və ANAMA-nın təşəbbüsü ilə Azərbaycanda akkreditə olunan hərbi attaşelər cəbhə bölgəsində ermənilər tərəfindən atılan, istifadəsi qadağan edilən top mərmisinin düşdüyü əraziyə baş çəkdilər. 11 ölkədən 20-dək hərbi mütəxəssisin gözü qarşısında istifadəsi qadağan olunan ağ fosforlu top mərmisi xüsusi metodologiya vasitəsilə zərərsizləşdirildi. Həmin əraziyə ATƏT-in monitorinq qrupu da baxış keçirdi. Xatırladım ki, ötən il aprelin əvvəllərində təmas xəttində yaşanan gərginlik zamanı ermənilər Tərtərin Əskipara yaşayış məntəqəsinə kimyəvi mərmi atdılar. Xoşbəxtlikdən mərmi əkin sahəsinə düşmüşdü. Onu da əlavə edim ki, bu ağ fosforlu top mərmisi günəş işığında alışır. Ondan çıxan dumanlı hava ətrafdakı bütün canlılara həyati təhlükə törədir. Hazırda həmin mərminin düşdüyü ərazinin bir müddət əkilib-becərilməsi qadağan edilib. Hadisə ilə bağlı fondumuzun əməkdaşlarının hazırladığı video-sujet Əl-Cəzirə televiziyasında yayımlanıb.
- Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı qərarı doğma yurd yerlərimizə qayıdışın başlanğıcı idi. Nəhayət, Umud müəllimin də ata-baba yurduna - Füzuliyə, doğma kəndi Aşağı Əbdürrəhmanlıya qayıdacağı günün həsrətinə son qoyuldu...
- Ən əvvəl onu deməliyəm ki, Azərbaycan Prezidenti      cənab İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı sərəncamı cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaratdı. 2016-cı ilin aprelində Silahlı Qüvvələrimizin uğurlu əks-həmlə əməliyyatı zamanı kəndin yaxınlığındakı Lələtəpə yüksəkliyi erməni işğalçılarından azad edildi və bununla da dinc əhalinin öz doğma yurduna qayıtması üçün zəmin yarandı. Dövlətimizin başçısı bu sərəncamı imzalamaqla Cocuq Mərcanlıya qayıtmaq istəyən yüzlərlə ailənin arzusunu reallaşdırdı. İnanırıq ki, işğal altındakı torpaqlarımız azad olunacaq və həmin ərazilərdə dövlət bayrağımız dalğalanacaq. Bəli, bu yol Cocuq Mərcanlıdan başladı.
Ordumuz güclüdür, bizim ordumuz ən yüksək səviyyədə döyüş hazırlığına malikdir. Yetər ki, Ali Baş Komandan əmr etsin. Qəhrəman hərbçilərimiz düşməni məhv etməyə, erməni işğalçılarını torpaqlarımızdan qovmağa hər an hazırdır. Cocuq Mərcanlı kəndinin tarixi doğulub boya-başa çatdığım kəndin - Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin tarixi ilə oxşardır. O kəndi düşmən neçə illər idi ki, atəş altında saxlayırdı.
Bu gün Cocuq Mərcanlıya dönmək istəyən insanların sayı da getdikcə artmaqdadır. Həmin kənddə yaşamaq üçün edilən müraciətlər bunu deməyə bizə əsas verir. Hətta Azərbaycan jurnalistikasının tanınmış nümayəndələri, hörmətli professorlar Cahangir Məmmədli və Nəsir Əhmədli bildiriblər ki, zaman-zaman  oraya gedərək orta məktəblərdə  şagirdlərlə görüşlər təşkil etsinlər.
Biz  yurd yerlərimizə dönəcəyimiz günün əhval-ruhiyyəsi ilə yaşayırıq. Qarabağ camaatı torpağa, yurda bağlı insanlardır. Mən o yerlərdə böyümüşəm. Bu insanlar nə qonşusu, nə də kənar şəxslərlə heç zaman konflikt hissi ilə yaşamayıblar.
- Şuşanın işğalından 25 il ötdü. Xalqımız 25 ildir ki, Şuşa həsrətilə yaşayır...
Şuşanın işğalından üç gün əvvəl - mayın 5-də xarici jurnalistlərlə  Şuşaya getmişdim. Mən o zaman "Ədəbiyyat və incəsənət" qəzetində elm, publisistika və məktublar şöbəsinin müdiri idim. Bu üç gün ərzində  Şuşanın işğal olunacağını heç  vaxt təsəvvürümə gətirməzdim. Mənim tərcümeyi-halımda Şuşanın işğal olunduğu gün - mayın 8-i ən kədərli bir gündür. Düşmən birdəfəlik anlamalıdır ki, bu gün işğal altında saxladıqları Şuşa, Laçın, Ağdam, Füzuli və digər torpaqlarımız Azərbaycanın tarixi torpaqlarıdır. Onlar orada müvəqqətidirlər. Azərbaycan xalqı öz qanuni torpaqlarının sahibi olacaq.  Ötən il ordumuzun aprel zəfəri, bu il Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Prezidentin sərəncamı torpaq, yurd həsrətlilərimizin qəlbində ümid çırağını daha da alovlandırdı. 
-  Bəs aprel döyüşləri bizə hansı dərsləri öyrətdi?
- Aprel döyüşləri gedən zaman məni bir məqam daha çox qürurlandırdı. Gənclər, keçmiş döyüşçülər, qəlbi Vətənlə döyünən insanlar döyüş bölgələrinə yollanırdılar. Mən də aprel döyüşləri gedən müddətdə səngərlərdə ordumuzun qorxmaz, cəsur oğullarının yanında oldum. Goranboy, Tərtər, Ağdam, Füzuli, Beyləqan rayonlarında əhali ilə birlikdə ordumuzun aprel zəfərinin sevincini yaşadıq. Həmin günlərdə xalq Ali Baş Komandanın döyüş əmrini gözləyirdi. Bizim bir olmağımız, bütöv olmağımız  bütün qələbələrimizin rəhnidir,  mayasıdır. Ordumuzun aprel qələbələri düşmənə onu göstərdi ki, qüdrətli Azərbaycan dövləti var. Onun yenilməz ordusu, qarşısı alınmaz Azərbaycan əsgəri var. Ona görə də  Ermənistan rəhbərliyi nə qədər ki, gec deyil, öz məkrli niyyətindən əl çəkməli, işğalçılıq siyasətinə birdəfəlik son qoymalıdır.
- Atanızı doğma yurdda - Aşağı Əbdürrəhmanlıda torpağa tapşırdınız. Bir mənəvi borc olaraq bu məsuliyyətli addımı, yəqin ki, ordumuza güvənərək atmısınız.
-  Rəhbərlik etdiyim Beynəlxalq Avrasiya Mətbuat Fondunun əsas missiyası barışa söykənir, sülhü dəstəkləyir. Bilirsiniz, insanın bağlı olduğu dəyərlər var. Atam son dərəcə zəhmətkeş, elinə, obasına, torpağına hədsiz bağlı bir insan idi. Ömrünün son üç ilini ağır xəstə yatdı, kəndimizdə dəfn edilməsini  bizə vəsiyyət etdi. Bizim kəndimiz də erməni faşistlərinin dağıtdığı, viran qoyduğu yurd yerlərimizdəndir. Təsəvvür edin, qəbiristanlığımız güllələnmiş məzarlıqlar məbədgahıdır. Onun bir tərəfində bizim ordu bölmələri  keşik çəkir, digər tərəfində isə işğalçı Ermənistanın silahlı  qüvvələri dayanır. Buradakı məzar daşları erməni vandalları tərəfindən dağıdılıb, güllələnib. Ötən il dekabrın 8-də  gecə saat 8-9 radələrində əsgərlərimizin də  köməkliyi ilə atamı dəfn etdik. Kəndin ordumuzun nəzarətində olan hissəsində 17 quyudan ibarət kəhriz var. Nəzərdə tutmuşuq ki, həmin quyuları istifadəyə yararlı vəziyyətə gətirək. Qoy əzizlərinin məzarlarını ziyarətə gələn insanlar, həmçinin, hərbçilərimiz o kəhrizlərdən istifadə etsinlər.
- Azərbaycan mediasında informasiya təhlükəsizliyi hansı səviyyədə təmin olunur?
- Həmişə çıxışlarımda, qeydlərimdə bir məsələni xüsusi vurğulamışam ki, bu gün Azərbaycan jurnalistinin məsuliyyəti heç də Azərbaycan əsgərinin məsuliyyətindən az deyil. İnformasiya məkanındakı səngərimiz daha artıq məsuliyyətli olmağı tələb edir. Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, psixoloji müharibənin tərkib hissəsi olan informasiya müharibəsində yalan, hədələmə, ideoloji təxribat kimi texnologiyaların köməyi ilə bir ölkə digər ölkənin apardığı siyasəti gözdən salmağa, xalqla ordu arasında nifaqa çalışır, bir sözlə, insanlar arasında dövlətə inamsızlıq yaratmaq üçün dəridən-qabıqdan çıxır.
Haşiyə. Erməni mətbuatının Azərbaycanla bağlı yaydıqları yalan informasiyaların bəzən qəzetlərimizin səhifələrinə yol tapmasına nə ad vermək olar? Məsələn, bu ilin noyabrında (2015-ci ilin noyabrı nəzərdə tutulur - L.Hüseynova) erməni mətbuatı belə bir yalan uydurmuşdu. Guya Azərbaycan Ordusu Rusiyanın yük maşınına atəş açıb. Bu yalan informasiya Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal təkzib edildi.
Mətbuat Şurası informasiya təhlükəsizliyi sahəsində uzun illərdi ciddi işlər aparır. 2014-cü ilin avqustunda cəbhədə yaranan gərginliklə əlaqədar ölkənin media qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı vacib olan məsələlər gündəmə gətirildi. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin jurnalistlərlə görüşü oldu. Prezidentimiz cənab İlham Əliyev informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq sərəncam imzaladı. Həmin sərəncamda KİV-də və internet saytlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqinin keçirilməsi və "Dövlət sirri haqqında" Qanuna görə dövlət sirri təşkil edən məlumatları yayan şəxslərin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb ounması nəzərdə tutulub.
Məhz biz jurnalistlər Azərbaycanın haqq səsini dünyaya çatdırmalı, antiazərbaycan təbliğatı aparanlara tutarlı cavablar verməliyik.  Bütün bunlar ölkənin infomasiya təhlükəsizliyinin qorunmasına xidmət edən məqamlardı. Lakin bizdən tələb olunan əsas məqamlardan biri vətəndaş mövqeyidir. Bax biz o məqamı heç zaman unutmamalıyıq, daxilimizdə senzorumuz, təlimatçımız olmalıdır. Təkcə informasiyanı verməklə iş bitmir, vətəndaşı olduğun ölkənin milli maraqlarının qorunması daha vacibdir. Elə informasiyalar var ki, cəmiyyətdə xoşagəlməz fəsadlar törədə bilər. Alman filosofu Fridrix Nitsşenin dediyi kimi: “Bəzən bir söz də fırtına qopara bilər”.
- Beynəlxalq Avrasiya Mətbuat Fondunun orduyla əməkdaşlığı varmı?
- Qarabağ müharibəsinin ən qızğın vaxtlarında respublikanın tanınmış şair və yazıçılarının, ziyalılarının, elm, incəsənət xadimlərinin cəbhəyə səfərlərini, döyüşçülərlə görüşlərini təşkil etmişik. Demək olar ki, orduyla gündəlik təmaslarımız olur. Hər ay bizim təşkilatın təşəbbüsü ilə xarici ölkə jurnalistləri Azərbaycana gəlir. Biz onları cəbhə bölgələrinə də aparırıq. O jurnalistlər düşmənlə yaxın ərazilərdən informasiya əldə edirlər. Bütün bunların hamısı, əlbəttə,  ordumuzla əməkdaşlığın nəticəsində baş tutur. Tərtər rayonunda peşə təlim mərkəzimiz fəaliyyət göstərir. Orada ölkə və xarici jurnalistlərin təhlükəli zonalarda fəaliyyət göstərmələri ilə bağlı mütəmadi təlimlər keçiririk. Buraya ordu mütəxəssisləri də cəlb edilir və onlar dəyərli məsləhətlərini gənc jurnalistlərlə bölüşürlər.
Bu gün dövlətimizin, ordu rəhbərliyinin apardığı məqsədyönlü işlər cəmiyyətimizdə çox müsbət qarşılanır.
- Umud müəllim, əsgər və zabitlərimizə nə arzulardınız?
- Demək olar ki, mən hər zaman hərbçilərimizlə bir yerdəyəm. Arzu və istəklərimi onlara çatdırıram: Birliyimiz, həmrəyliyimiz Böyük Qələbəmizi, doğma torpaqlarımıza, Şuşamıza, Qarabağımıza qovuşacağımız günü yaxınlaşdırır. Vətənin müdafiəsində dayanan hər kəsə cansağlığı diləyirəm. Sizdən Qələbə müjdəli xəbərlər gözləyirik. Azərbaycan xalqı müdrik Ali Baş Komandanına və onun əsgərinə güvənir.
- Müsahibəyə görə çox sağ olun.

Söhbəti apardı: Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"