Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 May 2017 10:38

İgidlərin ömür yolu gənclərimiz üçün əsl həyat məktəbidir

2008-ci ilin bir yay günü mavi Xəzərin qoynunda yerləşən bir ünvana tələsən yeniyetmələr arasında Tərlan da vardı. O da erkən yaşlarından  zabit olmağı, Vətən adlı bir ömür yaşamağı qarşısına məqsəd qoymuşdu. Həm də bu marağın əsasında dayısı Muradın tövsiyələri dayanırdı (Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev - A.P.) Tərlan həmişə doğmalarına, yaxınlarına deyib ki, mən də dayımın yolunu davam etdirəcəm.
"Hər dəfə dayım bizə gələndə tez yanına qaçırdım. Çevik, cəsur görkəmi vardı. Əllərimi sıxanda az qala deyərdim ki, asta sıx. Çiynində parıldayan paqonlarına həsədlə baxıb düşünərdim: dayım müqəddəs peşənin sahibidir, çünki Vətənimizi qoruyanlardan biridir. Beləcə illər ötüb keçdi, yeddinci sinifdə oxuyanda dayıma zabit olacağımı dedim. Yaman sevinmişdi, amma demişdi ki, hərbçi olmaq sənə asan gəlməsin, bu peşənin çətinliklərini duymadan zabit ola bilməzsən.  Qərarım qəti oldu, valideynlərim də fikrimi öyrənəndə tərəddüd etmədilər..."
Bu sözləri cəbhə xəttindəki hərbi hissələrimizdən birində nümunəvi taqım komandiri olan leytenant Tərlan Salmanov söhbətimizdə dedi. Onunla tanışlığım heç də təsadüf olmadı. Təcrübəli silahdaşım Elnur Həsənovla ön xətdəki bölmələrə yola düşəndə söz verdi ki, məni maraqlı bir həmsöhbətlə  tanış edəcək. Qəzetimizdə müntəzəm fəaliyyət göstərən "Gənc zabitlərimiz" rubrikasında yazılar vermək üçün daim axtarışda oluruq, xidmətdə döyüş və mənəvi keyfiyyətləri ilə nümunə göstərilən zabitləri həm tanıyırıq, həm də tanıdırıq. Yadımdadır, keçən il Füzuli bölgəsində bir gənc zabit haqqında yazı vermişdim. Sonra başqa bölgələrdə onu tanıyanlar mənə minnətdarlıq etdilər ki, layiqli bir zabiti tanıtmaqda əsl xeyirxahlıq göstərmisiniz. Biz jurnalistlərin də məramı belədir, Vətənimizə can-başla xidmət edənləri hamıya tanıtmağa çalışırıq.
Leytenant Tərlan Salmanov əvvəlcə sənədlərini C.Naxçıvanski adına Hərbi Liseyə verib, sonra da ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Hər iki təhsil müəssisəsində oxuduğu illərdə hərbə hədsiz marağı yaranıb. Təcrübəli, döyüş xidmətləri olan zabitləri əhatəsində görəndə sevinib, onlardan çox şey öyrənməyə çalışıb. Oxuduqları, öyrəndikləri isə onu gələcəyin savadlı, vətənpərvər hərbçisi olmağa ruhlandırıb.
- Hər iki məktəbdə oxuduğum illər ömrümün ən qiymətli  hissəsidir, - deyir leytenant. - Adam hər gün nəsə öyrənəndə kamilləşir, dünyagörüşü artır. Zabit peşəsi isə daha çox öyrənməyi, çalışqan olmağı tələb edir. Bir hərbi müəllimimiz vardı, həmişə deyirdi ki,  tabeliyindəki əsgərlərin qarşısına çıxan zabit bütün keyfiyyətləri ilə - həm savadı, həm davranışı, həm də dünyagörüşü ilə nümunə olmalıdır. Daim Ümummilli Liderimizin ömür yolu, Vətən, xalq qarşısında böyük xidmətləri bizə təbliğ olunurdu. Dahi rəhbərin irsini dərindən öyrənirdik, indi də öyrənirik.  Bilirik ki, onun tövsiyələrinə əməl etməklə gələcəyin bacarıqlı, üzağardan peşə sahibləri olacağıq.
Leytenant bir anlıq xəyala dalıb Milli Qəhrəmanla bağlı xatirələrini yenidən çözələyir. "Heç yadımdan çıxmır, bir dəfə fiziki hazırlıqdan göstəricim zəif olmuşdu. İstirahət günü axşam dayım bizə gəldi, mənimlə də təklikdə söhbət etdi. Dedi ki, əsl zabit olmağı qarşısına məqsəd qoyan gənc bütün xüsusiyyətlərinə görə həyatda liderliyi bacarmalıdır. Çətin, mürəkkəb təbii şəraitdə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirmək üçün yetərincə çevik, cəsur olmağın vacibliyini mənə  təmkinlə aşıladı. Və həmin gündən sonra  bir daha fiziki məşğələlərdə geriliyim olmadı. Ümumiyyətlə, nə çətinliyim olurdusa, Murad dayım mənə diqqətini, köməyini əsirgəmirdi. Bu gün taqım komandiri kimi xidmətə başladığım qısa müddətdə onun tövsiyələrinin nə qədər vacib, gərəkli olduğunu hiss edirəm. Ömrüm boyu özümə ideal bildiyim bu nəcib insanla bağlı xatirələrim tükənən deyil."
2015-ci ilin iyun ayı. Qızmar yay günüdür. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin əzəmətli idman meydanında qələbəlikdir. Həmin gün doğma məktəb öz məzunlarını yola salırdı. Çiyinlərində zabit paqonu par-par parıldayan gənclər arasında Şirvan şəhər sakini leytenant Tərlan Babək oğlu Salmanov da vardı. Çoxları onu təbrik edirdi, amma polkovnik-leytenant Murad Mirzəyevin də səsini eşitmək arzusundaydı. Həmin axşam hardansa zəng edib gənc zabitlə ürəyindən keçən ən xoş arzularını bölüşür.
- Kitablardan oxumuşam, filmlərdən öyrənmişəm ki, həyatında uğur qazanmaq üçün gərək özünə ideal seçəsən, - deyə müsahibim yenə də Milli Qəhrəmanla bağlı xatirələrindən danışır. - Onun ailəsi də əsl hərbçi ailəsi idi. Həyat yoldaşı dərindən başa düşürdü ki, Murad Vətən üçün ömür yaşayır, onun əqidəsi, amalı Vətənidir, xalqıdır, dövlətidir. Günlərlə, həftələrlə, aylarla uşaqları onu görməzdi. Amma ömür-gün yoldaşı balacaları da Murada layiq böyüdürdü, tərbiyə edirdi. Həyat yoldaşı həmişə deyirdi ki, Murad böyük, müqəddəs bir yolun yolçusudur.
Doğru deyirsən, leytenant, elə bu yol da onu ən uca zirvəyə - şəhidliyə apardı. Bu gün Murad Mirzəyevlə təkcə ailəsi, doğmaları deyil, bütün Azərbaycan xalqı fəxr edir, öyünür. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında ordumuzun əsgər və zabitlərinin vətənpərvərliyini yüksək qiymətləndirir, Vətən uğrunda fədakarlıq göstərən hərbi qulluqçulara önəm verir.
Bu gün cəbhə xəttində yerləşən hərbi bölmələrimizdən birinin kollektivinə leytenant Tərlan Səmədovun da adı tanışdır. Çünki qısa vaxt ərzində özünü savadlı, tələbkar, bir sözlə, hazırlıqlı zabit kimi tanıdıb. O bu gün qarşısına bir məqsəd qoyub: Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə hər cür fədakarlığa hazır olmaq və özünə ideal bildiyi qəhrəmanın etimadını doğrultmaq. Azərbaycan Ordusunun əfsanəvi döyüşçüsü, şəhid polkovnik-leytenant, Milli Qəhrəman Murad Mirzəyevin adına layiq zabit olmaq, həqiqətən də, son dərəcə məsuliyyət və böyük şərəfdir. İnanıram ki, Tərlan bu şərəfi doğruldacaq!

Arif PƏNAHOV,
"Azərbaycan Ordusu",
fotolar
Coşqun CƏFƏROVUNDUR