Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 May 2017 10:37

Nəsillərə nümunə ömür

Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü olmuş Kərim Abbasəli oğlu Kərimovun adı Azərbaycan xalqına yaxşı tanışdır. Onun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, bu günlərdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında elmi-praktik konfrans keçirildi. Gənclər və İdman Nazirliyinin, Milli Aerokosmik Agentliyinin nümayəndələri, veteranlar, ziyalılar, xüsusi təyinatlı hərbi məktəblərin kursantları tədbirdə iştirak edirdilər.
Öncə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri açıq elan edən Respublika Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirdi ki, xalqımızın görkəmli şəxsiyyətlərindən biri general-leytenant Kərim Kərimov 14 noyabr 1917-ci ildə Bakının Pirşağı qəsəbəsində neftçi ailəsində anadan olub. "Hələ orta təhsil dövründən radiotexnikaya maraq göstərən Kərim Kərimov 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olur və oranı elektromexanik kimi bitirir. Onun ideyaları hərbi mühəndisləri maraqlandırırdı. Artıq bu dövrdə İkinci Dünya müharibəsi gedirdi. Gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün göndəriş verilir. Maraqlıdır ki, bilikləri yoxlanıldıqdan sonra Kərim Kərimov birbaşa akademiyanın yuxarı kursuna qəbul olunur. 1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa çatdıran Kərim Kərimov "Katyuşa" adı ilə tanınan yaylım atəş qurğusu üzrə mütəxəssis kimi tanınır. Öz işinə can yandıran, silahın təkmilləşdirilməsi sahəsində bir neçə dəyərli təklif irəli sürən Kərim Kərimov həmin vaxtdan hərb elminin inkişafı naminə əməyini əsirgəmir."
Natiq çıxışında Kərim Kərimovun keçmiş SSRİ və Azərbaycan elminə verdiyi töhfələrdən, xüsusən aerokosmik sahənin inkişafında müstəsna xidmətlərindən danışdı: "Kərim Kərimov Baykonur kosmodromunun əsası qoyulan gündən Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edildi. SSRİ-də kosmonavtikanın inkişafında onun da rolu az olmayıb.  
O dövrdə Sovet kosmonavtikasının fəxri sayılan alim-mühəndis "Soyuz" kosmik gəmiləri, "Salyut" orbital stansiyası, sonradan isə çoxmodullu "Mir" stansiyasının yaradılmasına böyük töhfə verir. Həmyerlimiz olan general bir çox azərbaycanlı alimin də bu sahədə fəaliyyəti üçün şərait yaradır."
Ehtiyatda olan polkovnik çıxışını ümummilli lider Heydər Əliyevin 15 il əvvəl alimin haqqında dediyi təbrik sözləri ilə bitirdi: "Sizin əməyiniz istər dövlət, istərsə də kosmik elm və texnikanın görkəmli nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir. Sizin topladığınız təcrübə və hərtərəfli biliklər ölkəmizdə kosmik tədqiqatların inkişafına, şübhəsiz, töhfəsini verəcəkdir."
Sonra Milli Aerokosmik Agentliyinin baş direktorunun birinci müavini, texnika elmləri doktoru Tofiq Süleymanov, texnika elmləri doktoru Fəxrəddin Ağayev və ehtiyatda olan polkovnik Oktay Əhmədov da xatirələrini bölüşərək alimin kosmonavtika elminə töhfələrindən danışdılar, onun əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini bildirdilər.
Tədbirin sonunda xalq artisti Vasif Babayevin Kərim Kərimovdan bəhs edən sənədli filmi nümayiş olundu.

Günay TAĞIYEVA,   
"Azərbaycan Ordusu"