Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2017 10:33

Azərbaycan Ordusunun tarixi yubileyləri ərəfəsində

Ehtiyatda olan polkovnik Mehman SÜLEYMANOV,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm Şöbəsinin hərb tarixi üzrə dosenti, tarix elmləri  doktoru


İnkişaf xüsusiyyətlərinə və əhəmiyyətinə görə XX əsrin birinci rübünü Azərbaycanın hərb tarixinin intibah və təkamül dövrü kimi xarakterizə etmək mümkündür. Baxmayaraq ki, bu dövr ərzində Azərbaycan xalqı siyasi məzmunu ilə bir-birindən fərqlənən üç siyasi quruluşda yaşamalı olmuşdu, amma bu quruluşların hər birinin Azərbaycanın hərb tarixində özünəməxsus yeri vardır.
Çar Rusiyası tərkibində azərbaycanlıların bu imperiyanın ordusunda xidmət etməsinə müəyyən məhdudiyyətlər olmasına baxmayaraq, XX əsrin əvvəllərində bu ordu tərkibində azərbaycanlı zabitlərin və generalların yeni bir nəsli yetişdi, Port-Artur və Birinci Dünya müharibəsi cəbhələrində bu nəsil zabitlər peşəkarlıq baxımından daha da formalaşdılar və sonradan onların böyük bir hissəsi müstəqil Azərbaycanın ordu quruculuğunun kadr bazasını təşkil etdilər.
1917-1918-ci illərdə Azərbaycanda ordu quruculuğunun əsası qoyuldu. Bu dövrdə atılan addımların bir hissəsi Azərbaycanın müstəqilliyi ərəfəsinə, yəni 1917-ci ilin sonlarına və 1918-ci ilin əvvəllərinə təsadüf edir. Bununla belə, həmin dövrdə görülən işlərin əhəmiyyətini qeyd etməmək mümkün deyil. Məsələn, 1917-ci il dekabrın 11-də o zaman Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya Komissarlığı tərəfindən Müsəlman korpusunun yaradılması haqqında qərar qəbul edildi və sonradan Azərbaycan Xalq Cümhuriyyəti ordusunun əsasının təşkil edəcək hissə və birləşmələrin, o cümlədən hərbi strukturların əsası qoyuldu. Müsəlman korpusunun hərb tariximiz üçün başqa bir əhəmiyyəti ondadır ki, bu korpus XX əsr Azərbaycanın hərb tarixində ilk nizami hərbi birləşmədir. Müsəlman korpusunun formalaşması çərçivəsində 1918-ci il martın 1-də isə Azərbaycanda milli hərbi təhsilin əsası qoyuldu.
Başqa sözlə, xalqımız 1917-ci ilin dekabrında Müsəlman korpusunun təşkilinin, 1918-ci il martın 1-də Azərbaycanda milli hərbi təhsilin əsasının qoyulmasının, həmin ilin iyununda Azərbaycan Ordusunun yaradılmasının, 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhərinin erməni-daşnak qüvvələrindən azad edilməsinin 100 illiyini qeyd edəcəkdir. Ona görə də yaşadığımız cari il və üzümüzə gələcək 2018-ci il Azərbaycan Ordusunun tarixində bir əsrlik yubileylər ilidir və şübhə yoxdur ki, bu yubiley tarixlərinin hər biri layiqincə qeyd ediləcəkdir.
Ötən illərin təcrübəsini nəzərə alaraq demək olar ki, bu tarixi yubileylərin qeyd edilməsi üçün həm dövlət səviyyəsində, həm də ordu səviyyəsində tədbirlər proqramı qəbul ediləcəkdir. Bu tarixi yubileylər, heç şübhəsiz ki, həm də Azərbaycan Ordusunun bir əsrlik tarixinin açılmamış səhifələrinin araşdırılması, üzə çıxarılması ilə əlamətdar olacaqdır və bu istiqamətdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm Şöbəsi tərəfindən artıq konkret proqram tutulmuşdur.
Azərbaycan Ordusunun 100 illik tarixinin araşdırılması ilə bağlı yeni vəzifələr, əslində, hələ 2016-cı ildə müəyyənləşdirilib. Ötən il mayın 4-də Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən təşkil edilmiş "Heydər Əliyev irsində hərb tarixi məsələləri" mövzusunda elmi konfransda çıxışı zamanı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın hərb tarixinin kompleks öyrənilməsinin zəruriliyi barəsində göstəriş və tövsiyələrini verdi. Həmin göstəriş və tövsiyələrin həyata keçirilməsi istiqamətində Hərbi Akademiyanın Adyunktura və Elm Şöbəsi artıq konkret işlər görmüş və yaxın gələcək üçün də konkret vəzifələr müəyyənləşdirmişdir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı aparılan araşdırmalar Silahlı Qüvvələrin Hərbi Akademiyasının elmi iş planı əsasında qurulur. Hərbi Akademiyanın rəhbərliyinin əməli köməyi nəticəsində artıq müəyyən nəticələr əldə edilmiş və çap üçün təqdim olunmuşdur.
Hər şeydən əvvəl Adyunktura və Elm Şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivində və Müdafiə Nazirliyinin arxivində uzunmüddətli araşdırmalar aparılmış, Müsəlman korpusunun və Cümhuriyyət Ordusunun tarixi ilə bağlı yeni faktlar üzə çıxarılmış, müasir Azərbaycan Ordusunun tarixi ilə bağlı isə yeni-yeni sənədlər elmi dövriyyəyə gətirilmişdir. Adyunktura və Elm Şöbəsi tərəfindən artıq çapa hazırlanmış "Azərbaycan Ordusunun tarixi" adlı çoxçildliyin  I və II cildləri Müsəlman korpusunun və Cümhuriyyət Ordusunun tarixinə həsr olunmuşdur, onların hazırlanmasında son zamanlar üzə çıxarılmış maraqlı faktlardan geniş istifadə olunmuşdur. Arxivlərdə üzə çıxarılmış materiallar əsasında xeyli sayda elmi məqalələr hazırlanmış və həmin məqalələr "Azərbaycan Ordusu" qəzetində, "Hərbi Bilik" jurnalında, "Milli Təhlükəsizlik və Hərbi Elmlər" jurnalında çap olunmuşdur. Həmin materiallar əsasında Adyunktura və Elm şöbəsi əməkdaşlarının iştirakı ilə Azərbaycan televiziyasının "Hərb tariximizdən" proqramında Cümhuriyyət Ordusunun tarixi ilə bağlı 2017-ci ilin birinci rübündə üç veriliş hazırlanmışdır. Ümumən, Azərbaycan Ordusunun 100 illik tarixinin müxtəlif səhifələrinin təbliği və ictimaiyyətə çatdırılması üçün Azərbaycan televiziyasının müvafiq proqramı ilə, "Azərbaycan Ordusu" qəzetinin və "Hərbi Bilik" jurnalının redaksiyaları və Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə işgüzar əməkdaşlıq əlaqələri yaradılmış, bu əməkdaşlıq gələcəkdə davam etdiriləcəkdir.
Azərbaycan Ordusunun 100 illik yubileyi ilə bağlı Adyunktura və Elm Şöbəsi tərəfindən Müsəlman korpusunun komandiri və Cümhuriyyətin hərbi nazirinin müavini tam artilleriya generalı Əlağa Şıxlinski haqqında monoqrafiya hazırlanmışdır. Nəzərdə tutulmuşdur ki, Cümhuriyyət Ordusu və onun qurucuları haqqında məqalələr hazırlanaraq xarici ölkələrin mətbuat orqanlarında da  çap etdirilsin. Bu istiqamətdə işlərə artıq başlanıb və general Əlağa Şıxlinski haqqında hazırlanıb məqalə hazırda tərcümə olunmaqdadır. Adyunktura və Elm Şöbəsinin planına əsasən, cari ilin sonuna kimi Cümhuriyyətin hərbi naziri Səməd bəy Mehmandarov haqqında da monoqrafiyanın tamamlanması nəzərdə tutulub.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm Şöbəsi tərəfindən 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçiriləcək elmi konfransın hazırlığına da artıq başlanmışdır. Konfransla bağlı məlumat hazırlanaraq respublikanın elmi ictimaiyyəti arasında yayılmışdır. Nəzərdə tutulmuşdur ki, konfransa göndəriləcək elmi məqalələr ayrıca toplu halında çap olunsun.
Adyunktura və Elm Şöbəsi  tərəfindən fəlsəfə doktoru və elmlər doktoru üzrə təhsil alan tədqiqatçılar da artıq Azərbaycan Ordusunun 100 illik tarixinin öyrənilməsinə cəlb edilir. 2016-cı ildə fəlsəfə doktoru proqramı üzrə adyunkturaya daxil olmuş Gülsurə Hüseynovanın elmi işi məhz Azərbaycan Ordusunun tarixi ilə bağlıdır. Onun Azərbaycan Ordusunda dil məsələsi ilə bağlı artıq üç məqaləsi çap olunmuşdur. G.Hüseynova eyni zamanda Cümhuriyyət Ordusunun hərbi şərqilərini toplayaraq çapa hazırlayıb və bu toplu da yaxın vaxtlarda işıq üzü görəcək.
Azərbaycanın Sovet dövrü, müstəqillik dövrü, o cümlədən 2016-cı ilin aprelində erməni təxribatlarına qarşı əldə edilmiş tarixi qələbələr də Azərbaycan Ordusunun 100 illik tarixinin şanlı səhifələrini təşkil edir və bu dövrlərin hərb tarixinin kompleks şəkildə öyrənilməsi, təbliğ edilməsi də Hərbi Akademiyanın Adyunktura və Elm Şöbəsinin yaxın dövr üçün fəaliyyətinin tərkib hissəsidir.