"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2017 16:30

Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

Şəmkir rayonundakı “N” saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunan anma mərasimi keçirilib.
Əvvəlcə mərasim iştirakçıları İsgəndər Aznaurovun adını daşıyan məktəbin qarşısındakı büstü önünə əklil qoyaraq şəhidin xatirəsini ehtiramla anıblar.
Hərbi hissənin əsgər klubunda davam edən mərasimdə ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsi hörmət və ehtiramla yad edilib.
Sonra polkovnik-leytenant Loğman Xanlarov Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun həyat və döyüş yolu barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə milli zəmində baş verən məlum hadisələrdən sonra bir çox ahısqa türk ailəsi kimi onların ailələri də Azərbaycana pənah gətirib və Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıblar. 1992-ci ildən Azərbaycan Ordusunda könüllü olaraq zabit kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşub, Mutludərə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərdə şəxsi şücaət nümunələri göstərib.
1993-cü ilin baharında şəhid olan İsgəndər Aznaurova yalnız iki il sonra ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Dövlətimiz İsgəndər Aznaurovun xidmətlərini yüksək qiymətləndirib. İndi onun adına yaşayış məntəqəsi, küçə və məktəb var. Vaxtilə döyüşdüyü səngər bu gün “İsgəndər qalası” adlanır və igid oğullarımız bu qalanın keşiyində ayıq-sayıq dayanaraq düşmən hücumlarının qarşısını mərdliklə alırlar.
İsgəndər Aznaurovun döyüşçü dostları Dilqəm Əliyev, Sənan Quliyev, Əlyar Novruzov, Şahin Adıgözəlov qəhrəman döyüşçü ilə bağlı xatirələrini bölüşüblər.
Şınıx kənd camaatı adından çıxış edən İsmayıl Bayramov isə bildirib ki, Azərbaycanın Milli Qəhramanı İsgəndər Aznaurovun əziz xatirəsi ölümün caynağından xilas etdiyi şınıxlıların xatirələrində əbədi yaşayacaqdır. 
Mərasimdə Azərbaycanın  Milli Qəhrəmanı, şəhid İsgəndər Aznaurova  həsr olunan  videoçarx nümayiş etdirilib.
Sonda Kür qəsəbəsinin Mədəniyyət Evinin kollektivinin və orta məktəb şagirdlərinin birgə hazırladıqları kompozisiya təqdim olunub.