Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Noyabr 2014 09:00

Milli Qəhrəman Şövqiyar Abdullayevin xatirəsi ehtiramla yad edilib

Bu günlərdə Azərbaycan Hərb Tarixi Muzeyi, Suraxanı Rayon İcra Hakimiyyəti və keçmiş Səbail tank taborunun təşkilatçılığı ilə Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində əfsanəvi tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin anadan olmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Mərasimdə xüsusi təyinatlı təhsil müəssisələrinin, veteran təşkilatlarının, Suraxanı və Şuşa rayon İcra hakimiyyətlərinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbir başlanmazdan əvvəl qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyublar.
Sonra tədbir Dövlət Himninin səsləndirilməsi, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik şükutla yad olunması ilə davam etdirilib.
Tədbiri giriş sözü ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova açaraq qeyd edib ki, Milli Qəhrəmanlara dövlət qayğısının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, Milli Qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial hüquqlarının qorunması ulu öndərin davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən də inamla davam etdirilir.
Yubiley mərasimində Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə "Şövqiyar Abdullayev-Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan qəhrəmanı" adlı məruzəsində vurğulayıb ki, Azərbaycanın tarixi qəhrəmanlıq səhifələri ilə zəngindir.
Milli Qəhrəmanın ad günü mərasimində "Dədə Qorqud" Milli Fondunun prezidenti Eldar İsmayılov Şövqiyar Abdullayevin ölümündən sonra layiq görüldüyü "Vətən Övladı" ordenini atası Cəmil Abdullayevə, "Mehriban Ana" medalını isə ailə üzvlərinə təqdim edib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Qarabağ müharibəsinin ağrı-acılarını xatırlayaraq bildirib ki, ordumuzun gücü, qüdrəti sayəsində torpaqlarımızı düşmən tapdağından azad edib, üçrəngli bayrağımızı Şuşada dalğalandıracağıq.
Sonra Səbail tank taborunun sabiq komandiri Hacı Əzimovun, Milli Qəhrəmanın atası Cəmil Adullayevin və döyüşçü yoldaşı Bəxtiyar Dəmirovun qəhrəmanla bağlı xatirələri dinlənilib. Tədbir keçmiş Səbail tank taboruna həsr olunmuş filmin nümayişi ilə başa çatıb.