Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 2017 15:00

“Dəniz kuboku-2017” müsabiqəsi ilk dəfə Azərbaycanda keçiriləcək

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ)  komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olub.
Səfər zamanı Rusiyanın Hərbi Dəniz Donanmasının (HDD) baş komandanının müavini vitse-admiral Aleksandr Fedotenkov və Baş komandanlığın zabitləri ilə Azərbaycan nümayəndə heyəti arasında işçi görüşlər keçirilib.
Rusiya HDD Baş komandanlığının nümayəndələri ilə Azərbaycan HDQ nümayəndələri arasında keçirilən görüşdə yarışların təşkili və keçirilməsi üzrə əvvəlki illərin təcrübəsi nəzərdən keçirilib, 2017-ci ilin avqust ayında Azərbaycanın ərazi sularında suüstü gəmilərin heyətlərinin Beynəlxalq ordu oyunları çərçivəsində keçiriləcək “Dəniz kuboku-2017” müsabiqəsinin qaydaları, rəhbəredici sənədlərin işlənilməsi və digər təşkilati məsələlər müzakirə olunub.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiyanın suüstü gəmilərin heyətlərinin sağqalma qabiliyyəti üzrə hazırlığı üçün nəzərdə tutulmuş təlim-məşq komplekslərinin yaradılması sahəsində ixtisaslaşan müəssisələrindən birini ziyarət edib, “Kreyser Avrora” Mərkəzi hərbi-dəniz muzeyinin filialının yenilənmiş ekspozisiyası ilə tanış olub.