Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Oktyabr 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri Pakistan İslam Respublikası senatının müdafiə və müdafiə sənayesi üzrə komitəsinin sədri, Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən Pakistan Parlament Qrupunun rəhbərini qəbul edib

Oktyabrın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası senatının müdafiə və müdafiə sənayesi üzrə komitəsinin sədri, Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən Pakistan Parlament Qrupunun rəhbəri Müşahid Hüseyin Syedi qəbul edib.
Möhkəm təməllər üzərində qurulan Azərbaycan-Pakistan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyini ifadə edən nazir Səfər Əbiyev bildirib ki, bütün istiqamətlərdə olduğu kimi, siyasi sahədə də Azərbaycan həmişə Pakistanın yaxından dəstəyini hiss edib. Nazirin sözlərinə görə, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasında olan Pakistan İslam Respublikası dostluq və qardaşlıq ənənələrinə sadiq qalaraq bu gün də müxtəlif məsələlərlə əlaqədar beynəlxalq səviyyələrdə ölkəmizdən öz köməyini əsirgəmir.
Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı aparılan fikir mübadiləsi zamanı pakistanlı qonaq müşahidə qrupunun rəhbəri kimi seçkilərin beynəlxalq standartlara tam cavab verdiyi qənaətində olduğunu bildirib. O, vurğulayıb ki, demokratik və şəffaf şəraitdə keçən bu seçki ilə Azərbaycan xalqı bir daha cənab İlham Əliyevə öz etimadını göstərdi. Onun fikrincə, İlham Əliyev bir prezident kimi həqiqətən, Azərbaycanın həyatında böyük dəyişikliklərə imza atan liderlərdəndir. Seçki günü pakistanlı qonaq insanlarla təması zamanı da bunun bir daha canlı şahidi olduğunu bildirib. Xalqın böyük inamla prezident seçkilərində aktiv iştirakına toxunan Müşahid Hüseyin Syed şəffaflıq təmin edilməklə prosesin həm də dinc və sabit şəkildə yekunlaşdığını diqqətə çatdırıb.
Görüşdə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İkramullah Mahsud iştirak edib.