Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyun 2013 09:00

AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ GENERAL-POLKOVNİK S.ƏBİYEVİN MÜDAFİƏ NAZİRLİYİNİN XÜSUSİ TƏYİNATLI TƏHSİL MÜƏSSİSƏLƏRİ MƏZUNLARININ 13-CÜ BURAXILIŞINA HƏSR EDİLMİŞ TƏNTƏNƏLİ MƏRASİMDƏKİ ÇIXIŞI

Hörmətli generallar və zabitlər!
Məzunlar və kursantlar!
Əziz müharibə veteranları, valideynlər və qonaqlar!

Sizi - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim-Tədris Mərkəzi və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi məzunlarının 13-cü buraxılış mərasimində salamlayıram, hər birinizə cansağlığı, əmin-amanlıq və ailə xoşbəxtliyi arzulayıram.
Bu tədbir ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin və Milli Qurtuluş gününün 20-ci ildönümünün qeyd edilməsindən sonra respublikamızda yaranmış yeni mənəvi-psixoloji şəraitdə keçirilir. Bu mənəvi iqlim eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş və təlim-tədris hazırlığında yeni uğurlar qazanmaq üçün ruh yüksəkliyi yaratmışdır.
Bu gün biz bu tarixi həqiqəti bir daha etiraf etməliyik ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunda da yeni mərhələnin başlanğıcıdır. Heydər Əliyev həmçinin Azərbaycan Silahlı Qüvvələrinin yeni təhsil sisteminin yaradılmasının banisidir.
Hörmətli mərasim iştirakçıları!
Ordu quruculuğu möhtərəm Prezidentimiz, Ali Baş Komandanın yürütdüyü dövlət siyasətinin əsasını təşkil edir. Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Cari ilin iyun ayının 24-də cənab Prezidentimizin Sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılmışdır.
Buna görə mən Müdafiə Nazirliyinin bütün şəxsi heyəti adından və öz adımdan Möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm.
Mən bu təntənəli buraxılış mərasimində Silahlı Qüvvələrimizin təhsil sistemində fəaliyyət göstərən şəxsləri, o cümlədən «leytenant» rütbəsi ilə Silahlı Qüvvələrimizin zabit korpusunun sıralarına daxil olan məzunların valideynlərini ürəkdən təbrik edirəm və övladlarının onlara layiq olmalarını arzulayıram.


Hörmətli mərasim iştirakçıları!
Xalqımız iki gün əvvəl Azərbaycan Silahlı Qüvvələri yaradılmasının 95-ci ildönümünü möhtəşəm hərbi paradın keçirilməsi ilə bayram etdi. Silahlı Qüvvələrin şəxsi heyətinin, müasir hərbi texnika, aviasiya və döyüş gəmilərinin iştirakı ilə keçirilən bu hərbi parad xalqımızda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində qələbəyə inamı bir daha artırmışdır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil dövlətimizin əsas uğurlarından biridir. Ordumuzun tarixi əslində müstəqilliyimizin və suverenliyimizin tarixidir. Bu tarixi xalqımız öz azadlığı və istiqlalı uğrunda mübarizə aparan övladlarının həyatı və qanı bahasına yaratmışdır. Azərbaycan Silahlı Qüvvələrinin də bu tarixi qələbədə və dövlətçilik tariximizin yeni səhifələrinin yazılmasında xüsusi xidmətləri olmuşdur.
Hörmətli mərasim iştirakçıları!
Qeyd etməliyəm ki, Müdafiə Nazirliyinin xüsusi təyinatli təhsil müəssisələri müasir standartlara uyğun proqramlarla fəaliyyət göstərir. Son illərdə təhsil sistemi uğurlu dinamik inkişaf yolu keçmiş, NATO ölkələrinin hərbi təhsil sisteminə uyğunlaşdırılmış və Vətənimiz üçün yüksək ixtisaslı hərbi kadrların hazırlanmasını təmin edir. Tədris proqramları təkmilləşdirilmişdir. Silahlı Qüvvələrin Hərbi Akademiyasında magistr təhsil pilləsi üzrə ilk qəbul həyata keçirilmişdir.
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin maddi-texniki bazası yüksəldilmiş, proqramlara uyğun olaraq yeni trenajorlar quraşdırılıb istifadəyə verilmişdir. Bu iş bu gün də davam etdirilir. Silahlı Qüvvələrin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində komanda-qərargah təlimlərini ən yüksək səviyyədə keçirmək məqsədilə yeni kompüter proqramı tətbiq edilməkdədir.
Təhsil müəssisələrinin professor və müəllim heyəti Amerika Birləşmiş Ştatlarının, Türkiyənin, Litvanın, İordaniyanın, Pakistanın, o cümlədən NATO-nun hərbi-təhsil müəssisələrinin nümayəndələri ilə plana uyğun şəkildə qarşılıqlı təcrübə mübadiləsi aparır.
Hərbi təhsil müəssisələrinin kursantları ölkəmizdə ali məktəblər arasında keçirilən olimpiadalarda və yarışlarda, NATO üzvü və tərəfdaş dövlətlərlə birgə keçirilən beynəlxalq təlimlərdə iştirak edirlər.


Əziz gənc zabitlər!
Çıxışımı sizə müraciətlə davam etdirirəm. Sizin birinci vəzifəniz torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün hər an döyüşə atılmağa hazır olmaqdır.
Respublikamızın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu məqamı hər zaman diqqətdə saxlayır.
O, Azərbaycan Respublikası Silahlı Qüvvələri yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən paraddakı çıxışında demışdir: "Azərbaycan müharibə şəraitində yaşayır, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatmışdır və hər an bizim ordumuz hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin".
Hörmətli mərasim iştirakçıları!
Mən xalqımızı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edirəm ki, Silahlı Qüvvələrimizin hər bir əsgəri, giziri, zabiti və generalı torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda döyüşə qalxmağa hazırdır.


Əziz məzunlar!
Mən çıxışımı sizə müraciətlə bitirmək istəyirəm. Sizin hər biriniz xalqımıza və dövlətimizə şərəf və vicdan qanunu ilə, nizamnamələrin tələblərini yüksək səviyyədə yerinə yetirməklə xidmət etməlisiniz.
Unutmayın ki, xalqımız sizin hər birinizdən şəxsi fədakarlaq, mətanət, mərdlik və qəhrəmanlıq nümunəsi gözləyir.
Azərbaycan Silahlı Qüvvələrinin xalqımız və dövlətimiz qarşısında müqəddəs bir borcu vardır: biz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızı azad etməliyik və mütləq azad edəcəyik. Sizə Vətənə müqəddəs xidmətinizdə uğurlar arzulayıram.
Sağ olun.