"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

NATO ilə əməkdaşlıq

Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı

•    4 may 1994-cü il tarixdə Azərbaycan Respublikası NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» (SNT) Proqramına qoşulmuşdur;
•    23 aprel 1996-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının SNT Təqdimat sənədini NATO-nun Baş Katibinə təqdim etmişdir;
•    1996-cı ildə Azərbaycan Respublikası NATO-nun Planlaşdırma və Analiz Prosesinə (PAP) qoşulmuşdur;
•    14 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə NATO ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlıq üzrə Dövlət Komissiyası” yaradılmışdır;
•    15 noyabr 1998-ci il tarixdə Azərbaycan Respublikası Şimali Atlantika Müqaviləsi iştirakçı dövlətləri və SNT proqramında iştirak edən dövlətlər arasında onların Qüvvələrinin Statusu haqqında Sazişi (SNT/SOFA) imzalamışdır. Saziş 20 oktyabr 1999-cu il tarixdə ratifikasiya edilmişdir;
•    19 may 2004-cü il tarixində Azərbaycan Respublikasının Fərdi Tərəfdaşlığının Əməliyyat Planının (FTƏP) Təqdimat Sənədi Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən NATO-nun Baş katibi Y.Sxefferə təqdim edilmişdir. 27 may 2005-ci il tarixində NATO FTƏP proqramını təsdiq etmişdir;
•    3 avqust 2005-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti FTƏP proqramını təsdiq etmişdir.
•    NATO ilə əməkdaşlıq aşağıdakı istiqamətlərdə həyata keçirilir və inkişaf etdirilir:
•    Azərbaycan Respublikası Silahlı Qüvvələrində çavuş məktəbinin, kiçik zabitlər üçün ixtisas proqramlarının təkmilləşdirilməsi və SQ-nin Hərbi Akademiyasının tədris proqramına “Müdafiə Strategiyası və Planlaşdırılması” fənninin yeni modul kimi daxil edilməsi üzrə NATO-nun Hərbi Təlim və Təhsil sistemi proqramına qoşulmuşdur;
•    Sülhməramlı və humanitar xarakterli çoxmillətli əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi bölmələr (tibbi, mühəndis və təminat üzrə bölmələri) hazırlanır;
•    Çoxmillətli təlimlərin planlaşdırılması və keçirilməsi üçün Azərbaycan Respublikasının ərazisində təlim bazaları hazırlanır;
•    NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrin hərbi tədris müəssisələrində “NATO günləri” keçirilir;
•    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin strateji maraqlarına uyğun olaraq modernləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi Proqramının tələblərindən irəli gələn öhdəlikləri yerinə yetirir;
•    NATO qüvvələri ilə birgə əməliyyat uyarlığı imkanlarına nail olunması məqsədilə Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində fəaliyyət davam etdirilir.
•    Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edirlər.
•    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində aşağıdakı qurumlar fəaliyyət göstərir:
•    Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində Avro-Atlantik İnteqrasiya şöbəsi;
•    Azərbaycan Ali Hərbi Məktəbində NATO/SNT Kafedrası;
•    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Xarici Dil və Tərafdaşlıq Mərkəzi.

Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) və Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində fəaliyyət
FTƏP və PAP proqramları çərçivəsində NATO-nun Beynəlxalq Qərargahı ilə Bakıda və Brüsseldə 28+1 formatında Tərəfdaşlıq Məqsədlərinin və tədbirlərin yerinə yetirilməsinin analizi üzrə görüşlər keçirilir.
Planlaşdırma və Analiz Prosesi çərçivəsində Azərbaycan Respublikasının qəbul etdiyi 41 Tərəfdaşlıq Məqsədlərindən 27-si (Ümumi-17, Quru Qoşunları-5, Hərbi Dəniz Qüvvələri-1 və Hərbi Hava Qüvvələri-4) Silahlı Qüvvələrə aiddir. Hazırda qəbul edilmiş Tərəfdaşlıq Məqsədlərinin bir hissəsi yerinə yetirilmiş, uzunmüddətli digər Tərəfdaşlıq Məqsədlərinin yerinə yetirilməsi üzrə müvafiq işlər davam etdirilir.
PAP sənədinə əsasən NATO-nun keçirdiyi sülhməramlı əməliyyatlarda iştirak etmək üçün aşağıda adları göstərilən bölmələr ayrılmışdır:
•    Sülhməramlı bölük;
•    Axtarış-xilasetmə üzrə taqım;
•    Tibb taqımı;
•    Mühəndis-istehkam taqımı;
•    Helikopter qrupu.
Müdafiə Nazirliyi FTƏP-in 2005-2007, 2008-2010, 2011-2013 və 2015-2016 illəri əhatə edən 1-ci, 2-ci, 3-cü və 4-cü  mərhələləri müvəffəqiyyətlə yerinə yetirmişdir. FTƏP-in 2017-2018-cı illəri əhatə edən 5-ci mərhələsi artıq başlamışdır.
FTƏP öhdəliklərinə uyğun olaraq, 2010-cu ildə Hərbi Doktrina və 2013-cü ildə Dəniz Təhlükəsizliyi Strategiyası qəbul edilmişdir.
Müdafiə Nazirliyi tərəfindən hazırlanan Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədinin layihəsi artıq Xarici İşlər Nazirliyinə təqdim olunub.

Əməliyyat İmkanları Konsepsiyası

2004-cü ilin aprel ayında Azərbaycan NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına qoşularaq Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı ƏİK bölüyü və 2010-cu ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ƏİK Taboru və 2015-ci ildə ƏİK Kəşfiyyat bölüyü, 2 ədəd “Mİ-17” Helikopter cütlüyü və Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Qrupu bəyan edilmişdir.

•    11-16.10.2011-ci il, ƏİK taborunun 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi;
•    18-24.06.2012-ci il, ƏİK taborunun 1-ci səviyyəli NATO qiymətləndirmə təlimi;
•    21-27.10.2013-cü il, ƏİK taborunun 2-ci səviyyəli özünüqiymətləndirmə təlimi;
•    05-08.05.2014-cü il, ƏİK taborunun 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi;
•    17-21.10.2016-cı il, ƏİK Kəşfiyyat bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi;
•    08-19 may 2017 ci il - Kəşfiyyat Bölüyünün 1-ci səviyyəli NATO Qiymətləndirməsi;
•    29 May -02 iyun 2017 ci il - ƏİK Taborunun 2-ci səviyyəli NATO Qiymətləndirməsi;
•    2017-ci ilin oktyabr ayı ərzində - Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun 1-ci səviyyəli Özünü qiymətləndirmə təlimi;
•    23-27 oktyabr 2017-ci il - Mİ-17 helikopter cütlüyünün 1-ci səviyyəli Özünü qiymətləndirmə təlimi.

Sülhməramlı fəaliyyət
1997-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü, 2001-ci ildə isə sülhməramlı taboru yaradılmışdır.

Kosovo
1999-cu ilin sentyabrından 2008-ci ilin mart ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə (32 əsgər, 1 gizir və 1 zabit) Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə (KFOR) əməliyyatlarda iştirak etmişdir. Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikləşdirilmiş piyada bölüyünün (qərargahı: Draqaş) tərkibində  Draqaş şəhərində xidmət aparırdı və  taqımın bilavasitə cavabdeh olduğu və növbə apardığı Brod yaşayış məntəqəsi idi.
Bu müddət ərzində Kosovoda 362 nəfər hərbi qulluqçu iştirak edib. (345 nəfər əsgər, 7 nəfər gizir, 10 nəfər zabit). 2008-ci ilin aprel ayında Kosovonın müstəqilliyinin təktərəfli elan olunması ilə əlaqədar taqım tam heyətlə Kosovo bölgəsindən geri çağırılmışdır.
 
İraq
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülhməramlı bölüyü 15 avqust 2003-cü ildən 7 dekabr 2008-ci il tarixinədək 151 nəfər şəxsi heyətlə (120 nəfər əsgər, 16 nəfər gizir, 15 nəfər zabit) İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərirdi. İraqın Əl-Həditə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadaları Komandanlığı tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirirdi. Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 7 dekabr 2008-ci il tarixində bölük tam heyətlə İraqdan geri qayıtmışdır.
 
Əfqanıstan
20 noyabr 2002-ci il tarixdən Azərbaycan Respublikası SQ-nin 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərməyə başlamışdır.15 yanvar 2008-ci il tarixdən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılmışdır. 2 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin 2 dəfə artırılması barədə qərar qəbul etmişdir. Müvafiq olaraq, 19 fevral 2009-cu il tarixdən Azərbaycan Respublikası SQ-nin 90 nəfər sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatlarında Türkiyə taboru tərkibində fəaliyyət göstərir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirirdi. 5 oktyabr 2010-cu il tarixində Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin töhfəsinin artırılması məqsədilə 2 (iki) hərbi həkim və 2 (iki) mühəndis-istehkam ixtisası üzrə zabit göndərmişdir.
2015-ci ilin yanvar ayından NATO-nun Əfqanıstanda keçirdiyi yeni "Qətiyyətli Dəstək" adlı qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmətə başlayıb.
Azərbaycan Silahlı Qüvvələrinin Sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını yerinə yetirir.

Fərdi Tərəfdaşlığın Əməkdaşlıq Proqramı (FTƏP) və Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində fəaliyyət

NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə NATO arasında 2016-cı il üçün razılaşdırılmış Fərdi Tərəfdaşlığın Əməkdaşlıq Proqramının Müdafiə Nazirliyinə aid olan hissəsinə əsasən, 100-dən çox tədbirdə Silahlı Qüvvələrin 1000-ə yaxın nümayəndəsi iştirak etmişdir. Bununla yanaşı, “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində il ərzində 13 tədbir həyata keçirilmişdir. Bu fəaliyyətlərdən 8-i xarici dövlətlərdə, 5-i isə, Azərbaycanda baş tutmuşdur.
Müdafiə siyasəti və strategiyası, dil təlimi, hərbi təlimlər və təlimlə bağlı tədbirlər, hərbi təhsil, doktrina, maddi - texniki təminat, sülhməramlı qüvvələrin konsepsiyası, planlaşdırılması və əməliyyat sahələri, komanda və nəzarət, beynəlxalq humanitar hüquq, müdafiənin planlaşdırılması, büdcə və ehtiyatların idarə edilməsi sahələrinə əsas prioritet verilmişdir.
Azərbaycan Respublikasının NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlığın Əməkdaşlıq Proqramının Müdafiə Nazirliyinə aid olan hissəsində 150-yə yaxın tədbirdə Silahlı Qüvvələrin 1000-dən çox hərbi qulluqçusunun iştirakı nəzərdə tutulmuşdur. Bu tədbirlərin çox hissəsinin xarici dövlətlərdə, 15-dən çox  tədbirin isə, Azərbaycanda keçirilməsi planlaşdırılıb.