AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Xüsusi Təyinatlı Qüvvələr (XTQ) Azərbaycan Ordusunun xüsusi qoşun növüdür.
Azərbaycan Ordusunun XTQ-si Ümumilli Lider Heydər Əliyevin Sərəncamı ilə 30 aprel 1999-cu ildə yaradılmışdır.
XTQ-nin vəzifəsi Azərbaycan dövlətinə qarşı müharibəyə hazırlaşan respublikanın sərhədləri daxilində, hərbi əməliyyatlar aparan ölkələrin ərazisində və düşmən arxasında xüsusi tapşırıqları yerinə yetirməkdir.
XTQ-də professional tərkibin komplektləşdirilməsi, kadr potensialının inkişaf etdirilməsi, hərbi qulluqçuların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədilə aşağıdakı kurslar təşkil olunur:
- Həyatda qalma, yayınma, müqavimət və xilas olma kursu;
- Qurbağa adam dalğıc təməl kursu;
- Statik paraşüt təməl kursu və hərbi sərbəst paraşüt kursu;
- Kiçik və orta ölçülü PUA-nın müdafiə sistemləri kursu;
- Mini-mikro PUA aşkarlama və qarışdırma sistemi kursu;
- Dərin qar və şiddətli soyuqlarda döyüş kursu;
- Yaşayış məntəqələrində döyüş əməliyyatı kursu;
- Mütəxəssis snayper kursu;
- Partlayıcı maddələrin kəşfi kursu;
- Təməl səviyyəli qış dağ hazırlığı kursu;
- Dağ döyüşçüsü təlimi kursu;
- Dağ xizək kursu;
- İlkin tibbi yardım kursu;
- Xüsusi təyinatlı kursu;
- Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu;
- Manqa komandiri hazırlığı kursu və s.
XTQ komandanlığındakı kurslara namizədlərin seçimi və qəbulu xüsusi prosedurlara uyğun könüllülük əsasında həyata keçirilir. Qəbul zamanı namizədlərin mənəvi-psixoloji keyfiyyətləri, sağlamlıq vəziyyəti, fiziki hazırlığı və nəzəri biliklərinin qiymətləndirilməsi aparılır.
XTQ-nin şəxsi heyəti yüksək döyüş hazırlığı, fiziki dözümlülük, çeviklik, analitik düçüncə və qətiyyət nümayış etdirməklə, çətin şəraitdə uğur əldə etməyə qadirdir. Onlar döyüşdə təkcə silah gücünə deyil, eyni zamanda taktiki düşüncə, peşəkarlığa və mənəvi-psixoloji dayanıqlığa əsaslanaraq uğurlar əldə etmişlər.
XTQ-nin şəxsi heyəti 2012-2016-cı illərdə həm təmas xəttində, həm də düşmən arxasında qarşıya qoyulmuş bütün döyüş tapşırıqlarını uğurla icra etmiş, düşmənin çoxlu sayda canlı qüvvəsi və texnikasını məhv edərək misilsiz qəhrəmanlıqlar göstərmiş, onun döyüş ruhunu sarsıdaraq ciddi psixoloji gərginlik və təşviş yaratmışdır.
2016-cı ilin aprel döyüşləri zamanı XTQ mənsubları düşmənin təxribatlarına cavab olaraq keçirilən əməliyyatlarda mühüm vəzifələri yerinə yetirmiş, düşmənin çoxsaylı canlı qüvvəsini məhv edərək geri çəkilməyə məcbur etmişdir. Həmin vaxt işğal altında olan Ağdərə rayonunun hektarlarla ərazisinin, mühüm mövqelərin və yüksəkliklərin azad olunmasında, eləcə də bir neçə hektar ərazinin Ordumuzun nəzarətinə keçməsində mühüm rol oynamışdır.
Xüsusi təyinatlılar 27 sentyabr 2020-ci il tarixdən başlayan 44 gün davam edən Vətən müharibəsi, eləcə də 2022-ci ildə keçirilən “Qisas” və “Qətiyyətli cavab” əməliyyatlarında fəal iştirak etmiş, qarşıya qoyulmuş tapşırıqları uğurla icra edərək bir sıra parlaq qələbələrə imza atmışlar.
XTQ Cəbrayıl, Hadrut, Füzuli, Şuşa və digər ərazilərin, həmçinin Qubadlı və Laçının yaşayış məntəqələrinin, Kəlbəcər, Laçın rayonlarındakı yüksəkliklərin düşməndən azad edilməsində, eləcə də düşmən təxribatlarının qarşısının alınmasında mühüm rol oynamış, dövlət sərhədlərinin bərpası əməliyyatlarını icra etmişdir.
2023-cü ilin 19-20 sentyabr tarixlərində ölkənin suverenliyinin bərpa edilməsi məqsədilə keçirilmiş antiterror əməliyyatlarında da XTQ-nin şəxsi heyəti şücaət göstərmişdir.
Vətən müharibəsində və ondan sonrakı əməliyyatlarda göstərdikləri rəşadət sayəsində XTQ mənsubları Azərbaycan xalqının döyüş ruhunun əsrlər boyunca sönmədiyini, tarixin ən çətin dövrlərində belə azadlıq uğrunda mübarizədən çəkilmədiyini bir daha sübut etmişdir. Tarixən alınması mümkünsüz hesab edilən Şuşa şəhərinin azad edilməsində xüsusi təyinatlıların göstərdiyi peşəkarlıq və qəhrəmanlıq misilsiz nümunə olmuş, onların bir neçə gün ərzində şəhərə daxil olaraq şəhəri düşməndən azad etməsi döyüş tarixinə qızıl hərflərlə yazılmışdır.
Xüsusi təyinatlılara verilən tapşırıqlar hər zaman çətin və riskli olmuşdur. Onlar dağlıq, meşəlik və sərt iqlim şəraitində, düşmən arxasında, gizli şəkildə yüksək səviyyəli tapşırıqları uğurla yerinə yetirərək öz peşəkarlığını sübut etmişlər.
XTQ-nin bir qrup şəxsi heyəti Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı adlarına layiq görülmüş, həmçinin çoxlu sayda orden və medallarla təltif olunmuşdur.
Hazırda da XTQ istənilən döyüş tapşırığını icra etməyə, Vətənə və Ali Baş Komandana sədaqətlə xidmət göstərməyə hazır və qadir qüvvədir.