AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Təşviqat mərmisi qarşı tərəfin şəxsi heyəti arasında təşviqat xarakterli çap materiallarının, əsasən vərəqələrin yayılması üçün nəzərdə tutulmuş xüsusi təyinatlı artilleriya sursatıdır. Onun əsas təyinatı hədəfi fiziki cəhətdən məhv etmək deyil, döyüş şəraitində məlumatın qarşı tərəfə çatdırılmasını və mənəvi-psixoloji təsirin göstərilməsini təmin etməkdir. Bu növ sursatın fərqləndirici xüsusiyyəti daxilində çap materiallarının yerləşdirilməsi və atəş zamanı həmin materialların müəyyən əraziyə yayılmasıdır. Mərmi nəzərdə tutulan sahədə açıldıqda vərəqələr ətrafa səpələnir və nəticədə məlumatların daha geniş ərazidə yayılmasına imkan yaranır. Bu üsul çap materiallarının qarşı tərəfin şəxsi heyətinə çatdırılmasına xidmət edir.
Təşviqat mərmiləri vasitəsilə yayılan materialların məzmunu hərbi əməliyyatların xarakterindən və qarşıya qoyulan məqsəddən asılı olaraq müəyyənləşdirilir. Vərəqələrdə təslim olmağa çağırışlar, mövcud hərbi vəziyyət barədə məlumatlar, müraciətlər və digər təşviqat məzmunlu mətnlər yer ala bilər. Belə materiallar vasitəsilə qarşı tərəfin hərbi qulluqçularının məlumatlandırılması, onların döyüş əzminə və mənəvi-psixoloji durumuna təsir göstərilməsi hədəflənir.
Funksional baxımdan təşviqat mərmiləri digər artilleriya sursatlarından fərqlənir. Qəlpəli mərmilər hədəfin atəşlə məhv edilməsinə, tüstülü mərmilər tüstü pərdəsinin yaradılmasına, işıqlandırıcı mərmilər isə ərazinin işıqlandırılmasına xidmət edir. Təşviqat mərmilərinin əsas vəzifəsi isə informasiya materiallarının müəyyən əraziyə çatdırılaraq yayılmasını təmin etməkdir. Bu xüsusiyyət onları xüsusi təyinatlı artilleriya sursatları arasında fərqləndirir.
Təşviqat mərmilərinin tətbiqi hərbi əməliyyatlarda informasiya-psixoloji fəaliyyətin tərkib hissəsi hesab olunur. Onlardan istifadə zamanı yayılacaq materialların məzmunu, hədəf ərazi və döyüş şəraitinin xüsusiyyətləri nəzərə alınır.
Beləliklə, artilleriya vasitəsilə qarşı tərəfin şəxsi heyətinə yalnız atəş təsiri göstərilmir, eyni zamanda, informasiya çatdırılması və psixoloji təsir imkanlarından da istifadə olunur. Rəqəmsal kommunikasiya vasitələrinin, müasir informasiya texnologiyalarının və kütləvi informasiya vasitələrinin (KİV) inkişafı təşviqat materiallarının yayılması imkanlarını xeyli genişləndirib. Bu yeniliklər fonunda çap materiallarının artilleriya vasitəsilə yayılmasını nəzərdə tutan təşviqat mərmilərinin əvvəlki tətbiq əhəmiyyəti müəyyən qədər azalıb. Bununla belə, müasir kommunikasiya imkanlarının məhdud olduğu şəraitdə belə sursatlar alternativ məlumatlandırma vasitəsi kimi öz aktuallığını qoruyur.
Təşviqat mərmisi hərbi termin kimi çap materiallarının artilleriya vasitəsilə yayılmasını təmin edən xüsusi təyinatlı sursatı ifadə edir. Onun mahiyyəti döyüş meydanında məlumatın qarşı tərəfin şəxsi heyətinə çatdırılması və informasiyanın psixoloji təsir vasitəsi kimi istifadə olunması ilə səciyyələnir.
Hazırladı:
Emil MURADLI
“Azərbaycan Ordusu”