Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 2026 10:08

Əsgər süfrəsinin arxasında böyük zəhmət dayanır

Hərbi hissədə gündəlik xidmətin özünəməxsus ritmi var. Səhər erkəndən başlayan bu ritm gün ərzində müxtəlif istiqamətlər üzrə davam edir. Təlim meydanında məşğul olan, döyüş növbətçiliyinə çıxan, qarşıya qoyulan tapşırıqları yerinə yetirən hər bir hərbi qulluqçunun fəaliyyətində mühüm amillərdən biri də vaxtında və keyfiyyətli qidalanmaqdır. Çünki şəxsi heyətin sağlamlığının qorunması, fiziki gücünün və dözümlülüyünün təmin edilməsi düzgün qidalanmadan birbaşa asılıdır. 

Əsgər süfrəsinə gələn hər yeməyin arxasında böyük zəhmət, məsuliyyət və diqqət dayanır. Məhsulların hazırlanmasından yeməyin bişirilməsinə, paylanmasından yeməkxanada təmizliyin qorunmasına qədər bütün proseslər vahid təminat sisteminin mühüm tərkib hissəsidir. Bu işin görünməyən tərəflərində çalışan insanlar hər gün öz vəzifələrini məsuliyyətlə yerinə yetirərək şəxsi heyətin qida təminatına töhfə verirlər. 

“N” hərbi hissəsinin yeməkxanasında bizi səhərin ilk saatlarından başlayan iş prosesi, mətbəxdəki hərəkətlilik və öz vəzifəsini diqqətlə yerinə yetirən kollektiv qarşıladı. Yeməkxananın gündəlik fəaliyyəti ilə tanış olarkən aydın oldu ki, əsgər süfrəsinin hazırlanması sadəcə yemək bişirməkdən ibarət deyil. Bu iş vaxtın düzgün bölüşdürülməsini, kollektiv fəaliyyətini, nizam-intizamı və hər bir detal qarşısında məsuliyyət hissini tələb edir.

Yeməkxananın fəaliyyətinə nəzarət edən baş gizir Fərid Əşrəfov yeməkxana rəisidir. Onun əsas vəzifəsi şəxsi heyətin qidalanmasının fasiləsiz təşkilinə, yeməklərin keyfiyyətinə və iş prosesinin düzgün qurulmasına nəzarət etməkdir.

“Bacardığımız qədər keyfiyyətli və müəyyən edilmiş normalara uyğun yeməklər hazırlayırıq. Burada hər bir əməkdaş öz işinə məsuliyyətlə yanaşmalıdır”, - deyə baş gizir Fərid Əşrəfov bildirdi.

Onun hərbi xidmət yolu 2020-ci ilin Vətən müharibəsi dövründə də məsuliyyətli tapşırıqlarla davam edib. Həmin vaxt hərbi hissədə xidmət edən Fərid Əşrəfov təminat tapşırıqlarının yerinə yetirilməsində iştirak edib. Müharibə şəraitində qida təminatının əhəmiyyətini yaxından görən müsahibimiz bu təcrübənin xidmət fəaliyyətində xüsusi yer tutduğunu qeyd edir.

Yeməkxanada gündəlik proseslərin təşkilində növbətçilik xidmətinin də mühüm rolu var. Baş gizir Rəcəb Bayramov hazırda yeməkxana növbətçisidir. Onun məsuliyyət dairəsinə yeməyin hazırlanması və paylanması prosesinə, eləcə də yeməkxananın təmizliyinə və səliqə-sahmanına nəzarət daxildir.

“Yeməyin qazanlarda bişirilməsindən tutmuş şəxsi heyətə paylanmasına qədər bütün proseslərə diqqət yetiririk. Təmizlik və səliqə-sahman da işimizin ayrılmaz hissəsidir”, - deyə baş gizir Rəcəb Bayramov qeyd etdi.

O, xidmət etdiyi müddətdə yuxarı rəhbərlik tərəfindən fəxri fərman və təşəkkürlə də təltif olunub. Onun üçün işin nəticəsi gündəlik vəzifələrin vaxtında və düzgün yerinə yetirilməsi ilə ölçülür.

Yeməkxananın əsas iş istiqamətlərindən biri də yeməklərin hazırlanmasıdır. Bu prosesdə aşpazların təcrübəsi və peşəkarlığı mühüm əhəmiyyət daşıyır. Baş aşpaz Araz Balayev kollektivin təcrübəli əməkdaşlarındandır. Araz 1969-cu il aprelin 22-də Kürdəmir rayonunda anadan olub. Uzun illərdir əsgərlərin qida təminatının təşkilində iştirak edir. Onun sözlərinə görə, iş günü səhər erkən başlayır. Mətbəxdə hazırlıq görülür, yeməklər bişirilir və müəyyən edilmiş qrafikə uyğun olaraq şəxsi heyətə təqdim olunur.

“Səhər işə gəlib, hazırlığa başlayırıq. Əsas məqsədimiz əsgərlərin yeməklərini vaxtında və lazımi qaydada təmin etməkdir. İşimizin məsuliyyətini dərk edirik və hər gün bu vəzifəni yerinə yetirməyə çalışırıq”, - deyə Araz Balayev bildirdi.

Onun sözlərinə görə, xidmət fəaliyyətində yaddaqalan ən məsuliyyətli dövrlərdən biri Vətən müharibəsi zamanı olub. 

“Müharibə vaxtı burada minlərlə hərbçinin qida təminatını həyata keçirirdik. Nə lazımdırsa, çalışıb yoluna qoyurduq, əsgərlərin yeməyini və içməyini təmin edirdik. Həmin dövrdə işimiz çox olsa da, üzərimizə düşən tapşırıqları layiqincə yerinə yetirirdik”, - deyə o, həmin günləri xatırlayır.

Uzunillik fəaliyyəti ərzində baş aşpaz Müdafiə Nazirliyi və hərbi hissə komandiri tərəfindən müxtəlif təltiflərə layiq görülüb.

Yeməkxanada aşpaz işləyən Bəsti Hüseynova orta məktəbi bitirdikdən sonra maraq göstərdiyi aşpazlıq sənətinə yiyələnib. O, bu peşəni seçməsində yemək hazırlamağa olan sevgisinin əsas rol oynadığını dedi: “Aşpazlığı sevirəm və bu peşəyə də sevərək gəlmişəm. İki ildir burada çalışıram. Fəxr edirəm ki, Vətənimin oğullarına xidmət edirəm. Əsgərlərimiz üçün hazırladığımız yeməklərlə onların gündəlik xidmətinə öz töhfəmizi veririk”.

Müsahibimizin Vətənə xidmət anlayışına münasibəti ailəsinin yaşadığı ağrılı hadisələrlə də bağlıdır. Bu səbəbdən hərbi qulluqçulara xidmət etmək Bəsti Hüseynova üçün həm də mənəvi məna daşıyır.

“Əmim oğlu Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Oğlu Zöhrab isə şəhid olub. Ona görə də Vətənə xidmət edən oğullarımıza xidmət etmək mənim üçün xüsusi məna daşıyır. Allah şəhidlərimizə rəhmət eləsin”, - deyə o bildirdi.

Yeməkxanada işin fasiləsizliyini təmin etmək üçün əməkdaşlar növbəli qrafik əsasında çalışırlar. Beləliklə, yeməkxanada iş prosesi müəyyən edilmiş rejimə uyğun təşkil olunur. Kollektivdə hər kəsin konkret vəzifəsi olsa da, görülən işlər vahid məqsədə xidmət edir. Yeməkxana rəisi ümumi fəaliyyətə rəhbərlik edir, növbətçi gündəlik proseslərə və qaydalara nəzarət göstərir, aşpazlar isə yeməklərin hazırlanmasını həyata keçirirlər. Bu əmək bölgüsü şəxsi heyətin qida təminatının ardıcıl və nizamlı şəkildə təşkilinə imkan yaradır.

“Yeməkxanada apardığımız müşahidələr və əməkdaşlarla söhbətlərimiz göstərdi ki, burada xidmətin mühüm bir istiqaməti diqqət mərkəzindədir. Fərqli təcrübəyə və peşə yoluna malik insanların birgə fəaliyyəti sayəsində hər gün çoxsaylı hərbi qulluqçunun qida təminatı təşkil olunur. Xüsusilə Vətən müharibəsi zamanı şəxsi heyətin qidalanmasının həyata keçirilməsi bu işin nə qədər böyük məsuliyyət tələb etdiyini bir daha göstərdi.

Onların fəaliyyəti bəzən diqqətdən kənarda qalsa da, hərbi hissədə gündəlik xidmətin təmin olunmasında mühüm yer tutur. Çünki Vətənin müdafiəsi yalnız ön xətdə dayananların deyil, həmin xidmətin etibarlı təşkilinə töhfə verən hər kəsin ortaq məsuliyyətidir. Əsgərin gücünü artıran, onun gündəlik xidmətinə dayaq olan təminat işçilərinin əməyi də bu böyük fəaliyyətin ayrılmaz hissəsidir.

 

Tamilla HÜSEYNLİ

“Azərbaycan Ordusu”