AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Orduda xidmətin uğurla təşkil olunmasında hər bir hərbi qulluqçunun öz vəzifəsi və məsuliyyəti var. Müxtəlif ixtisas sahiblərinin birgə fəaliyyəti hərbi kollektivin qarşıya qoyulan tapşırıqları yerinə yetirməsinə imkan yaradır. Bu sahələr arasında rabitə xidmətinin də xüsusi rolu var. Çünki idarəetmənin, məlumat mübadiləsinin və bölmələr arasında əlaqənin təmin olunmasında rabitənin rolu böyükdür.
Rabitə ordunun idarəetmə sistemində əsas yer tutur. Bölmələr arasında əlaqənin düzgün qurulması, verilən tapşırıqların vaxtında çatdırılması və məlumatların operativ şəkildə ötürülməsinə birbaşa təsir göstərir. Buna görə də rabitə xidmətinin təşkili daim diqqət və məsuliyyət tələb edir. Bu sahədə xidmət edən hərbi qulluqçuların hazırlığı, bilik və bacarıqları ümumi xidmətin keyfiyyətində mühüm rol oynayır.
Rabitəçi hərbi qulluqçu öz üzərinə düşən vəzifələri dəqiqliklə və məsuliyyətlə yerinə yetirməlidir. Onun fəaliyyətində diqqətlilik, operativlik, texniki biliklər və intizam mühüm yer tutur. Rabitə vasitələrinin işlək vəziyyətdə saxlanılması, məlumatların vaxtında ötürülməsi və əlaqənin fasiləsiz təmin edilməsi bu xidmət sahəsinin əsas tələblərindəndir.
Bu ixtisas sahibindən yalnız texniki vasitələrlə işləmək bacarığı deyil, həm də soyuqqanlılıq və çevik düşünmək qabiliyyəti tələb olunur. Burada xidmət zamanı müxtəlif vəziyyətlərlə qarşılaşmaq mümkündür. Belə hallarda rabitəçi yaranmış vəziyyəti düzgün qiymətləndirməli, verilən tapşırıqları diqqətlə yerinə yetirməli və mövcud vasitələrdən səmərəli istifadə etməlidir. Çünki onun fəaliyyətində hər bir detalın, hər bir məlumatın öz əhəmiyyəti var.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Pünhan Nəsirov da rabitə sahəsində xidmət edən hərbi qulluqçularımızdan biridir. Əslən Beyləqan rayonundan olan Pünhan Nəsirov artıq iki ildir ki, hərbi xidmətdədir. Bu müddət ərzində o, hərbi kollektivin bir üzvü kimi üzərinə düşən vəzifələrin məsuliyyətini daşıyaraq xidmətini davam etdirir.
İnsan həyatında hərbi xidmətin özünəməxsus yeri var. Bu dövr ərzində qazanılan təcrübə, öyrənilən biliklər və formalaşan vərdişlər hərbi qulluqçunun şəxsi inkişafına da öz təsirini göstərir. Xidmət zamanı intizamlı olmaq, vaxtı düzgün dəyərləndirmək, kollektivin maraqlarını nəzərə almaq və verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq əsas keyfiyyətlərdəndir. Xüsusilə rabitə kimi diqqət tələb edən sahədə bu xüsusiyyətlər daha böyük əhəmiyyət daşıyır.
Hərbi xidmətdə hər bir ixtisasın özünəməxsus xüsusiyyətləri var. Rabitəçi olmaq isə daim diqqətli və hazırlıqlı olmağı tələb edir. Çünki rabitədə yaranan hər hansı bir gecikmə və ya nasazlıq məlumat mübadiləsinə təsir göstərə bilər. Buna görə də rabitəçi hərbi qulluqçular texniki vasitələrlə işləməyi yaxşı bilməli, verilən tapşırıqlara ciddi yanaşmalı və peşə hazırlıqlarını daim təkmilləşdirməlidirlər. Pünhan Nəsirov da gecə-gündüz öz üzərində çalışaraq peşəsinin tələblərinə uyğun bilik və bacarıqlarını inkişaf etdirir. Onun fikirləri bizim üçün maraqlı olduğundan rabitəçi peşəsinin gizli və qaranlıq olan tərəflərini bir də onun dilindən dinlədik.
“Rabitə vasitələrinin sazlığına nəzarət etmək bu sahənin vacib tələblərindəndir”, - deyə Pünhan Nəsirov sözə başladı. O bildirdi ki, hərbi qulluqçu istifadə etdiyi avadanlığın imkanlarını, işləmə qaydalarını və təhlükəsizlik tələblərini yaxşı bilməlidir. “Texniki vasitələrin vaxtında yoxlanılması, onların düzgün istismarı və yaranan nasazlıqların müəyyənləşdirilməsi xidmətin etibarlılığını artırır. Bu işdə diqqətsizliyə yol verməmək, hər bir tapşırığı müəyyən edilmiş qaydada yerinə yetirmək olduqca vacib nüansdır.
Müasir dövrdə rabitə vasitələri ordunun idarə olunmasında mühüm yer tutur. Texnologiyaların inkişafı bu sahənin imkanlarını genişləndirsə də, insan amili öz əhəmiyyətini qoruyub saxlayır. Texniki vasitələrdən düzgün istifadə etmək, yaranan problemləri vaxtında müəyyənləşdirmək və operativ qərar vermək rabitəçi hərbi qulluqçunun peşəkarlığından asılıdır”, - deyə fikrini tamamladı.
Pünhan Nəsirovun hərbi xidmət təcrübəsi də onun həyatında mühüm mərhələdir. Hərbi mühitdə qazanılan təcrübə insana yalnız peşə vərdişləri deyil, eyni zamanda, məsuliyyət, dəqiqlik və kollektivlə işləmək bacarığı aşılayır. Xidmət müddətində əldə olunan bilik və təcrübə isə gələcək fəaliyyət üçün möhkəm zəmin yaradır.
Orduda xidmət edən hər bir hərbi qulluqçu ümumi məqsəd naminə çalışır. Kimi döyüş hazırlığı ilə, kimi texniki təminatla, kimi də rabitə və digər xidmət sahələri ilə məşğul olur. Bu fəaliyyət istiqamətlərinin hər biri digər sahələrlə qarşılıqlı əlaqədə bir-birilərini tamamlayır. Məhz bu birlik və qarşılıqlı fəaliyyət ordunun gücünü, nizamını və hazırlıq səviyyəsini müəyyən edən amillərdəndir.
Orduda hər bir sahənin öz yeri və əhəmiyyəti var. Döyüş hazırlığından tutmuş texniki təminata, rabitədən digər xidmət istiqamətlərinə qədər bütün sahələr vahid məqsədə - ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xidmət edir. Bu məqsədin həyata keçirilməsində rabitəçi hərbi qulluqçuların da üzərinə mühüm vəzifələr düşür.
Pünhan Nəsirov kimi xidmətini uğurla davam etdirən hərbi qulluqçularımızın fəaliyyəti bir daha göstərir ki, orduda uğur hər bir şəxsin öz vəzifəsinə məsuliyyətlə yanaşmasından başlayır. Vətənə xidmət isə tutduğu vəzifədən asılı olmayaraq hər bir hərbi qulluqçudan diqqət, intizam və sədaqət tələb edir.
Hüsniyyə NƏSİROVA
“Azərbaycan Ordusu”