AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən qarşısında övladlıq borcunu ləyaqətlə yerinə yetirənlər təkcə əsgərlər olmurlar, çavuşlar, gizirlər, zabitlər də olur. Gizir Məhəmmədamin Qasımov məhz nümunəvi xidməti ilə sayılıb-seçilənlərdəndir. O, hərbçi peşəsinə yiyələnməzdən qabaq bu peşənin çətinliklərini və özəlliklərini göz önünə almışdı. Çətinlikləri ondan ibarət idi ki, tabeliyində olan şəxsi heyətin sağlamlığına, onların əşya-əmlak, döyüş təminatına bir başa cavabdeh olacaq. Müharibə vaxtı isə məsuliyyət daha da artacaq. Bir çox hallarda təlim və atış meydanlarında əsgərlərlə bir yerdə olacaq. Döyüş vaxtı yaralanmaq və həlak olmaq ehtimalını da nəzərdən keçirmişdi. Məhəmmədamini bu peşəyə bağlayan, həm də onun şəxsi iradəsindən üstün gələn Vətən sevgisi idi. Vətən torpaqlarının düşmənin işğalı altında qalması onu da ruhən rahat qoymurdu. Həyatda çox peşələr vardı. O, yalnız “hərbçi” peşəsini seçdi. Bu peşəni şərəfli, müqəddəs və daim başını uca edən bir peşə bildi. Peşə seçimində yanlışlığa yol vermədiyini bilirdi...
Müddətli həqiqi hərbi xidmətini başa vurandan sonra doğulub boya-başa çatdığı Ağdaş rayonunun Nemətabad kəndinə qayıtdı. Məhəmmədamin evdə çox qala bilməzdi. Mütləq vaxt itirmədən arzusunda olduğu peşənin dalınca getməyi düşünmüşdü. O, 2018-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu”na üz tutdu. Bütün tibbi müayinələrdən, imtahandan uğurla keçib kursant adını qazandı. Həmin ilin oktyabrında kursu müvəffəqiyyətlə başa vurdu. “Gizir” hərbi rütbəsində cəbhə bölgəsində hərbi xidmətə başladı. Məqsədi, məramı nümunəvi xidmət etmək idi.
Gizir M.Qasımov xidmətə başladığı hərbi hissədə qısa müddətdə biliyi, bacarığı ilə komandirlərin və əsgərlərin rəğbətini qazandı. İşində daim məsuliyyətli oldu. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan Azərbaycan Ordusuna əks-hücum əmri verəndə onun da xidmət etdiyi hərbi hissə ilk döyüşə gedən hərbi hissələrdən idi. Məhəmmədamin həmin dövrü belə xatırlayır: “Cəbhənin müxtəlif istiqamətlərində düşmən tez-tez atəşkəsi pozurdu. Daha çox Tovuz istiqamətindən təmas xəttini keçməyə düşmən cəhd etmişdi. Postda dayanan əsgərlərin sayıqlığı nəticəsində düşmən istəyinə nail ola bilmədi. Daha sonra İkinci Qarabağ müharibəsinin başlandığı barədə xəbər tutduq. Bizim hərbi hissə Füzuli istiqamətində döyüşə girdi. Cəbrayılın, Füzulinin, Xocavəndin və Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etdim. Hər şəhər, hər qəsəbə, hər kənd azad edildikcə qəlbimdə bir rahatlıq hiss edirdim. 30 ilə yaxın idi həmin yerlər düşmənin işğalı altında idi. Evlər, məktəblər, məscidlər viran qoyulmuşdu. Elə kəndlər vardı tamamilə məhv edilmişdi. Bu acı mənzərəni gördükcə işğalçıya qəzəbim daha da artırdı. Ordumuz 44 gündə düşməni məhv edərək qalib gəldi. Tarixi torpaqlarımızı qaytardıq. Bu gün də işğaldan azad edilmiş ərazilərdə hərbi xidmətimi davam etdirirəm. Bu məni ikiqat sevindirir”.
Gizir M.Qasımov döyüşlərdəki xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Doğma Vətənin ərazi bütövlüyünün təmin olunmasında Məhəmmədaminin də payı var. O, bundan qürur hissi duyur.
Məhəmmədamin hərbçi peşəsinin nə qədər şərəfli olduğunu on ilə yaxın xidmət etdiyi dövrdə bir daha dərk edib. Yenidən sənə deyilsə ki, “Hansı peşəni seçərsən?” sualına o fikirləşmədən: - Əlbəttə, hərbçi!, - dedi.
Biz də gizir M.Qasımovdan gələcək xidmətində uğurlar diləyi ilə ayrıldıq.
Bəxtiyar ƏLİYEV
“Azərbaycan Ordusu”