AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bəzi tarixi hadisələr var ki, onlar zamanın axarını dəyişməklə yanaşı, bütöv bir xalqın gələcəyə baxışını, milli düşüncəsini və həyat fəlsəfəsini də yeniləyir. Xalqımızın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər məhz belə hadisələrdəndir. Bu qələbə 30 ilə yaxın davam edən işğalın ağır nəticələrinə son qoymaqla kifayətlənmədi, ölkəmizin qarşısında yeni inkişaf mərhələsinin, yeni quruculuq dövrünün və yeni tarixi reallıqların əsasını qoydu.
Tarixi Zəfər Azərbaycan xalqına əzəli torpaqlarını qaytardı, milli qürurunu ucaltdı, dövlətimizin gücünü nümayiş etdirdi və gələcək nəsillərə əvəzsiz bir miras bəxş etdi.
Tarixi Zəfərin mahiyyətini dərk etmək üçün, ilk növbədə, onun hansı şəraitdə əldə olunduğunu xatırlamaq lazımdır. 1990-cı ilin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edildi, soydaşlarımız doğma yurdlarından didərgin düşdülər. Dağıdılmış şəhər və kəndlər, talan edilmiş tarixi-mədəni abidələr, yurd həsrəti ilə yaşayan insanlar xalqımızın yaddaşında silinməz izlərlə qaldı. Bu, təkcə ərazi itkisi deyil, həm də milli yaddaşa, mənəvi dəyərlərə vurulan ağır zərbə idi.
Belə bir şəraitdə ölkəmizin qarşısında duran başlıca vəzifə müstəqil dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı şaxələndirmək, müdafiə qabiliyyətini artırmaq və müasir ordu formalaşdırmaq idi. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası bu istiqamətdə mühüm təməl rolunu oynadı. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, nizami ordunun yaradılması ordu quruculuğunun vahid sistem əsasında təşkili Azərbaycanın gələcək inkişafı üçün zəruri zəmin formalaşdırdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt yeni mərhələdə davam etdirildi. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, ordunun müasir silah və texnika ilə təchizatı, hərbi təhsil və döyüş hazırlığının təkmilləşdirilməsi ardıcıl olaraq dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi. Azərbaycan Ordusu müasir döyüşün tələblərinə cavab verən, yüksək peşəkarlığa malik, qarşıya qoyulan vəzifələri yerinə yetirməyə qadir bir qüvvə kimi formalaşdı. Bu prosesin nəticəsi 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnüt əməliyyatında, 2020-ci ilin Tovuz döyüşlərində və Vətən müharibəsində özünü büruzə verdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın hərb tarixində yeni səhifə açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən müharibə zamanı rəşadətli Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq, peşəkarlıq və döyüş əzmi dünya hərb tarixinə düşən nümunələrindən birinə çevrildi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi xalqımızın illərlə gözlədiyi tarixi ədalətin bərpası idi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə Zəfərin rəmzinə çevrildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Üçtərəfli Bəyanatdan sonra Ağdam, Kəlbəcər, Laçın rayonları danışıqlar yolu ilə Azərbaycana qaytarıldı.
Bu tarixi Zəfər xalqımıza doğma torpaqlarına qayıtmaq ümidini reallığa çevirmək imkanını verdi. İllərlə məcburi köçkün həyatı yaşayan insanlar üçün yurd həsrətinin sona çatması, ata-baba ocaqlarının yenidən canlanması ən böyük mənəvi dəyər oldu. Bir vaxtlar yalnız xatirələrdə yaşayan kənd və şəhərlərin yenidən qurulması, infrastrukturun yenilənməsi qələbənin real nəticələrini nümayiş etdirdi.
Tarixi Zəfərin ölkəmizə qazandırdığı ən mühüm nəticələrdən biri də dövlət suverenliyinin tam bərpası oldu. 2020-ci ildə qazanılan Qələbə və sonrakı mərhələdə həyata keçirilən proseslər bu tarixi məqsədə yol açdı. 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi tam təmin edildi. Beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı uzun illər davam edən tarixi mübarizənin mühüm mərhələsi başa çatdı.
Müharibə bir daha sübut etdi ki, güclü ordu yalnız müasir silah və texnikadan ibarət deyil. Onun əsas dayaqları peşəkar hərbi qulluqçu, düzgün idarəetmə, yüksək döyüş hazırlığı, nizam-intizam, vətənpərvərlik və qələbə əzmidir. Hərbi qulluqçularımızın döyüş meydanında göstərdiyi iradə, peşəkarlıq, hərbi birləşmələrin qarşılıqlı fəaliyyəti və xalqın orduya sarsılmaz dəstəyi bu qələbənin əsas amilləri sırasında yer aldı. Şəhidlərimizin qanı ilə yazılan Zəfər salnaməsi isə hər bir azərbaycanlı üçün müqəddəs mənəvi dəyərə çevrildi.
Bu Qələbənin başqa bir mühüm dəyəri milli birliyin və həmrəyliyin güclü olması idi. Vətən müharibəsi günlərində ölkənin hər yerində insanlar eyni məqsəd ətrafında birləşdi. Cəbhədə döyüşən hər bir döyüşçünün arxasında bütöv bir xalq dayanmışdı. Xaricdə yaşayan soydaşlarımızın dəstəyi, arxa cəbhədə göstərilən mənəvi dəstək, şəhid ailələrinə və müharibədə sağlamlıqlarını itirənlərə diqqət ümummilli həmrəyliyin parlaq nümunəsi oldu. Bu birlik yalnız müharibə dövrünün hadisəsi deyil, dövlətimizin gələcək inkişafı üçün də mühüm mənəvi sərvətdir.
Tarixi Zəfər informasiya məkanında da yeni həqiqətləri üzə çıxardı. Azərbaycan jurnalistləri, media nümayəndələri və informasiya müharibəsinin iştirakçıları müharibə zamanı ölkəmizin mövqeyini dünyaya çatdırmaq, həqiqətləri beynəlxalq ictimaiyyətə təqdim etmək üçün böyük məsuliyyət daşıdılar. Cəbhədən gələn operativ məlumatlar, rəsmi açıqlamalar və videomateriallar informasiya müharibəsinin əhəmiyyətini bir daha göstərdi. Bu prosesdə qələm də, söz də Vətənə xidmət edirdi.
Qələbədən sonra qarşıda tamamilə yeni vəzifələr yarandı. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən salınması genişmiqyaslı quruculuq prosesinə çevrildi. Bu proses illərlə yarımçıq qalmış arzuların reallaşması, insanların uzun illər sönmüş ocaqlarının yenidən alovlanması, tarixi yurd yerlərində həyatın öz axarı ilə davam etməsinə şərait yaratdı. İndi bu torpaqlarda yeni evlərdə məskunlaşan ailələr, məktəbə gedən uşaqlar, quruculuq işlərində çalışan insanlar Zəfərin sülh və inkişaf mərhələsinin iştirakçılarıdır.
Tarixi Zəfər Azərbaycanın gələcək nəsillərinə də mühüm mesaj verdi: Vətən sevgisi sözlə ifadə olunan hiss deyil, bu, məsuliyyət, fədakarlıq, birlik və əməl tələb edən ən müqəddəs dəyərdir. Bu gün gənclərin üzərinə düşən vəzifə müstəqil dövlətimizi, xalqımızın birliyini və ordumuzun gücünü qorumaq və şəhidlərimizin əziz xatirəsini həmişə uca tutmaqdır. Zəfər tarixini öyrənmək, qəhrəmanlarımızı tanımaq və bu tarixi gələcək nəsillərə çatdırmaq mənəvi borcumuzdur.
Bu gün Azərbaycan xəritəsinə baxarkən həm azad edilmiş torpaqları, həm də böyük mübarizənin nəticəsində formalaşmış yeni reallıqları görürük. Bu Zəfər bizə ərazi bütövlüyümüzün bərpasına aparan yolu, dövlət suverenliyinin tam təmin olunmasını, doğma yurdlarda yenidən həyat qurmaq imkanını, milli qürur və özünəinamı qazandırdı. Ən əsası isə sübut etdi ki, dövlətin dəmir iradəsi, xalqın birliyi və ordunun qüdrəti vahid məqsəd ətrafında birləşəndə hər uğura nail olmaq olur.
Qələbədən doğulan Azərbaycan məhz bu dəyərlər üzərində inkişaf edir, yüksəlir. Onun təməlində xalqımızın birliyi, dövlətimizin qətiyyəti, şəhidlərimizin müqəddəs qanı, döyüşlərdə sağlamlıqlarını itirənlərin cəsurluğu, hərbi qulluqçularımızın igidliyi və gələcəyə yönəlmiş quruculuq əzmi dayanır. Tarixi Zəfər keçmişin qürurverici səhifəsi, bu günün məsuliyyəti və sabahın inkişaf yoludur. Zəfəri qazanmaq böyük hünərdir, onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaq da ən azı o qədər böyük vəzifədir.
Azərbaycanımızı sevək və qoruyaq! Yaşasın Azərbaycan!
Kifayət ƏLİYEVA
“Azərbaycan Ordusu”