Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 2026 10:05

Gələcəyin zabitlərinin yetişməsində müharibə təcrübəsi

Hərbi təhsil nəzəri biliklərin mənimsənilməsi ilə yanaşı, döyüş təcrübəsinin, peşəkar bacarıqların, mənəvi-psixoloji hazırlığın və Vətənə xidmət məsuliyyətinin gənc nəslə ötürülməsi prosesidir. Xüsusilə Vətən müharibəsində qazanılan təcrübənin Milli Mudafiə Universitetinin tabeliyində  fəaliyyət göstərən hərbi təhsil müəssisələrində tədrisə inteqrasiyası gələcəyin zabitlərinin formalaşmasında mühüm əhəmiyyət daşıyır.

Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Hava Qüvvələri fakültəsində təhsil alan kursantlar gələcəkdə ölkəmizin hava məkanının mühafizəsində, aviasiya və hava hücumundan müdafiə sahələrində xidmət edəcək zabitlərdir. Onların peşəkar hazırlığı müasir silah və texnikanın öyrənilməsi ilə yanaşı, mürəkkəb şəraitdə düzgün qərar qəbul etmək, məsuliyyət daşımaq, iradə və döyüş ruhu nümayiş etdirmək kimi keyfiyyətlərin formalaşdırılmasını da tələb edir. Bu baxımdan müharibə təcrübəsi olan zabitlərin və müəllimlərin tədris prosesində iştirakı xüsusi əhəmiyyət kəsb edir. Çünki döyüş şəraitində qazanılmış biliklər, qarşıya çıxan çətinliklərin həlli yolları və real əməliyyat təcrübəsi kursantların nəzəri hazırlığını daha da zənginləşdirir. Müharibədə qazandığı təcrübəni davamçılarına ötürən belə şəxslərdən biri də Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Səfər Qurbanovdur. Azərbaycanın ərazi bütövlüyünün bərpasında göstərdiyi xüsusi xidmətlərə, işğal olunmuş ərazilərimizin azad edilməsi zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən nümayiş etdirdiyi qəhrəmanlığa, hərbi vəzifəsinin icrası zamanı göstərdiyi igidlik və mərdliyə görə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Səfər Qurbanova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin “Heydər Əliyevin 100 illiyi”, “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Səfər Qurbanov hazırda Hava hücumundan müdafiə kafedrasının rəisi olaraq xidmətinə davam edir. Onun sözlərinə görə, Hərbi Hava Qüvvələri fakültəsində hava hücumundan müdafiə və aviasiya istiqamətləri üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün həm nəzəri, həm də praktiki biliklərin vəhdəti vacibdir.

“Burada Vətən müharibəsi iştirakçısı olan müəllimlərimizin, olması gələcək uğurlara inamımı daha da artırır. Nəzəriyyəni öyrətmək vacibdir, lakin onun praktiki tərəfini də çatdırmaq lazımdır. Biz bu təcrübəni özümüz yaşamışıq. Aviatorlarımız müharibədə xüsusi fəaliyyət göstəriblər. Vətən müharibəsində şəhid olan qəhrəman pilotlarımız var. Eyni zamanda, hava hücumundan müdafiə silahları sahəsində də müharibə təcrübəmiz mövcuddur”, - deyə zabit bildirdi. 

Polkovnik-leytenant qeyd etdi ki, müharibə iştirakçısı olan müəllimlərin kursantlarla ünsiyyəti təkcə dərs prosesində deyil, gündəlik münasibətlərdə də öz təsirini göstərir. “Hələ gənc yaşlarından böyük məsuliyyət daşımağa hazırlaşan kursantlar qarşılarında real döyüş təcrübəsi olan zabitləri gördükdə onların bilik və təcrübəsindən yararlanmağa xüsusi maraq göstərirlər.

Kursantlarımızın əksəriyyəti hələ 17 yaşındadır. Onlar qarşısında müharibə keçmiş zabiti, döyüşlərdə yaralananları, veteranları gördükdə xidmətin məsuliyyətini hiss edirlər. Hətta gündəlik söhbətlərində, davranışlarında da müəllimlərinə, onların keçdiyi döyüş yoluna böyük hörmət və ehtiram bəslədikləri görünür. Bir veterandan, qazidən, dərs almaq onlar üçün qürurvericidir. Biz də gələcəyimiz olan bu gənclərə bildiklərimizi səmimi şəkildə öyrətməyə çalışırıq. Özümüzün də bilmədiyimiz və ya təkmilləşdirməyə ehtiyac duyduğumuz məqamlar olduqda yeni ədəbiyyatlara müraciət edir, araşdırmalar aparırıq”.

Müasir hərbi əməliyyatlar silah və texnologiyaların inkişafı ilə səciyyələnsə də, döyüş meydanında həlledici amillərdən biri yenə də insanın hazırlığı, iradəsi və mənəvi dayanıqlığıdır. Hərbi qulluqçunun texnikanı mükəmməl bilməsi qədər, çətin və gözlənilməz şəraitdə davranışı, verilən tapşırığı düzgün dərk edərək məsuliyyətlə yerinə yetirməsi də vacibdir.

Polkovnik-leytenant Səfər Qurbanov gənc nəslin hərbi hazırlığında vətənpərvərlik və mənəvi-psixoloji dayanıqlığın formalaşdırılmasını təməl hesab edir.

“Birinci növbədə vətənpərvərlikdir. Mənəvi-psixoloji hazırlıq insanın döyüşə hazır olmasının əsas şərtlərindəndir. Hava hücumundan müdafiə üzrə atəş qaydalarında da şəxsi heyətin mənəvi-psixoloji hazırlığına xüsusi yer ayrılır. İnsan, ilk növbədə, mənəvi və psixoloji cəhətdən hazır olmalıdır, bundan sonra silah və texnika gəlir. Dövlətimizin başçısı da dəfələrlə vurğulayıb ki, nə qədər müasir silahlarımız və texnikamız olsa da, əsas amil insandır. Bu, əsgərə də, kursanta da, zabitə də aiddir”.

Zabit hesab edir ki, müasir silah sistemlərinin və texnikanın öyrənilməsi də kursantların peşəkar inkişaf etməsində mühüm rol oynayır. Ölkəmizin müdafiə imkanlarının gücləndirilməsi, hava hücumundan müdafiə vasitələrinin yenilənməsi və aviasiyanın inkişafı tədris prosesində də yeni yanaşmaların tətbiqini zəruri edir.

“Bu gün texnikalarımız modernləşir, yeni silah sistemləri istifadəyə verilir. Kursantlarımızın müasir texnikanı öyrənməsi, onun imkanlarını dərindən mənimsəməsi vacibdir. Sevindirici haldır ki, onlar dünya səviyyəsində olan texnologiyalarla tanış olmaq imkanı əldə edirlər. Bu yeniliklərə maraq göstərmək, daim öyrənmək və öz üzərində işləmək lazımdır. Hərbi xidmət asan deyil. Bəzən dərslərdə, yaxud poliqon məşğələlərində çətinliklərlə qarşılaşmaq mümkündür. Ancaq bu çətinliklər heç vaxt ruhdan düşməyə səbəb olmamalıdır. Kursantlar gələcəyin zabitləridir. Onların düşüncəsində yalnız irəli getmək, daha çox öyrənmək və özlərini inkişaf etdirmək prinsipi olmalıdır”, - deyə kafedra rəisi fikirlərini tamamlayır.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən hərbi təhsil müəssisəsində formalaşan bilik və bacarıqların əsas qiyməti onların gələcək xidmət zamanı tətbiqində üzə çıxır. Bu gün auditoriyada, tədris meydanında və poliqonda öyrənilən hər bir bilik sabah məsuliyyətli qərarların qəbulunda, döyüş tapşırıqlarının icrasında və dövlətimizin müdafiə qüdrətinin qorunmasında mühüm rol oynaya bilər.

Hərbi Hava Qüvvələri fakültəsinin kursantları da seçdikləri peşənin məsuliyyətini dərk edir, müəllimlərinin təcrübəsindən yararlanaraq gələcək xidmətə hazırlaşırlar. Onların fikrincə, hərbi təhsil yalnız ixtisas biliklərinin mənimsənilməsi deyil, həm də xarakterin, iradənin və Vətənə sədaqətin formalaşmasıdır.

Kursant Aytən Ağayeva hesab edir ki, xüsusi təyinatlı təhsil müəssisəsində qazanılan biliklər gələcək zabit kimi formalaşmasında mühüm rol oynayır: “Hərbi təhsil bizdən daim intizamlı, məsuliyyətli və diqqətli olmağı tələb edir. Hər bir dərs və məşğələ gələcək xidmətimiz üçün əhəmiyyətlidir. Xüsusilə müharibə təcrübəsi olan müəllimlərimizin dərsləri bizə fərqli yanaşma qazandırır. Onların danışdıqları hadisələr, bölüşdükləri təcrübələr öyrəndiyimiz nəzəri biliklərin real həyatda necə tətbiq olunduğunu anlamağımıza kömək edir. Gələcəkdə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bu gün öz üzərimizdə çalışmalıyıq”.

Kursant Nəzrin Vəlizadova müasir hərbi texnologiyaların öyrənilməsini və peşəkar inkişafı qarşısında duran əsas vəzifələrdən biri hesab edir: “Aviasiya sahəsi yüksək bilik, diqqət və məsuliyyət tələb edir. Bu istiqamətdə təhsil almaq bizə həm nəzəri biliklərimizi artırmaq, həm də praktiki bacarıqlarımızı inkişaf etdirmək imkanı verir. Müəllimlərimizin təcrübəsindən yararlanmaq, müasir silah və texnikanın imkanlarını öyrənmək gələcək fəaliyyətimiz üçün vacibdir. İnanıram ki, qazandığımız biliklərə yiyələnərək ölkəmizin müdafiəsində öz töhfəmizi verəcəyik”.

Kursant Murad Səmədzadə isə hərbi təhsil prosesində intizam və mənəvi-psixoloji hazırlığın əhəmiyyətini ön plana çəkir: “Zabit olmaq yalnız hərbi biliklərə yiyələnmək demək deyil. Bu, eyni zamanda, böyük məsuliyyət, möhkəm iradə və düzgün qərar qəbul etmək bacarığı tələb edir. Hərbi təhsil müddətində qarşımıza çıxan çətinliklər bizi daha dözümlü və iradəli olmağa alışdırır. Müəllimlərimizin, xüsusilə döyüş təcrübəsi olan zabitlərin tövsiyələri bizə gələcək xidmətimizə daha ciddi yanaşmağı öyrədir”.

Kursant Həbib Məmmədov da gələcəyin zabiti kimi daim öyrənməyin və özünü təkmilləşdirməyin vacibliyini vurğuladı: “Hərbi sahədə biliklər daim yenilənir. Buna görə də yalnız dərslərdə öyrəndiklərimizlə kifayətlənməməli, əlavə araşdırmalar aparmalı, müasir texnologiyalarla maraqlanmalıyıq. Praktiki məşğələlər zamanı qazandığımız bacarıqlar nəzəri biliklərimizi möhkəmləndirir. Əsas məqsədimiz gələcəkdə bizə etibar edilən vəzifələri layiqincə yerinə yetirmək, Vətənimizin hava məkanının etibarlı müdafiəçiləri olmaqdır”.

Hərbi təhsilin əsas məqsədi yalnız müəyyən ixtisas üzrə biliklərə malik mütəxəssis yetişdirmək deyil. Əsas hədəf Vətənə sədaqətlə xidmət etməyə, üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə və istənilən şəraitdə düzgün qərar qəbul etməyə qadir zabit formalaşdırmaqdır. Müharibə təcrübəsi olan müəllimlərin bilik və bacarıqlarını gənc nəslə ötürməsi bu prosesin mühüm tərkib hissəsidir. Çünki döyüş meydanında qazanılmış təcrübə, şəhidlərin qəhrəmanlıq yolu və döyüşlərdə yaralananların keçdiyi sınaqlar gələcəyin müdafiəçiləri üçün həm öyrənmə mənbəyi, həm də böyük mənəvi məsuliyyətdir.

Bu gün Hərbi Hava Qüvvələri fakültəsində təhsil alan kursantlar sabah ölkəmizin səmasını qoruyacaq, hava hücumundan müdafiə sistemlərinin idarə olunmasında və aviasiya sahəsində xidmət edəcəklər. Onların auditoriyalarda mənimsədikləri biliklər, poliqonlarda qazandıqları təcrübə və müəllimlərindən öyrəndikləri həyat dərsləri gələcək xidmət yollarının təməlini təşkil edir.

Qeyd etdiyim kimi, güclü ordu sadəcə müasir silahlarla deyil, Vətəninə bağlı, peşəkar, iradəli və mənəvi cəhətdən hazırlıqlı hərbi qulluqçularla formalaşır. Bu hazırlığın əsası isə elə bu gündən qoyulur.

 

Tamilla HÜSEYNLİ

“Azərbaycan Ordusu”