AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Şəxsi heyətin döyüş və mənəvi hazırlıqlarının artırılmasında ictimai-siyasi hazırlığın xüsusi əhəmiyyəti vardır. Taktiki, atəş, kəşfiyyat və başqa hazırlıqlarda atəş açmağın və taktiki gedişlərin sirləri öyrədilirsə, ictimai-siyasi hazırlıq dərslərində vətənpərvərlik ruhu aşılanır.
İctimai-siyasi hazırlıq dərsini müxtəlif mövzular əhatə edir. Azərbaycanın ən qədim dövrlərindən bu günümüzə qədər olan tarix öyrədilir. Xalqımızın dövlətçilik ənənəsi qədim dövrlərə söykənir. Biz bunu ölkəmizdə olan tarixi abidələrdən də görə bilirik. Tarixdən gələn qalalar, saraylar, məbədlər müxtəlif dövrlərdə inşa edilərək günümüzə qədər gəlib çıxmışdır. Ta qədim dövrlərdən üzü bu yana xalqımız çoxlu yadellilərin hücumlarına məruz qalıb. Amansız müharibələrin qoyduğu izlər bir çox abidələrin, şəhərlərin yerlə-yeksan edilməsinə səbəb olub.
1980-ci illərin sonunda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aydın iddiaları on illərlə davam edəcək müharibəyə səbəb olmuşdur. Azərbaycan xalqı tarixən döyüşən xalq olub. Ermənistanın hərbi-siyasi rejimi güclü havadarlarının köməkliyi ilə Azərbaycanın əzəli və əbədi ərazisi olan Qarabağı və ətraf rayonları işğal etdilər. Torpaqların işğalına və bir milyondan artıq soydaşımızın yerindən-yurdundan didərgin düşməsinə səbəb oldular. Azərbaycan xalqı düşmənin nə qədər güclü olmasına baxmayaraq torpaqların işğalı ilə barışmadı. Azərbaycan dövləti hər zaman Birləşmiş Millətlər Təşkilatının tanıdığı ərazisini bərpa etmək istiqamətində davamlı tədbirlər gördü. Beləliklə, 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı torpaqlarımızın azad edilməsi istiqamətində aparılan uğurlu hərbi əməliyyat idi.
Azərbaycanın hərb tarixinə İkinci Qarabağ müharibəsi kimi daxil olan və cəmi 44 gün davam edən bu müharibəni apardığımız müharibələr arasında ən uğurlusu hesab etmək olar. Birinci Qarabağ müharibəsi elə bir dövrə təsadüf olmuşdur ki, o zaman xalqımız yenicə yetmiş illik sovet imperiyasının tərkibindən çıxaraq müstəqilliyə qədəm qoymuşdur. Xalqımız tarixin ən çətin dövrünü yaşayırdı. Bir yandan ermənilərin torpaq iddiası, bir yandan da hakimiyyətin yarıtmaz idarəçiliyi. Hakimiyyət boşluğu ölkə daxilində xaos yaratmışdı, az qala vətəndaş müharibəsi baş qaldıracaqdı.
O zaman xalqı düşdüyü ağır vəziyyətdən xilas edə biləcək yeganə şəxsiyyət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev idi. Xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər qısa zamanda ölkə daxilində sabitlik yaratdı. Ermənistanla davam edən müharibəni dayandırdı və təmas xəttində uzun sürən atəşkəsə nail oldu. Ulu Öndər Heydər Əliyevin atəşkəsin əldə edilməsində məqsədi düşmənin işğal etdiyi əraziləri sülh yolu ilə azad etməsi olmuşdu.
Ermənistan buna razı olmasa, yenidən müharibənin baş verməsi qaçılmaz olacaqdı. Bunun üçün dövlət başçısı, ilk növbədə, ordu quruculuğuna diqqət ayırdı. Ölkə iqtisadiyyatını dirçəltmək üçün mühüm addımlar atdı. Xarici investorları ölkəyə cəlb etdi. Neft müqavilələri imzaladı. Ulu Öndər yaxşı bilirdi ki, Ermənistanın işğal etdiyi torpaqları geri qaytarmağın bir yolu da ölkə iqtisadiyyatını dirçəltməkdən keçir.
İctimai-siyasi hazırlıq dərslərində zabit, gizir, çavuş, əsgər qruplarında yaxın keçmişlə bağlı mövzular mühüm yer tutur. Qrup rəhbərləri Birinci Qarabağ müharibəsinin baş verməsinin və müvəqqəti uğursuzluqların səbəblərini dəqiqliklə araşdırırlar. Əsgər qrupunun rəhbəri leytenant Fəhmin Beybutovla məşğələ yerindəyik. Zabit 2010-cu ildən ordu sıralarında xidmət edir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmətə başlasa da, 2016-cı ildə “Gizir hazırlığı kursu”nu, 2022-ci ildə isə “Zabit hazırlığı kursu”nu bitirib. Fəhmin həm Aprel döyüşlərinin, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Zabit Fəhmin Beybutov deyir ki, ictimai-siyasi hazırlıq dərsi onun üçün maraqlı və diqqətçəkəndir. Ona görə də əsgərlərə müxtəlif mövzularda dərs keçməkdə heç bir çətinlik çəkmir. Qrup rəhbərinin sözlərinə görə hər mövzu üçün 2-3 saat vaxt verilir. Əsasən “söhbət” və “şərh” üzərində qurulan dərs saatlarında mövzunu əsgərlərə dərindən aşılamağa çalışır. Dərsin mövzusu Zəfər Gününə həsr olunub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev orduya əks-hücum əmri verdi. Fəhmin Füzuli, Qubadlı və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Qrup rəhbəri əsgərlərə keçdiyi döyüş yolundan ordumuzun bölmələrinin uğurlu fəaliyyətlərindən nümunələr gətirir, ordumuzun Zəfər qazanmasının başlıca səbəblərini onlara izah edirlər.
Erməni işğalçılarına qarşı aparılan istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində minlərlə soydaşımız döyüşüb. Onlar döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstəriblər. Ölkəmizdə Qarabağ müharibəsinin ağrı-acısını çox ailələr çəkiblər. Qrup rəhbəri deyir ki, ictimai-siyasi hazırlıq qrupunda bir neçə əsgər var ki, onların ailələrindən və yaxın qohumlarından müharibədə şəhid olan, yaralanan və döyüşlərdə iştirak edənlər var. Əsgərlərdən Əli Abbaszadənin əmisi və bibisi oğlu, Ramin Məmmədovun əmisi oğlu, Ülvi Tağıyevin əmisi oğlu İkinci Qarabağ müharibəsinin od-alovundan keçiblər. Masallı rayonundan olan Qəhrəman Həsənovun dayısı oğlu Ramazan Vəlizadə Şuşanın azad edilməsi zamanı gedən döyüşlərdə şəhid olub.
İsmayıllı rayonunun Hacıhətəmli kəndindən olan ictimai-siyasi hazırlıq qrupunun rəhbəri leytenant Fəhmin Beybutov Qarabağ müharibəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.
Gəncə şəhərində doğulub boya-başa çatan əsgər Rəşad Haqverdiyev deyir ki, onun xidmət etdiyi bölmədə döyüş yolu keçmiş zabitlər var. Onlardan biri də leytenant Fəhmin Beybutovdur. Zəngin döyüş yolu olan zabitlərin tabeliyində xidmət etmək onun və digər əsgər yoldaşları üçün qürurvericidir.
İctimai-siyasi hazırlıq dərsi əsgərlərə döyüşlərdən və döyüşçülərdən nümunələr gətirir, onların vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oynayırlar.
Bəxtiyar ƏLİYEV
“Azərbaycan Ordusu”