Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 2026 10:03

Biz Zəfərin əsgərləriyik

Payız fəsli təbiətin özünəməxsus rəng çalarlarına büründüyü, ağacların yarpaqlarını tökərək qışa hazırlaşdığı bir dövrdür. Xalqımız bu fəsli tamam başqa duyğularla yaşayır. 2020-ci ilin payızı ölkəmizin tarixinə şanlı Zəfərin qazanıldığı dövr kimi yazıldı. Sentyabrın 27-də başlayan Vətən müharibəsi noyabrın 10-da tarixi Qələbəmizlə başa çatdı. 44 gün davam edən müharibə dövlətimizin başçısının qətiyyətini, xalqımızın iradəsini, ordumuzun gücünü və hərbi qulluqçularımızın misilsiz qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. İşğal altındakı torpaqlarımız azad edildi, üçrəngli Dövlət Bayrağımız doğma yurdumuzda yenidən dalğalandı. Beləliklə, 2020-ci ilin payızı Azərbaycan xalqının yaddaşında Zəfərin rəmzinə çevrildi.

Bu gün həmin Qələbənin qürurunu yaşayan hər bir hərbi qulluqçu üçün qalib orduda xidmət etmək həm böyük şərəf, həm də məsuliyyətdir. Bu düşüncələrlə hərbi hissələrdən birində Vətən müdafiəçiləri ilə “Qalib Azərbaycan Ordusunda xidmət etmək hər bir əsgər üçün qürurdur” mövzusunda disput keçirdik.

Müzakirənin əvvəlində qeyd olundu ki, qalib ordunun sıralarında xidmət etmək sadəcə hərbi forma geyinmək və gündəlik vəzifələri yerinə yetirməkdən ibarət deyil. Bu, həm də xalqın tarixinə, şəhidlərimizin əziz xatirəsinə və qazanılmış Zəfərə layiq olmaq deməkdir. Hər bir hərbi qulluqçunun xidmətə münasibəti, hərbi nizam-intizamı, döyüş hazırlığı və üzərinə düşən tapşırıqları məsuliyyətlə icra etməsi ordumuzun gücünə verilən töhfədir.

Mövzu ətrafında ilk fikirlərini bölüşən gizir Elvin Mədətov bildirdi ki, hərbi xidmət hər bir vətəndaşın Vətən qarşısında müqəddəs övladlıq borcudur: “Bu borcun yerinə yetirilməsi insanın doğma torpağa, dövlətə və xalqa bağlılığının ifadəsidir. Qalib ordunun hərbi qulluqçusu isə üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməli, xalqımızın qazandığı tarixi nailiyyətlərə layiq xidmət göstərməlidir”.

Söhbət əsnasında müsahibimin əmisi oğlu xüsusi təyinatlılar mənsubu gizir Röyal Mədətovun İkinci Qarabağ müharibəsində şəhid olduğunu da öyrəndim. “Şəhidlik ən uca məqam, ən ali ünvandır. Bu ünvanın əbədi sakini olmağı hər bir Vətən övladı arzulayır, lakin hər kəs o mərtəbəyə ucala bilmir. Heç kəs şəhidlərimizi unutmamalı, unutdurmamalıdır. Çünki şəhid unudulanda ölür. Gənclərimiz onların vətənpərvərlik və qəhrəmanlıq ənənələrini layiqincə yaşatmalı, bunun üçün də hər bir vətəndaş öz əlindən gələni əsirgəməməlidir. Valideynlər, müəllimlər, komandirlər, bir sözlə, cəmiyyətin hər bir üzvü fəal çalışmalıdır. Əziz şəhidlərimiz, siz bu gün aramızda olmasanız da, qəlbimizdə daim yaşayırsınız. Sizin sayənizdə bu gün torpaqlarımız azaddır, bayrağımız qürurla dalğalanır. Siz Vətənin azadlığı üçün öz həyatınızı qurban verdiniz, bizə isə böyük bir Zəfər miras qoydunuz. Hər birinizin adı bizim üçün qəhrəmanlıq rəmzidir. Biz sizin əmanətiniz olan bu Vətəni qoruyacaq, Zəfər tariximizi gələcək nəsillərə çatdıracağıq”.

Əsgər Sadiq Ağazadə xidmətə başladıqdan sonra Vətənin müdafiəsinin nə qədər böyük məsuliyyət tələb etdiyini daha dərindən anlayıb. O, qalib ordunun əsgəri olmağın hər bir hərbi qulluqçuda qürur hissi yaratdığını və bu adın etimadını doğrultmaq üçün çalışdıqlarını vurğuladı. “Hərbi xidmətə gəldikdən sonra Vətəni sevməyin, onun müdafiəsinin nə qədər böyük məsuliyyət tələb etdiyini anladıq. Biz qalib ordunun əsgərləriyik. Bu ad hər birimizdə qürur hissi yaradır. Ona görə də çalışırıq ki, xidmətimizlə bu etimadı doğruldaq”.

Vətən müdafiəçimizin bu fikirlərindən sonra söhbət hərbi xidmətin insanın xarakterinə və dünyagörüşünə təsirinə yönəldi. Qeyd olundu ki, əsgər hərbi xidmət müddətində yalnız müəyyən bilik və bacarıqlara yiyələnmir, eyni zamanda, kollektivdə yaşamağı, çətinlikləri dəf etməyi, verilən tapşırığa məsuliyyətlə yanaşmağı öyrənir. Bu keyfiyyətlər onun həm hərbi qulluqçu, həm də cəmiyyətin məsuliyyətli üzvü kimi formalaşmasında mühüm rol oynayır.

Əsgər Əlipaşa Rüstəmov qalib orduda xidmət etməyin gələcək nəsillərə örnək olduğunu diqqətə çatdırdı. O bildirdi ki, Azərbaycan əsgəri özündən əvvəlki nəsillərin döyüş və qəhrəmanlıq ənənələrini qorumaqla yanaşı, gələcək hərbi qulluqçular üçün də nümunə olmalıdır.

Gizir Elvin Mədətov qazanılmış Zəfərin şəxsi heyətin mənəvi-psixoloji hazırlığına verdiyi gücdən danışdı. O bildirdi ki, Qələbə hər bir hərbi qulluqçuya öz ordusunun imkanlarını, xalqının birliyini və dövlətinin gücünü daha dərindən hiss etdirir. “Lakin bu qürur xidmətə arxayınlıq gətirməməli, əksinə, daha yüksək hazırlığa və məsuliyyətə sövq etməlidir. Çünki ordunun qazandığı uğurların qorunması daim peşəkarlıq, hərbi nizam-intizam və yüksək döyüş hazırlığı tələb edir”.

Əsgər Mahir Babayevin fikrincə, hərbi qulluqçu üzərinə düşən vəzifənin əhəmiyyətini dərk etdikdə xidmətə daha ciddi yanaşır, kiçik görünən tapşırıqların belə ümumi işdə mühüm yer tutduğunu anlayır. Mahir onu da qeyd etdi ki, nümunəvi əsgər olmaq üçün yalnız əmrləri yerinə yetirmək deyil, hər zaman etibarlı, diqqətli və məsuliyyətli davranmaq vacibdir.

Disputun gedişində əsgər Nihat Nəzərli də mövzu ilə bağlı fikirlərini bölüşdü: “Azərbaycan əsgərinin arxasında ona güvənən, doğma yurdlarında əmin-amanlıq şəraitində yaşamaq istəyən xalq dayanır. Bu inamı doğrultmaq üçün hər bir hərbi qulluqçu üzərinə düşən işi vicdanla yerinə yetirməli, bilik və bacarıqlarını daim artırmalıdır”.

Beləliklə, disputda səslənən fikirlərdə bir həqiqət aydın şəkildə ifadə olundu ki, qalib orduda xidmət etmək qüruru yalnız keçmişin qəhrəmanlıq salnaməsi ilə deyil, bu gün göstərilən xidmətin keyfiyyəti ilə də ölçülür. Vətənə sədaqət, Hərbi Anda bağlılıq, intizam, peşəkarlıq və daim hazır olmaq Azərbaycan əsgərinin əsas keyfiyyətləridir. Hər bir hərbi qulluqçu öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməklə ordumuzun döyüş qüdrətinin qorunmasına və daha da möhkəmlənməsinə töhfə verir.

2020-ci ilin payızında qazanılan tarixi Zəfər Azərbaycan əsgərinin qəhrəmanlığını, xalqımızın birliyini və dövlətimizin gücünü təcəssüm etdirir. Həmin Qələbənin məsuliyyətini bu gün hərbi xidmətini davam etdirən hər bir əsgər daşıyır. Çünki Zəfər tarixini yazan qəhrəmanların davamçıları olmaqla yanaşı, onu qorumaq da hər birimizin borcudur. Bu gün yaşadığımız Zəfər sevinci, azad torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin qanı, döyüşlərdə yaralananların fədakarlığı və igid əsgərlərimizin şücaəti sayəsində mümkün olub. Hər qarışında bir qəhrəmanlıq dastanı yazılan Vətən torpağı bizə müqəddəsdir. Bu gün Zəfərdən danışarkən, ilk növbədə, bu Zəfəri bizə yaşadan qəhrəmanlarımızı ehtiramla anırıq. İndi isə Zəfərin sevincini yaşayan, şəhidlərimizin əmanətini qoruyan Azərbaycan əsgərlərinin dilindən Vətənə, Zəfərə və qəhrəman şəhidlərimizə ünvanlanan sözləri dinləyək.

Əsgər Hüseyn Əliyev bu gün qalib ordunun əsgəri olmağının qürurundan danışdı: “Mən bu gün qalib Azərbaycanın əsgəri olduğum üçün qürur duyuram. Zəfər bizim üçün sadəcə qələbə deyil, illərlə çəkilən həsrətin, mübarizənin və xalqımızın birliyinin təntənəsidir. Bu torpaqların hər qarışında şəhidlərimizin qanı, igidlərimizin izi var. Biz bu gün azad torpaqlarda qürurla dayanırıqsa, bunu canından keçən qəhrəmanlarımıza borcluyuq. Onlar öz həyatlarını fəda edərək bizə Zəfər sevincini yaşatdılar. Söz verirəm ki, onların əziz xatirəsini daim uca tutacaq, Vətənimizi göz bəbəyim kimi qoruyacağam”.

Əsgər Elnur Əhmədli Vətən sevgisinin təkzibolunmaz nümunəsi olaraq şəhidlərimizi əsas gətirdi. “Zəfər günü bizim üçün qürur, sevinc və sonsuz minnətdarlıq günüdür. Bu qələbənin arxasında neçə-neçə igidin qanı, neçə-neçə ananın göz yaşı dayanır. Şəhidlərimiz Vətən sevgisinin nə demək olduğunu bütün dünyaya göstərdilər. Onlar ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda mübarizə apardılar. Bu gün onların arzuları gerçəkləşib, üçrəngli bayrağımız azad torpaqlarımızda dalğalanır. Bizim borcumuz bu Zəfəri qorumaq və şəhidlərimizin əmanətinə sahib çıxmaqdır”.

Vətən müdafiəçisi əsgər Tural İsmayılov Vətən və şəhidlik məfhumlarının vəhdətindən yaranan azadlıqdan söhbət açdı: “Mənim üçün Vətən sadəcə yaşadığım torpaq deyil, həm də uğrunda canımı verməyə hazır olduğum müqəddəs bir məkandır. Şəhidlərimiz bu müqəddəs sevginin ən böyük nümunəsinə çevrildilər. Onlar öz canları bahasına bizə azadlıq, qürur və Zəfər bəxş etdilər. Hər dəfə bayrağımızın dalğalandığını görəndə gözlərim önündə qəhrəman şəhidlərimizin siması canlanır. Kaş ki, bu gün onlar da bizimlə birlikdə Zəfər sevincini yaşaya bilərdilər. Onların adı tariximizə qızıl hərflərlə yazılıb və heç zaman unudulmayacaq”.

“Bu gün biz qalib xalqın qalib əsgərləriyik!” - deyən əsgər Ülvi Mahmudov söhbətinə davam etdi. - Bu qələbə asan qazanılmadı, hər qarış torpaq uğrunda igid oğullarımız böyük fədakarlıqlar göstərdilər. Şəhidlərimiz Vətənin azadlığı naminə ən qiymətli varlıqlarından - canlarından keçdilər. Onların yarımçıq qalan arzuları bu gün bizim qürurumuzda, azad torpaqlarımızda yaşayır. Mən hər zaman onların qəhrəmanlığından güc alıram. Nə qədər ki, Azərbaycan var, şəhidlərimizin adı da yaşayacaq!

Növbəti müsahibim əsgər Cahangir Dadaşov Vətənə layiq olmağın ən ali məqsəd olduğunu qeyd etdi: “Mən bu formanı geyinərkən yalnız bir məqsəd düşünürəm: Vətənə layiq biri olmaq! Çünki bu torpaqlar bizə şəhidlərimizin müqəddəs qanı bahasına əmanət edilib. Onlar ailələrini, arzularını, gələcəklərini geridə qoyaraq Vətənin çağırışına səs verdilər. Bu gün azad Qarabağda eşidilən hər gülüşdə, dalğalanan hər bayraqda onların ruhu yaşayır. Şəhidlərimizin bizə yaşatdığı Zəfər heç zaman unudulmayacaq. Mən fəxr edirəm ki, belə qəhrəman oğulların davamçısıyam!”

Vətən müdafiəçisi oğullarımızla olan görüşümüz Zəfər və qürur ovqatı ilə başa çatdı. Onların hər biri bu günün əsgəri, sabahın isə tamhüquqlu vətəndaşıdır. Əsgərlərin sonda birlikdə səsləndirdiyi şüarlar ruhumuza sığal çəkdi: “Biz Zəfərin əsgərləriyik! Biz şəhidlərimizin canı və qanı ilə bizlərə qoyduğu müqəddəs əmanətə sahib çıxan gənclərik! Qəhrəmanlarımızı unutmadıq, unutmayacağıq! Qarabağ Azərbaycandır!”

 

Fuad CƏFƏROV,

Elçin İMANOV

“Azərbaycan Ordusu”