AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qartal… Ucalığın, azadlığın və vüqarın rəmzi. Təbiətin bu əzəmətli varlığı özünə məskən seçərkən sıldırım qayalara, əlçatmaz zirvələrə üstünlük verir. Dağların ən uca nöqtələrində yuva salır, qayalıqların üzərində qanad açaraq səmanın sonsuzluğuna yüksəlir. Güclü qanadları ilə hava axınlarından məharətlə yararlanıb bəzən uzun müddət qanad çalmadan da yüksəkliklərdə süzür. İti baxışları ilə ətrafı seyr edir, dağların, dərələrin, qayalıqların üzərində dövrə vurur. Sanki bu ucalıqlar onun hakimiyyət məkanı, bu geniş səma isə azadlığının sərhədsiz ifadəsidir. Qartalın vüqarlı uçuşunda bir əzəmət, yüksəkliklərdəki duruşunda isə özünəməxsus bir məğrurluq var.
Elə Vətənimin uca zirvələrində də qartalın vüqarını xatırladan başqa bir mənzərə ilə qarşılaşmaq üçün yola çıxmışıq. Hansı ki, o zirvələrdə məğrur Azərbaycan əsgəri qərar tutub. Qartal yüksəkliklərdə qanad açdığı kimi, Vətən müdafiəçilərimiz də uca zirvələrdə dayanaraq torpaqlarımızın keşiyini çəkir. Onlar üçün bu yüksəkliklər sadəcə xidmət yeri deyil, həm də müqəddəs bir əmanətin - qəhrəman şəhidlərimizin canı-qanı bahasına azad edilmiş torpaqlarımızın qorunduğu mövqelərdir. Burada xidmət edən hər bir hərbi qulluqçu üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edir, içdiyi Hərbi Anda sadiqlik nümayiş etdirir.
Dağların qoynunda irəlilədikcə ətrafımızdakı mənzərənin gözəlliyi insanı valeh edir. Sıldırım qayalar, bir-birini əvəz edən dağ silsilələri, başı göylərə ucalan zirvələr… Elə bu mənzərənin içində başımızın üzərində bir qartal görünür. Qanadlarını geniş açaraq səmada süzür, gah yüksəklərə qalxır, gah da sanki yolumuzu müşayiət edirmiş kimi üzərimizdə dövrə vurur. Baxışlarımızı ondan ayıra bilmirik. Elə bil bu əzəmətli quş öz səssiz uçuşu ilə bizə nəsə anlatmaq, bu zirvələrin əsl gözəlliyini göstərmək istəyir. Bəlkə də bizi bu yüksəkliklərdə Vətənin keşiyində dayanan oğullarımızla yaxından tanış olmağa çağırır… Yolumuza davam edirik. Qarşıda bizi Vətənimin uca zirvələrində keşik çəkən Azərbaycan əsgəri gözləyir.
Nəhayət, döyüş növbətçiliyi aparan bölməyə çatırıq. İlk diqqətimizi çəkən şəxsi heyətin nizam-intizamı və yüksək əhval-ruhiyyəsi olur. Dağların qoynunda, yüksəklikdə yerləşən mövqedə xidmətin özünəməxsus çətinlikləri var. Dağlıq relyef, sərt hava şəraiti, yüksəkliklərin yaratdığı fiziki çətinliklər hərbi qulluqçulardan dözümlülük, iradə və daim ayıq-sayıq olmağı tələb edir. Lakin Azərbaycan əsgəri üçün Vətənin müdafiəsi hər cür çətinlikdən üstündür.
Bölmədə bizi qarşılayan baş leytenant Z.Əhmədzadə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu, hərbi qulluqçuların xidmətə böyük məsuliyyətlə yanaşdıqlarını bildirir. Onun sözlərinə görə, əsgərlərimiz azad edilmiş torpaqlarımızda xidmət etməyin məsuliyyətini və qürurunu yaxşı dərk edirlər. “Şəxsi heyətin döyüş hazırlığının artırılması, eləcə də mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması istiqamətində məqsədyönlü islahatlar aparılır. Hər bir hərbi qulluqçuya fərdi yanaşılır, qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlər formalaşdırılır”.
Ətrafı seyr etdikcə bir daha əmin oluruq ki, bu yüksəkliklərdə xidmət etmək, döyüş növbətçiliyi aparmaq həm böyük məsuliyyət, həm də qürurverici bir missiyadır. Bir vaxtlar işğal altında olan, uzun illər həsrətini çəkdiyimiz bu torpaqlarda indi üçrəngli bayrağımız dalğalanır, Azərbaycan əsgəri ayıq-sayıq, isti-soyuq demədən döyüş növbətçiliyi aparır. Bu mənzərə insanın qəlbində qürur hissi yaradır. Çünki burada olmaq, torpaqlarımızı qorumaq həm də Vətən qarşısında övladlıq borcudur.
İlk həmsöhbətimiz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kənan Quliyev olur. Əslən Tovuz rayonundan olan hərbi qulluqçumuz qeyd edir ki, Vətənimizin müdafiəsində dayanmaq hər bir hərbi qulluqçu üçün böyük şərəfdir. “Hərbi qulluqçu üçün Vətən sevgisi hərbi xidmətin əsas mənəvi dayağıdır. Vətənini sevmək, onun hər qarışını qorumaq nümunəvi xidmətin başlıca şərtlərindəndir. Bizim üçün burada xidmət etmək böyük fəxrdir. Çünki qoruduğumuz torpaqların hər qarışının hansı mübarizə və fədakarlıq bahasına azad edildiyini yaxşı bilirik. Bu gün şəhidlərimizin qanı ilə suvarılmış bu torpaqları qorumaq bizə həvalə olunub. Bunun məsuliyyətini dərindən dərk edir, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Dağlıq ərazilərdə, sərt iqlim şəratində xidmət etməyin öz çətinlikləri var, ancaq Vətənə xidmətin qüruru bütün çətinlikləri üstələyir”, - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər K.Quliyev vurğulayır.
Söhbət zamanı hərbi qulluqçuların xidmət şəraitinə, gündəlik təminatına da toxunuruq. Baş leytenant Z.Əhmədzadə qeyd edir ki, çətin relyefli ərazidə xidmət etmələrinə baxmayaraq, şəxsi heyətin bütün zəruri ehtiyacları nəzərə alınır. Hərbi qulluqçuların qidalanması, geyim və digər təminat məsələləri qaydasındadır. Dövlətimizin, komandanlığın diqqəti və qayğısı isə onların xidmətə daha böyük ruh yüksəkliyi ilə yanaşmasına müsbət təsir göstərir.
Döyüş növbətçiliyindən qayıdan əsgər Mirsahib Əhmədov ilə söhbət edir, fikirlərini öyrənirik. Cəlilabad rayonundan ordu sıralarına çağırılan Vətən müdafiəçisi xidmət müddətində dünyagörüşünün, Vətənə bağlılığının daha da gücləndiyini deyir. “İnsan hərbi xidmətə başladıqdan sonra Vətənin, ailəsinin, doğmalarının qədrini daha dərindən anlayır. Burada qazandığımız təcrübə, öyrəndiyimiz biliklər həyatımızda mühüm yer tutur. Xidmət müddətində Vətənə sevgim daha da artıb. Bu gün burada torpaqlarımızı qorumaq mənim üçün böyük şərəfdir. Buradan bütün xalqımıza səslənərək bildirmək istəyirəm ki, rahat olun, bizə güvənin. Əmin olun ki, Azərbaycan əsgəri üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir, Vətənin keşiyində ayıq-sayıq dayanır”, - deyə əsgər M.Əhmədov bildirir.
Əsgər Murad Fərəczadə ilə söhbətimiz zamanı isə döyüş növbətçiliyinin məsuliyyəti, ayıq-sayıqlığın əhəmiyyəti barədə danışırıq. O, xidmət zamanı verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinin vacibliyini vurğulayır. Bildirir ki, hərbi qulluqçu bilik və bacarıqlarını daim artırmalı, ona təhkim olunmuş silah xüsusiyyətlərini dərindən mənimsəməlidirlər. “Döyüş növbətçiliyi böyük diqqət və məsuliyyət tələb edir. Biz komandirlərimizin tapşırıqlarını dəqiq yerinə yetirməyə hər an hazır olmalıyıq. Müharibə başa çatsa da, hazırlığımızı davam etdirir, bilik və bacarıqlarımızı təkmilləşdiririk. Çünki torpaqlarımızın müdafiəsi daim ayıq-sayıq olmağı, üzərimizə düşən vəzifəyə ciddi yanaşmağı tələb edir. Burada xidmət etməkdən qürur duyuruq”, - deyə M.Fərəczadə söyləyir.
Əsgər Vüsal Dəmirçiyev ilə söhbətimizdə isə komandirlərlə şəxsi heyət arasındakı münasibətlərdən danışırıq. Onun sözlərinə görə, bölmədə qarşılıqlı hörmət, etimad və doğmalıq hökm sürür. Komandirlər əsgərlərin qayğıları ilə maraqlanır, onların hərbi bilik və bacarıqlarının artırılmasına, xidmətə uyğunlaşmasına xüsusi diqqət yetirirlər. “Komandirlərimizlə münasibətimiz çox doğmadır. Onların diqqət və qayğısını hər zaman hiss edirik. Bizə yalnız hərbi bilikləri öyrətməklə kifayətlənmir, həm də təcrübələrini bölüşür, Vətənə sədaqət, mərdlik və məsuliyyət kimi dəyərləri aşılayırlar. Hər hansı çətinliyimiz olduqda onlara çəkinmədən müraciət edə bilirik. Bu münasibət bizdə inam və birlik yaradır. Burada bütün təminatlarımız yerindədir, xidmətimiz üçün lazımi şərait yaradılıb. Biz də öz növbəmizdə göstərilən etimadı doğrultmağa, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq”, - deyə V.Dəmirçiyev bildirir.
Vətən müdafiəçisi olan əsgərlər Rauf Abbasov, Ömər Həşimov, Aqil Orucov, Pərviz Atakişiyev və digərləri Vətən torpağının müdafiəsində dayanmağın qürurunu yaşadıqlarını söyləyirlər. Onların fikirlərində ortaq bir məqam xüsusilə diqqət çəkir: harada, hansı şəraitdə xidmət etmələrindən asılı olmayaraq, hər biri üçün əsas məqsədin Vətənin müdafiəsi, Hərbi Anda sədaqət və onlara göstərilən etimadı doğrultmaq olduğunu bildirirlər. Döyüş növbətçiliyində xidmət edən bu vətənpərvər gənclər həm də xalqımızın onlara olan inamını özlərinin mənəvi məsuliyyəti hesab edirlər.
Söhbətlərimizdən sonra döyüş mövqeyinin ətrafında bir daha nəzərlərimizi dağlara yönəldirik. Uca zirvələr və geniş üfüqlər insanı öz əzəməti ilə heyran edir. Bu mənzərənin içində Azərbaycan əsgərinin duruşu xüsusi məna daşıyır. O, Vətən torpağının etibarlı keşikçisi, dövlətimizin müdafiə qüdrətinin canlı təcəssümüdür. Onun ayıq-sayıq baxışları, məğrur, qətiyyətli duruşu və xidmətə məsuliyyətli münasibəti bu zirvələrdəki əmin-amanlığın təmin olunmasına xidmət edir.
Vətən sevgisi yalnız xoş sözlərdə, duyğulu ifadələrdə deyil, həm də əməli fəaliyyətdə, məsuliyyətli xidmət və fədakarlıqda özünü göstərir. Bu gün döyüş növbətçiliyi aparan hərbi qulluqçularımız məhz belə bir sevginin daşıyıcılarıdır. Onlar azad edilmiş torpaqlarımızın müdafiəsini özlərinin müqəddəs vəzifəsi hesab edir, bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün çalışırlar. Şəhidlərimizin bizə əmanət etdiyi torpaqlarımızı qorumaq, dövlətimizin təhlükəsizliyini təmin etmək və xalqımızın etimadını doğrultmaq onların xidmət amalına çevrilib.
Yola düşərkən bir qədər əvvəl başımızın üzərində süzən, uca zirvələrində qanad açan qartal yenidən xatirimizə gəlir. Bu yüksəkliklərdə isə Azərbaycan əsgəri dayanmışdı. Qartalın azad uçuşu, dağların əzəməti və əsgərlərimizin vüqarlı duruşu yaddaşımızda vahid bir mənzərə kimi canlanır. Hər birinin öz məkanı, öz missiyası var. Qartal səmanın sonsuzluğunda qanad çalır, Azərbaycan əsgəri isə Vətənin müqəddəs torpaqlarında ayıq-sayıq keşik çəkir. Bir daha əmin olduq ki, Qartaltək ucalıqlarda qərar tutan Azərbaycan əsgəri Vətənin zirvələrində öz vüqarı, iradəsi və sədaqəti ilə dayanır!
Elçin İMANOV
“Azərbaycan Ordusu”,
Fotolar kiçik gizir
Coşqun CƏFƏROVUNDUR