AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fiziki hazırlıq hərbi xidmətin ayrılmaz tərkib hissəsi olmaqla, şəxsi heyətin qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirməsində mühüm rol oynayır. Hərbi qulluqçunun sağlam və möhkəm bədən quruluşuna malik olması xidmət zamanı müvafiq tapşırıqların öhdəsindən gəlməsi üçün başlıca şərtlərdəndir. Məhz buna görə də Azərbaycan Ordusunda şəxsi heyətin fiziki dözümlülüyünün artırılmasına, şəxsi heyətin sağlam həyat tərzinin təşviqinə xüsusi diqqət yetirilir.
Peşəkar hərbi qulluqçu olmaq yalnız nəzəri bilik və taktiki vərdişlərlə məhdudlaşmır, bu sahə yüksək dözüm, sarsılmaz iradə, çeviklik və güc tələb edir. Müxtəlif idman növləri ilə müntəzəm məşğul olmaq hərbi qulluqçuların funksional imkanlarını genişləndirir, onların mürəkkəb şəraitdə fəaliyyət göstərmək qabiliyyətini artırır. İdman məşqləri və turnirlər, eyni zamanda, özünəinamın möhkəmlənməsinə, hərbi intizamın və mübarizə ruhunun formalaşmasına müsbət təsir göstərir.
Daşqaldırma güc, düzgün texnika və xüsusi hazırlıq tələb edən idman növlərindəndir. Bu sahədə uğur qazanmaq üçün təkcə əzələ qüvvəsi deyil, hərəkətlərin dəqiq icrası, yüksək diqqət və öz imkanlarını düzgün hesablamaq bacarığı da vacibdir. Yarış meydanında nümayiş etdirilən göstəricilər idmançının hazırlıq səviyyəsini, məşqlərə məsuliyyətli yanaşmasını və xarakterini əks etdirir.
Bu baxımdan Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunda mütəmadi olaraq daşqaldırma üzrə ordu birinciliyi təşkil olunur. Cari ilin noyabrın 16-dan 21-dək “N” hərbi hissəsində daşqaldırma üzrə birincilik keçirildi. Turnirin əsas məqsədi bu idman növünə marağı artırmaqla yanaşı, hərbi qulluqçuların fiziki qüvvə göstəricilərini qiymətləndirmək və hazırlıq səviyyəsini yüksəltməkdir.
Birinciliyin açılış mərasimində polkovnik Cavid Ağayev çıxış edərək tədbirin mahiyyəti, qarşıya qoyulan vəzifələr və iştirakçıların üzərinə düşən məsuliyyət barədə danışdı. O, çıxışında qeyd etdi: “Fiziki hazırlıq hərbi qulluqçunun döyüş qabiliyyətini və peşəkarlığını şərtləndirən mühüm amillərdəndir. Daşqaldırma üzrə birinciliyin təşkilində əsas məqsəd şəxsi heyətin fiziki imkanlarını qiymətləndirmək, eyni zamanda, bu idman növünə marağı artırmaqdır. Əminəm ki, hərbi qulluqçular öz bacarıq və məharətlərini nümayiş etdirərək mübarizəyə rəng qatacaqlar.
Bu cür tədbirlər kollektivdə sağlam rəqabət mühitinin yaranmasına, qarşılıqlı etimadın və komanda ruhunun möhkəmlənməsinə şərait yaradır. İdmançılardan qaydalara əməl etməyi, təhlükəsizlik tələblərinə ciddi yanaşmağı və mübarizəni ədalətli aparmağı gözləyirik. Arzu edirəm ki, birincilik yüksək nəticələrlə yadda qalsın, hər kəs üçün faydalı təcrübə və xoş təəssüratlarla başa çatsın”.
Daha sonra komandaların heyəti yoxlanıldı, püşkatma keçirildi və iştirakçıların çəki dərəcələri dəqiqləşdirildi. Hərbi qulluqçular yarışın qaydaları və təhlükəsizlik tədbirləri ilə təlimatlandırıldıqdan sonra yarışa start verildi.
Birincilikdə Azərbaycan Ordusunun qoşun növlərini, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən 11 yığma komanda altı çəki dərəcəsi üzrə qüvvəsini sınadı.
Gərgin mübarizənin yekununda komanda hesabında “Quru Qoşunları” birinci, “Heydər Əliyev adına Hərbi İnstitut” ikinci, “Hərbi Hava Qüvvələri” və “Xüsusi Təyinatlı Qüvvələr” komandaları isə yarışı üçüncü pillədə başa vurdular.
Mükafatlandırma mərasimində hər çəki dərəcəsi üzrə fərqlənən idmançılara medallar, komanda hesabında ən yüksək xal toplayan yığmaya isə kubok və fəxri fərmanlar təqdim olundu.
Birincilik başa çatdıqdan sonra qalib və mükafatçılarla görüşərək onların təəssüratlarını, hazırlıq prosesini və əldə etdikləri uğurlarla bağlı fikirlərini öyrəndik. Hərbi qulluqçular bu turnirin onlara yeni sınaq imkanı yaratdığını və gələcək hədəflər üçün əlavə stimul verdiyini vurğuladılar.
Qalib komandanın kapitanı kapitan Malik Gülmalıyev söhbət zamanı birinciliklə bağlı təəssüratlarını bölüşdü: “Komandaya rəhbərlik edərək bu yarışa qatılmaq mənim üçün ikiqat məsuliyyət idi. Hazırlıq mərhələsində hər bir üzvümüzün qalib olmaq əzmini artırmağa və mübarizəyə tam hazır olmasına çalışdıq. İdman Akademiyasında yunan-Roma güləşi üzrə aldığım ali təhsil idmanın həyatımda mühüm yer tutmasına səbəb olub. On ildir hərbi xidmətdəyəm və bu müddətdə fiziki hazırlığın xidmət fəaliyyətindəki əhəmiyyətini daim hiss etmişəm. Komandamızın birinci yerə layiq görülməsi kollektiv zəhmətimizin bəhrəsidir. Bu qələbə bizi qarşıdakı turnirlərdə daha böyük nailiyyətlərə ruhlandırır”.
İştirakçılardan gizir Aydın Ağalarov ilk dəfə belə bir mötəbər yarışda qüvvəsini sınadığını və bunun onun üçün yaddaqalan olduğunu qeyd etdi: “Yarışda ilk dəfə iştirak etməyimə baxmayaraq, özümü sınamaq və digər silahdaşlarımla rəqabət aparmaq mənim üçün çox maraqlı oldu. On iki illik xidmətim ərzində müxtəlif məsuliyyətli tapşırıqların icrasında iştirak etmişəm. 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilən antiterror əməliyyatında iştirak etmək həyatımın ən şərəfli səhifələrindəndir. “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməyim mənim üçün qürur mənbəyidir. Belə idman tədbirləri hərbi qulluqçuların öz fiziki potensialını yoxlaması baxımından əla fürsətdir. Gələcəkdə də bu cür birinciliklərə qatılaraq nəticələrimi daha da yaxşılaşdırmaq niyyətindəyəm”.
Yarışda mübarizə aparan hərbi qulluqçulardan biri də baş çavuş Ramil Məmmədov idi. O, daşqaldırma turniri ilə yanaşı, xidmət yolu və idmana münasibəti barədə də fikirlərini bölüşdü: “2014-cü ildən ordu sıralarındayam. Hərbi fəaliyyətim boyunca Vətənə sədaqətlə xidmət etməyi, üzərimə düşən vəzifələri vicdanla yerinə yetirməyi əsas amalım hesab etmişəm. 44 günlük Vətən müharibəsində, eləcə də antiterror əməliyyatında iştirak etmək mənim üçün böyük döyüş və həyat məktəbi olub. “Şuşanın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilməyim əməyimə verilən yüksək dəyərdir. Daşqaldırma fiziki gücün düzgün idarə olunmasını, iradə və diqqət tələb edir. Bu cür sınaqlar öz üzərində işləmək, bacarıqları təkmilləşdirmək və yeni hədəflər müəyyənləşdirmək üçün gözəl imkandır”.
Təcrübəli idmançılardan olan leytenant Mehran Rüstəmov isə ordu birinciliyində qazandığı ardıcıl nailiyyətlərdən danışdı. O, artıq üç ildir 70 kiloqram çəki dərəcəsində qalib olduğunu və bu titulu qorumağın davamlı əmək tələb etdiyini vurğuladı: “On altı illik hərbi xidmətim ərzində idmana daim önəm vermişəm. Məşqlər mənim üçün yalnız medal qazanmaq deyil, fiziki hazırlıq səviyyəsini daha da möhkəmləndirmək və öz imkanlarımı daim genişləndirmək vasitəsidir. Son üç ildə ordu birinciliyində 70 kiloqram çəki dərəcəsi üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağım sistemli hazırlığımın nəticəsidir. 44 günlük Vətən müharibəsində, eləcə də Aprel döyüşlərində iştirakım hərbi bioqrafiyamın unudulmaz səhifələridir. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmağım mənim üçün xüsusi mənəvi dəyər daşıyır. Əvvəlki rekordlarımı təkrarlamaqla kifayətlənmək istəmirəm, əsas məqsədim daha yüksək göstəricilərə imza atmaqdır”.
Qalib komandanın üzvü kiçik çavuş Ulfan Nəbiyev uğurunun arxasında intizamlı məşqlərin və məqsədyönlü hazırlığın dayandığını bildirdi: “Ordu üzrə daşqaldırma birinciliyində iştirak etmək mənim üçün həm böyük məsuliyyət, həm də qürurverici təcrübədir. Yarışa hazırlıq prosesində mütəmadi məşqlər edərək nəticələrimi yaxşılaşdırmağa çalışmışam. Bu cür yarışlar hərbi qulluqçuların öz bacarıqlarını nümayiş etdirməsi, təcrübə qazanması və şəxsi imkanlarını sınaması baxımından əhəmiyyətlidir. Yarış meydanında hər bir iştirakçıya uğur qazanmaq üçün bərabər şərait yaradılıb. Komanda yoldaşlarımla birlikdə mübarizə aparmaq, onların dəstəyini hiss etmək mənə əlavə stimul verir. İnanıram ki, əldə etdiyimiz nəticələr gələcək yarışlara daha böyük həvəslə hazırlaşmağımıza zəmin yaradacaq”.
80 kiloqram çəki dərəcəsində birinci yeri tutan çavuş Ruslan Abdullayev altı dəfə qalib olduğunu qeyd edərək bu mütəmadi zəhmətin nəticəsi olduğunu diqqətə çatdırdı: “Altı dəfə ordu birinciliyinin qalibi olmaq böyük uğur olmaqla yanaşı, həm də ciddi məsuliyyətdir. Hər dəfə meydana çıxanda əvvəlki göstəricilərimi geridə qoymağa çalışıram. 80 kiloqram çəki dərəcəsində mübarizə aparmaq güc, texniki ustalıq və düzgün taktika tələb edir. İllər ərzində topladığım təcrübə yarış zamanı həyəcanı cilovlamağa və hərəkətləri daha inamla icra etməyə kömək edir. Məncə, idmanda uğurun əsas açarı qarşıya konkret hədəf qoymaq və ona çatmaq üçün səbirlə çalışmaqdır. Əldə etdiyim nailiyyətlər məşqləri dayandırmamaq, daim irəli getmək istəyimi daha da artırır”.
65 kiloqram çəki dərəcəsində gümüş medala layiq görülən kursant Fuad Əzizov isə bu nəticəni gələcək qələbələri üçün uğurlu başlanğıc hesab etdiyini dedi. Heydər Əliyev adına Hərbi İnstitutun ikinci kursunda təhsil alan kursant fikirlərini belə ifadə etdi: “Belə mötəbər yarışda iştirak etmək və mükafatçılar sırasında yer almaq mənim üçün xoş təcrübə oldu. Mübarizə zamanı öz gücümü digər iştirakçılarla müqayisə etmək, hazırlıq səviyyəmi real qiymətləndirmək imkanı qazandım. İkinci yer məni sevindirsə də, qarşıma çempion olmaq məqsədi qoymuşam. Kursant kimi təhsil aldığım müddətdə idmana xüsusi diqqət ayırıram, çünki gələcək zabitin fiziki cəhətdən möhkəm olması vacibdir. Hər uğurun təməlində səbir, intizam və müntəzəm məşq dayanır. İnanıram ki, qarşıdakı turnirlərdə daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxa biləcəyəm”.
80 kiloqram çəki dərəcəsində bürünc medal qazanan kursant Kamil Rəcəbov motoatıcı ixtisası üzrə təhsil aldığını və fiziki hazırlığın gələcək zabitlik fəaliyyətində mühüm yer tutacağını vurğuladı: “Daşqaldırma birinciliyinə qatılmaq mənə öz imkanlarımı sınamaq və rəqiblərin hazırlıq səviyyəsini görmək fürsəti verdi. Üçüncü yerə layiq görülməyimə baxmayaraq, nəticəmi daha da yüksəltmək əzmindəyəm. Motoatıcı ixtisası üzrə təhsil aldığım üçün fiziki gücün, dözümlülüyün və çevikliyin gələcək xidmətimdə nə qədər vacib olduğunu yaxşı anlayıram. Hesab edirəm ki, kursantların belə turnirlərə cəlb olunması onların özünəinamını artırır və sağlam rəqabət mühiti yaradır. Topladığım təcrübəni növbəti məşqlərdə nəzərə alaraq zəif tərəflərim üzərində işləyəcəyəm. Əsas məqsədim gələcəkdə daha yüksək əyarlı medal qazanmaq və təmsil etdiyim təhsil müəssisəsinin uğurlarına töhfə verməkdir”.
Daşqaldırma üzrə ordu birinciliyi iştirakçıların gücünü, texniki bacarıqlarını və idmana bağlılığını nümayiş etdirdiyi əlamətdar idman tədbiri kimi yadda qaldı. Müxtəlif qoşun növlərini, birlik və birləşmələri, eləcə də hərbi təhsil müəssisələrini təmsil edən komandaların gərgin mübarizəsi yarışa xüsusi rəng qatdı. Əldə olunan nəticələr idmançıların peşəkarlığının artırılması, yeni hədəflərə doğru inamla irəliləməsi baxımından mühüm əhəmiyyət daşıdı.
Belə tədbirlərin davamlı keçirilməsi Azərbaycan Ordusunda idman ənənələrinin yaşadılması, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsi və sağlam rəqabət ruhunun formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Yarış meydanında nümayiş etdirilən əzmkarlıq, intizam və qələbə iradəsi bir daha sübut etdi ki, yüksək fiziki hazırlıq hərbi qulluqçunun uğurlu xidmətinin əsas təminatçısıdır.
Əli ABIYEV
“Azərbaycan Ordusu”