Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2026 17:36

Zəfərin yaratdığı reallıq

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər zəngin təbii sərvətləri, özünəməxsus coğrafi mövqeyi və tarixi-mədəni irsi ilə seçilən bölgələrimizdəndir. Kiçik Qafqazın dağlıq ərazisində yerləşən bu diyar yüksək dağ silsilələri, geniş yaylaqları, meşələri, gur çayları və mineral su mənbələri ilə Azərbaycanın təbiət mənzərəsində xüsusi yer tutur. Kəlbəcərin ərazisində aşkar edilmiş qədim yaşayış məskənləri, mağaralar və qayaüstü təsvirlər bu torpağın qədim tarixə malik olduğunu təsdiqləyir.

Kəlbəcərin tarixi keçmişi burada aşkar edilmiş arxeoloji tapıntılar və qədim yaşayış izləri ilə sıx bağlıdır. Ərazidə aparılmış tədqiqatlar nəticəsində 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, minilliklərə aid qayaüstü təsvirlər və müxtəlif dövrləri əks etdirən maddi-mədəniyyət nümunələri üzə çıxarılıb. Qədim qəbiristanlıqlar, daş qoç və at fiqurları, başdaşılar, məzarüstü abidələr bölgənin tarixi-mədəni irsinin mühüm hissəsini təşkil edir. Tarixən at və qoç xalqımızın yaddaşında bolluq, bərəkət, sərvət rəmzinə çevrilmişdir. Bu nümunələr Kəlbəcər ərazisində müxtəlif tarixi dövrlərdə formalaşmış ictimai həyat, məişət və mədəniyyət haqqında mühüm məlumatlar verir. Bölgənin tarixi yalnız abidələrdə deyil, həm də nəsildən-nəslə ötürülən el adətlərində, sənətkarlıq ənənələrində və insanların doğma torpağa bağlılığında yaşayıb.

Murovdağ və Dəlidağ silsilələri, Tərtər çayının yaratdığı təbii mənzərələr, İstisu mineral bulaqları bölgənin önəmli təbii sərvətlərindəndir. Kəlbəcərin zəngin bitki örtüyü, su ehtiyatları və əlverişli yaylaq sahələri heyvandarlıq, arıçılıq və kənd təsərrüfatının inkişafına geniş imkanlar yaradıb. Bu təbii imkanlar bölgənin gələcək iqtisadi inkişafı və turizm potensialının reallaşdırılması baxımından da böyük əhəmiyyət daşıyır. 

Uzun illər öz təbii gözəllikləri, zəngin sərvətləri və ənənəvi təsərrüfat həyatı ilə tanınan Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

İşğal nəticəsində çoxsaylı mülki sakinlər qətlə yetirildi, yüzlərlə insan əsir götürüldü və itkin düşdü. On minlərlə sakin doğma yurdunu tərk edərək Azərbaycanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmağa məcbur oldu. Yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri və digər infrastruktur obyektləri dağıdıldı, tarixi-mədəni abidələrimizə ciddi ziyan vuruldu. İşğalçılar rayonun təbii sərvətlərini talan etdilər, meşələrə və ətraf mühitə ciddi zərər yetirdilər. Bir vaxtlar insanların gündəlik həyatının qaynadığı kəndlər və yaşayış məntəqələri boşaldı. Kəlbəcərlilər üçün doğma yurdun həsrəti uzun illər davam edən ağır sınağa çevrildi.

İşğalın aradan qaldırılması üçün beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar da uzun müddət icra olunmadı. BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal çıxarılması tələb edilirdi. Lakin Ermənistan bu tələblərə əməl etmədi. Azərbaycan dövləti isə ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl siyasətini davam etdirdi. Ölkəmizin iqtisadi qüdrətinin artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və müasir ordu quruculuğunun həyata keçirilməsi qarşıya qoyulan əsas məqsədlərdən idi. Bütün bu tədbirlər gələcəkdə tarixi torpaqlarımızın azad olunmasına imkan verən güclü dövlət və ordu potensialının formalaşmasına xidmət etdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları Vətən müharibəsinin başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz döyüş meydanında yüksək peşəkarlıq, qətiyyət və qəhrəmanlıq nümayiş etdirdi. Bu tarixi Qələbənin əldə olunmasında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin mühüm rolu oldu. Məhz Ulu Öndərin rəhbərliyi dövründə milli ordunun formalaşdırılması, hərbi idarəetmə sisteminin möhkəmləndirilməsi və inkişafı istiqamətində mühüm addımlar atıldı. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət ardıcıl şəkildə davam etdirildi, ordunun maddi-texniki bazası gücləndirildi, müasir silah və texnikalar alındı, hərbi qulluqçuların peşəkarlığının artırılması və döyüş hazırlığının yüksəldilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçirildi. Nəticədə, Azərbaycan Ordusu müasir dövrün tələblərinə cavab verən, yüksək döyüş qabiliyyətinə malik güclü hərbi qüvvəyə çevrildi. 44 gün davam edən müharibə ərzində hərbi qulluqçularımız düşmənin müdafiə xətlərini yararaq strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etdilər. Ordumuzun müasir döyüş imkanları, şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığı və hərbi qulluqçularımızın qəhrəmanlığı qələbənin əldə olunmasında mühüm rol oynadı. Noyabrın 8-də Şuşanın azad edilməsi Azərbaycan Ordusunun hərbi qüdrətini və döyüş əzmini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi Qələbə Ermənistanı hərbi əməliyyatları dayandırmağa və üçtərəfli Bəyanatı imzalamağa məcbur etdi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonunun noyabrın 25-dək Azərbaycana qaytarılması nəzərdə tutuldu. 27 ildən artıq davam edən işğala son qoyuldu. Artıq altı ildir ki, Kəlbəcər azaddır.

Kəlbəcəri boşaldan qeyri-qanuni silahlı dəstələr və sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini  dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Beləliklə, Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində Kəlbəcərin işğalına son qoyuldu. Noyabrın 25-də Azərbaycan Ordusunun bölmələri rayon ərazisinə daxil oldu və dövlət suverenliyimiz bu torpaqlarda yenidən bərpa edildi. Ermənistan tərəfinin müraciəti nəzərə alınaraq rayonun təhvil verilməsi üçün müəyyən edilmiş müddətin uzadılmasına razılıq verilməsi Azərbaycanın humanist mövqeyini və beynəlxalq öhdəliklərə sadiqliyini nümayiş etdirdi. Halbuki Kəlbəcərin işğalı zamanı dinc əhali doğma yurdunu tərk edərkən eyni humanist münasibətlə qarşılaşmamış, insanlar ağır şəraitdə, təhlükə və məhrumiyyətlər içində öz ev-eşiklərini tərk etməyə məcbur olmuşdular. İşğal illərində azərbaycanlı əhaliyə yaşadılan faciələrə baxmayaraq, Azərbaycan tərəfi Kəlbəcərin təhvil verilməsi prosesində qarşı tərəfin müraciətini nəzərə aldı və mülki əhalinin təhlükəsiz şəkildə çıxması üçün əlavə vaxt verilməsinə razılıq göstərdi. Bu yanaşma bir daha təsdiq etdi ki, Azərbaycan öz torpaqlarını hərbi gücü və qətiyyəti ilə azad etsə də, humanizm prinsiplərini də rəhbər tutur. Kəlbəcərin Azərbaycana qaytarılması yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də doğma yurdlarından didərgin düşmüş insanların qayıdışına yol açması ilə əlamətdar oldu. Bu hadisə Azərbaycan Ordusunun hərbi uğurlarının və dövlətimizin qətiyyətli siyasətinin mühüm nəticələrindən biri kimi tarixə düşdü.

İşğaldan azad edildikdən sonra Kəlbəcərdə təhlükəsizliyin təmin olunması və genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. İlk növbədə, ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması və yaşayış məntəqələrinin yenidən qurulması istiqamətində tədbirlər həyata keçirildi. Mürəkkəb dağlıq relyefə baxmayaraq, yeni avtomobil yolları, tunellər və körpülər inşa edildi. Bölgədə mövcud su ehtiyatlarının olması, xüsusilə də Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu, Murovdağ silsiləsinin altından çəkilən tunel bölgənin nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, elektrik enerjisi, su təchizatı və digər kommunal xidmətlərin təmin olunması, sosial obyektlərin yaradılması istiqamətində layihələr icra edilir. Görülən işlər Kəlbəcərin müasir yaşayış məkanına çevrilməsi və bölgənin iqtisadi potensialının bərpası üçün möhkəm zəmin yaradır.

Böyük Qayıdış prosesi Kəlbəcərin həyatında yeni mərhələnin başlanğıcı oldu. Uzun illər doğma torpaqlarından ayrı düşmüş sakinlərin geri dönüşü dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən birinin reallaşmasıdır. 2025-ci il avqustun 20-dən etibarən keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışına başlanıldı. Avqustun 21-də Prezident İlham Əliyev şəhərə köçən sakinlərlə görüşərək onlara yeni mənzillərin açarlarını təqdim etdi. Beləliklə, uzun illər yurd həsrəti ilə yaşayan kəlbəcərlilər doğma şəhərlərində yeni həyata qədəm qoydular. Yeni yaşayış binalarının, sosial obyektlərin və zəruri infrastrukturun istifadəyə verilməsi sakinlərin rahat yaşayışının təmin edilməsinə xidmət edir. Doğma evlərinə qayıdan ailələrin sevinci Kəlbəcərdə aparılan quruculuq işlərinin ən mühüm nəticəsidir. Kəlbəcər rayonunda məskunlaşma davam edir. 6 noyabr 2026-cı ilə qədər Kəlbəcərdə 162 ailə olmaqla 681 nəfər məskunlaşıb. Kəlbəcərdə yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla, 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.

Kəlbəcərin gələcək inkişafında bölgənin zəngin təbii və iqtisadi potensialından səmərəli istifadə olunması mühüm yer tutur. İstisu mineral su mənbələrinin imkanlarının yenidən dəyərləndirilməsi, müasir turizm infrastrukturunun yaradılması, dağ turizminin inkişafı, heyvandarlıq və arıçılıq ənənələrinin bərpası bölgənin iqtisadi həyatına yeni töhfələr verəcək. Eyni zamanda, tarixi abidələrin qorunması, mədəni irsin bərpası və gələcək nəsillərə çatdırılması da diqqət mərkəzində saxlanılır. Kəlbəcərin təbii sərvətləri, əlverişli turizm imkanları və strateji coğrafi mövqeyi onun gələcək inkişafı üçün geniş perspektivlər açır. Həyata keçirilən layihələr bu qədim diyarın yenidən Azərbaycanın mühüm iqtisadi və turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin nəticələrindən birini, doğma torpaqlarımızın işğaldan azad edilməsini və dövlət suverenliyimizin bərpasını təcəssüm etdirir. Kəlbəcər Şəhəri Günü münasibətilə keçirilən tədbirlərdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir, döyüşlərdə sağlamlığını itirmiş soydaşlarımızın fədakarlığı və hərbi qulluqçularımızın xidmətləri bir daha xatırlanır. Bu tarix həm də gənc nəslə Vətən sevgisinin, torpağa bağlılığın və milli birliyin əhəmiyyətini aşılamaq baxımından xüsusi məna daşıyır.

Bu gün Kəlbəcərdə həyat yenidən canlanır. Vaxtilə işğalın ağır nəticələri ilə üzləşmiş yaşayış məntəqələrində evlər tikilir, yollar salınır, sosial infrastruktur yaradılır və sakinlərin doğma yurdlarına qayıdışı davam edir. Altı il əvvəl Azərbaycan Ordusunun tarixi Zəfəri ilə azadlığına qovuşan Kəlbəcər indi quruculuq və inkişaf mərhələsini yaşayır. Bu qədim diyarın yenidən dirçəlməsi xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin qüdrətinin və Vətənə bağlılığının bariz nümunəsidir. Kəlbəcərin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs xatirəsi daim yaşayacaq, onların qanı bahasına qorunan torpaqlarda üçrəngli bayrağımız əbədi dalğalanacaq. 

 

Emil MURADLI

“Azərbaycan Ordusu”