AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunda zabitlərin üzərinə düşən vəzifələr hərbi xidmətin təşkili, şəxsi heyətin hazırlığı və qarşıya qoyulan tapşırıqların icrası baxımından mühüm əhəmiyyət kəsb edir. Hərbi hissələrdə xidmət edən zabitlər bu məsuliyyəti dərk edərək gündəlik fəaliyyətlərini yüksək səviyyədə qurmağa çalışırlar. Onların xidməti fəaliyyəti sənədləşmə işləri və tapşırıqların bölüşdürülməsi ilə məhdudlaşmır. Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının inkişaf etdirilməsi də zabitlərin əsas vəzifələrindəndir. Zabit olmaq, hər şeydən əvvəl, Vətən qarşısında götürülən öhdəliyə sadiqlik və üzərinə düşən məsuliyyətin layiqincə yerinə yetirilməsidir. Xidmət müddətində qarşıya çıxan müxtəlif vəziyyətlər düzgün qərar qəbul etməyi, çevik davranmağı və hadisələri obyektiv qiymətləndirməyi tələb edir. Bu keyfiyyətlərin formalaşmasında hərbi biliklərlə yanaşı, zabitin şəxsi xüsusiyyətləri də mühüm rol oynayır. Tabeliyində olan şəxsi heyətlə sağlam münasibət qurmaq, onların qayğı və ehtiyaclarını diqqətdə saxlamaq rəhbərlik fəaliyyətinin vacib şərtlərindəndir. Azərbaycan Ordusunda hər bir hərbi qulluqçunun hazırlıq səviyyəsini yaxından bilmək və onun peşəkar inkişafına kömək göstərmək komandir məsuliyyətinin əsas göstəricilərindəndir. Təlimlərdə əldə edilən təcrübənin gündəlik xidmətdə tətbiqi isə şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsinə imkan yaradır. Zabitin davranışı, xidmətə münasibəti və hərbi intizama riayət etməsi onun rəhbərlik etdiyi şəxsi heyət üçün nümunə olmalıdır. Çünki şəxsi nümunə ilə göstərilən tələbkarlıq və məsuliyyət verilən tapşırıqların icrasına da müsbət təsir göstərir. Hərbi xidmətin bütün sahələrində diqqətli və prinsipial yanaşma yüksək nəticələrin əldə olunmasına zəmin yaradır. Azərbaycan Ordusunda öz peşəkarlığı, işgüzarlığı və xidmətə məsuliyyətli münasibəti ilə fərqlənən zabitlərimizdən biri də “N” hərbi hissəsində xidmət edən baş leytenant Q.Qəhrəmanlıdır.
Baş leytenant Q.Qəhrəmanlı 1998-ci il noyabrın 15-də Ağsu rayonunun Cəlayir kəndində anadan olub. 2006-cı ildə Cəlayir kənd orta məktəbinin birinci sinfinə gedib. 2014-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.
Hələ məktəb illərindən hərbçi olmaq arzusu ilə yaşayan zabit təhsil yolunun başlanğıcı və sonrakı mərhələləri barədə söhbət zamanı dedi: “Hərbi sahəyə məktəb illərindən marağım olduğundan 9-cu sinfi bitirdikdən sonra sənədlərimi Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim etdim. Sənədlərim qəbul olunduqdan sonra hərbi-tibbi komissiyadan keçdim. Daha sonra imtahanlarda keçid balını toplayaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul oldum. Üç il təhsil aldım və özümə çoxlu dost qazandım. Komandir və müəllim heyəti çox savadlı və peşəkar idi. Burada aldığım təhsil və keçirdiyim illər mənim üçün unudulmazdır. 2017-ci ildə Hərbi liseyi müvəffəqiyyətlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (indiki Heydər Əliyev adına Hərbi İnstitut) “Aviasiya” fakültəsinə daxil oldum. 2022-ci ildə həmin institutu bitirərək “leytenant” hərbi rütbəsinə layiq görüldüm”.
Ali hərbi təhsilini başa vuraraq zabit rütbəsi alan Q.Qəhrəmanlı üçün Azərbaycan Ordusunda xidmətə başlamaq həyatının məsuliyyətli mərhələlərindən biri idi. Hərbi liseydə və institutda qazandığı nəzəri bilikləri xidmət zamanı tətbiq etmək, peşəkar vərdişlərini inkişaf etdirmək onun əsas məqsədlərindən oldu. Gənc zabit yaxşı anlayırdı ki, komandir olmaq yalnız tapşırıq vermək deyil, həm də şəxsi heyətin etimadını qazanmaq, çətin anlarda düzgün mövqe nümayiş etdirmək və öz davranışı ilə nümunə göstərməkdir. Bu prinsipləri rəhbər tutan baş leytenant Q.Qəhrəmanlı xidmət müddətində qazandığı təcrübə və hərbi peşəyə münasibəti barədə fikirlərini bizimlə bölüşdü: “Azərbaycan Ordusunda xidmət etmək mənim üçün böyük şərəf və qürur mənbəyidir. Hərbi formanı daşımaq, dövlətimizin və xalqımızın təhlükəsizliyinin keşiyində dayanmaq böyük məsuliyyət tələb edir. Xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər hər birimiz üçün qürurverici hadisədir. Həmin Zəfər xalqımızın birliyinin, ordumuzun gücünün, əsgər və zabitlərimizin qəhrəmanlığının bariz nümunəsidir. Bu gün qalib ordunun zabiti kimi xidmət etmək üzərimə düşən məsuliyyəti daha da artırır. Hərbi təhsil aldığım illərdə komandirlərimizin və müəllimlərimizin bizə verdiyi bilik və təcrübə nümunəvi zabit kimi formalaşmağımda mühüm rol oynayıb. Onların öyrətdikləri bilikləri gündəlik xidmətimdə tətbiq etməyə çalışıram. Hesab edirəm ki, zabit daim öyrənməli, öz bilik və bacarıqlarını təkmilləşdirməlidir. Mən də üzərimə düşən vəzifələri daha yüksək səviyyədə yerinə yetirmək, gələcəkdə daha məsuliyyətli və peşəkar zabit olmaq üçün çalışıram. Vətənə sevgi və sədaqət hər bir hərbi qulluqçunun fəaliyyətinin əsasını təşkil etməlidir. Vətənpərvərlik yalnız sözlə deyil, gündəlik xidmət və əməli fəaliyyətlə sübut olunmalıdır. Verilən hər bir tapşırığın vaxtında, dəqiq və qeyd-şərtsiz yerinə yetirilməsini özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Çünki hərbi xidmətdə nizam-intizam, məsuliyyət və dəqiqlik uğurun əsas şərtlərindəndir. Komandir kimi şəxsi heyətə nümunə olmağa, onlarla öz bilik və təcrübəmi bölüşməyə xüsusi diqqət yetirirəm. Əsas məqsədim Azərbaycan Ordusunun zabiti kimi Vətənimə layiqincə xidmət etmək, komandirlərimin etimadını doğrultmaq və mənə həvalə olunan bütün vəzifələrin öhdəsindən layiqincə gəlməkdir”.
Azərbaycan Ordusunda xidmətini yüksək məsuliyyətlə yerinə yetirən zabitlərimizin fəaliyyəti ordumuzun qarşısında duran vəzifələrin uğurla icrasına mühüm töhfə verir. Onların peşəkar yanaşması, tələbkarlığı və şəxsi nümunəsi hərbi kollektivlərdə sağlam xidmət mühitinin formalaşmasına, gənc hərbi qulluqçuların bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərir. Zabitin qazandığı təcrübəni şəxsi heyətlə həvəslə bölüşməsi, əsgərlərin hazırlığına diqqət yetirməsi və qarşıya qoyulan məqsədlərə məsuliyyətlə yanaşması hərbi xidmətin keyfiyyətini müəyyən edən amillərdəndir. Bu baxımdan baş leytenant Q.Qəhrəmanlının xidmət yolu da gənc zabitlərin peşəkar formalaşmasının, hərbi biliklərə yiyələnməsinin və Vətənə sədaqətlə xidmətə bağlılığının nümunəsidir. Seçdiyi peşəyə hörmətlə yanaşan zabit bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, komandirlərinin etimadını doğrultmaq və Azərbaycan Ordusunun inkişafına öz töhfəsini vermək əzmindədir. Belə zabitlərin əzmkarlığı, məsuliyyətli xidməti və Vətənə bağlılığı ordumuzun gücünü şərtləndirən mühüm amillərdəndir.
Əli ABIYEV
“Azərbaycan Ordusu”