AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İnsan doğulduğu yeri seçə bilməsə də, bəzən doğulduğu yer onun bütün ömrü boyu daşıdığı ən böyük bağlılığa çevrilir. Ağdam mənim üçün məhz belə bir şəhərdir. Mən Ağdamda doğulmuşam, amma orada böyüməmişəm. Uşaqlıqda hansısa küçəsində qaçmamışam. Həyətində oynamamışam, məktəb yolunu yaddaşıma həkk etməmişəm. Şəhərin səhərini pəncərədən izləməmiş, axşamını küçələrində gəzməmişəm. Çünki mənim doğulduğum torpaqla arama illər əvvəl müharibə, işğal və məcburi köçkünlük girdi. Bəlkə də buna görə Ağdam mənim üçün bir az fərqli şəhərdir. Mənim xatirələrimdə onun küçələri yoxdur, amma adı var. Uşaqlıq şəkillərimdə görünmür, amma kimliyimin bir parçasıdır. Mən orada yaşamasam da, hər dəfə Ağdam haqqında danışanda elə bilirəm nədənsə yarımçıq qalmış bir həyatımı xatırlayıram.
Ağdam sadəcə xəritədə göstərilən bir rayon, inzibati ərazi və coğrafi ad deyil. Bu şəhərin özünəməxsus tarixi, mədəniyyəti, insanları və adət-ənənələri var. Qarabağın tanınmış məskənlərindən olan Ağdam XVIII əsrdən etibarən Qarabağ xanlığı dövrünün tarixi ilə sıx bağlıdır. Şəhərin inkişafında Qarabağ xanlığının qurucusu Pənahəli xanın dövrü xüsusi yer tutur. Ağdamın adı çəkiləndə göz önünə gələn ilk məkanlardan biri İmarət kompleksidir. Bura yalnız tarixi tikililərin yerləşdiyi ərazi deyil, Qarabağ xanlarının tarixini yaşadan məkandır. Cümə məscidi isə şəhərin mənəvi həyatının mühüm rəmzlərindən biri olub. Bir vaxtlar Ağdamın küçələrində həyat qaynayır, bazarlarında alış-veriş edilir, məktəblərində uşaqların səsi eşidilir, evlərində qonaq süfrəsi açılırdı. Ağdamın özünəməxsusluğu onun insanlarında da yaşayırdı. Bu şəhər zəhmətkeşliyi, qonaqpərvərliyi, mədəni həyatı ilə tanınırdı. Burada doğulanların hər birinin bir Ağdamı vardı. Kiminin ata ocağı, kiminin məktəbi, kiminin uşaqlıq küçəsi, kimininsə heç vaxt unuda bilmədiyi həyatı. Mənim Ağdamım isə danışılan xatirələrdə, ailə söhbətlərində, doğum yerim yazılan sənədlərdə yaşayırdı.
1993-cü il iyulun 23-ü Ağdamın taleyində ən ağır tarixlərdən biri oldu. Birinci Qarabağ müharibəsi zamanı şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində şəhər dağıdılıb yerlə-yeksan edildi. Şəhər 27 il sükuta qərq oldu. Ağdamlılar illərlə qurduqları evlərini, xatirələrini geridə qoyaraq doğma yurdlarından didərgin düşdülər. Həmin gün təkcə bir şəhər itirilmədi, insanların həyat planları yarımçıq qaldı. Bir ana övladının doğulduğu evi tərk etdi, bir ata illərlə zəhmət çəkdiyi həyətindən ayrıldı, bir uşaq oyuncağını götürməyə belə macal tapmadan başqa bir ünvana yollandı. Ağdamın taleyi minlərlə insanın taleyinə çevrildi. İşğal illərində şəhərin böyük hissəsi dağıdıldı, evlər, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları xarabalığa çevrildi.
Bir vaxtlar çörək qoxusu ilə tanınan Ağdamın Çörək muzeyi də dağıntılardan xilas ola bilmədi. 1983-cü ildə açılan, 1500-dən çox eksponatı olan bu muzey 1992-ci ildə artilleriya atəşi nəticəsində məhv edildi. Bəzən düşünürəm, bir şəhərin Çörək muzeyini dağıtmaq nə deməkdir? Axı çörək insanın süfrəsidir, zəhmətidir, bərəkətidir. O muzeydə təkcə taxıl nümunələri və qədim əşyalar yox, bir xalqın əməyi, torpağa bağlılığı, həyat tərzi yaşayırdı. Ağdamın dağıdılmış küçələri ilə yanaşı, orada yaşayan insanların xatirələri də yaralanmışdı. Mən o illərdə çox az şeyləri xatırlasam da, Ağdam haqqında ailə üzvlərimdən və ya ümumən dinləyəndə bir şeyi anlayıram ki, bəzən insanın yaşamadığı bir ağrı da onun taleyinə çevrilə bilir.
İllərlə davam edən həsrətin, gözləntinin, ümidin və mübarizənin içərisində 2020-ci ildə Azərbaycan tarixinin yeni səhifəsi açıldı. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi 44 gün davam etdi. Rəşadətli Azərbaycan Ordusunun peşəkarcasına həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində bir sıra ərazilər işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin gedişində mühüm dönüş nöqtəsi oldu. 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanata əsasən, Ağdam rayonunun noyabrın 20-dək Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Və nəhayət, 20 noyabr... Bu tarix Ağdamın taleyində yeni bir başlanğıca çevrildi. Ağdam rayonu hərbi əməliyyat aparılmadan Azərbaycana qaytarıldı. 27 ildən artıq davam edən işğal sona çatdı. Qalib Sərkərdə kimi 2020-ci il noyabrın 23-də Ağdama səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 ildən sonra şəhərdə Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısı Məkkədən gətirdiyi Qurani-Kərimi Ağdam məscidinə bağışladı.
Ağdamın küçələrinə qayıdan ilk addımların səsini təsəvvür edirəm. Bəlkə də bir insan doğulduğu evin yanında dayanıb uzun müddət heç nə demədi. Bəlkə kimsə uşaqlığını xatırladı, kimsə atasının əkdiyi ağacı axtardı, kimsə də illərlə yalnız yuxularında gördüyü küçəyə baxdı... Çünki doğma yurda qayıtmaq həmişə sevinməkdən ibarət olmur. Bəzən qayıtdığın yerdə səni qarşılamağa evin olmur, həyətində uşaqlığından əsər qalmır. Amma torpaq səni yenə tanıyır. Sən də onu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdama növbəti səfəri isə 2021-ci ildə 28 May - Dövlət Müstəqilliyi Gününə təsadüf etdi. Yeni Ağdamın təməl daşını qoyarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi “Biz elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun” fikri düşmənin 27 il ərzində xarabalığa çevirdiyi Qarabağın giriş qapısı sayılan məkanın çox qısa zamanda əvvəlkindən də gözəl rayona çevriləcəyinin nidası oldu. Bu gün Ağdamın tarixində yeni mərhələ başlayıb. Ağdam müasir, “yaşıl enerji” və ağıllı şəhər Konsepsiyası əsasında yenidən qurulur. Dağıdılmış şəhərin yenidən qurulması, infrastrukturun yaradılması, tarixi abidələrin bərpası istiqamətində işlər aparılır. Bir zamanlar işğalın simvoluna çevrilən Cümə məscidi bərpa olunub. Pənahəli xanın İmarət kompleksində bərpa və yenidənqurma işləri həyata keçirilib. Bu gün həmin tarixi məkan ziyarətçilər üçün açıqdır.
Uzun illər adını eşitdiyim, haqqında danışılanları dinlədiyim, demək olar xatırlamadığım şəhərə, Ağdama getdim... Bu dəfə xəyalımda yox, gerçəkdə gördüm. Hər tərəfdə yenidən həyata qayıtmaq istəyən bir şəhərin nəfəsi duyulurdu. Ağdam Cümə məscidinə də getdim. Bəlkə də həmin an səfərimin ən mənalı məqamı idi. Məsciddə doğma torpağım üçün, bu torpağın insanları üçün, bir daha belə ağrılar yaşanmaması üçün dualar etdim. O an bir daha anladım ki, Ağdam mənim üçün sadəcə doğum şəhadətnaməmdə yazılan bir ünvan deyil. Bu şəhərlə aramda yaşanmamış, amma heç vaxt itməmiş bir doğmalıq var.
Mən istəyirəm Ağdamın küçələrində uşaqların səsi eşidilsin, məktəblərdə dərs zəngi çalınsın, həyətlərdə ağaclar böyüsün, pəncərələrdən işıq süzülsün. Açılan qapılardan keçmişin dağıntıları yox, gələcəyin daha gözəl ümidləri görünsün. Artıq işğaldan, müharibədən və dağıntılardan yox, onun musiqisindən, mədəniyyətindən, gözəl təbiətindən, yeni həyatından danışılsın. Çünki Ağdamın tarixi 1993-cü ildə başlamayıb və 2020-ci ildə də bitməyib. Bu şəhərin keçmişi də var bu günü də, gələcəyi də. Ağdam artıq keçmişdə itirilən bir şəhər deyil. O, gec də olsa yolunu tapıb qayıtdığımız doğma ünvandır. Yenidənqurma işlərindən sonra Ağdam Qarabağın ən böyük şəhəri olacaq. Keçmişlə gələcəyin, qədimliklə müasirliyin birləşəcəyi Ağdam həm də Azərbaycanın 4-cü ən böyük yaşayış məskəninə çevriləcək. Bütün ağdamlılar kimi, mən də bu ünvanın gələcəyinin yalnız gözəlliklərdən, xoşbəxtlikdən və sülhdən ibarət olmasını istəyirəm.
Pərvanə İMAMƏLİYEVA
“Azərbaycan Ordusu”
Qafqazın Xirosiması adlandırılan, Qarabağımızın uzaq, yaxın tarixi keçmişini özündə yaşadan, dağılıb viran qoyulan Ağdam şəhəri erməni vəhşiliyinin qurbanı və şahididir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Ərazisi 1094 kvadrat kilometr olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətə malik torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir.
Arxeoloji tədqiqatlar nəticəsində məlum oldu ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. VI-IV minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur.
Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada (Cənubi Qafqazda) ən zəngin tarixi abidələri olan ərazilərdən biri imiş.
Qafqazın qədim yaşayış məskənlərindən biri olan Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü ilin 23 iyul tarixində ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ağdamın 882 kvadrat kilometri işğala məruz qaldı, rayon mərkəzi ilə birgə 90 kəndi erməni vandalları tərəfindən dağıdıldı. O zəngin tarixi şəhərdə daş daş üstündə qalmadı. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur oldu. Rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı.
1993-cü ilin 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etdi. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı. Dünya illərlə ölkəsinin 20 faizini itirən, 1 milyondan çox qaçqını, köçkünü olan Azərbaycanın haqq səsini eşitməzdən gəldi...
İşğalçı Ermənistan Cenevrə Konvensiyasına əsasən üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Bununla da əsaslı şəkildə insanlarımızın həlak olmasının qarşısı alındı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə 2020-ci il noyabrın 26-da medal təsis edildi. Ağdam uğrunda gedən döyüşlərdə göstərdikləri rəşadətə görə 5790 hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalına layiq görüldü.
Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olundu. Qeyd olunan Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günü kimi tarixləşdi.
Ermənistan qəsdən Ağdam kimi tarixi şəhərimizi - onun mədəni və dini abidələrini vandalizmə məruz qoydu, təhqir və qarət etdi.
2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulub. Ağdam şəhərinə ilk köç artıq reallaşmaq üzrədir. Onu da qeyd edək ki, Ağdamın Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərinə ilk köç - qayıdış başlayıb. Xıdırlı kəndinə ilk köç ötən ilin iyulunda, dekabrın 26-da isə 64 ailə yola salınıb və beləliklə, növbəti köç karvanı həyata keçirilib. Köç prosesi bu gün də davam etdirilir. Kəngərli və Sarıcalı kəndlərinə köç və açılış prosesləri də 2025-ci ilin ortalarından etibarən gerçəkləşib. Qafqazın Xirosiması adlandırılan uzaq və yaxın tarixi keçmişimizin izlərini özündə ehtiva edib qoruyan Ağdam yenidən qurulur, dirçəlir...
Lalə HÜSEYNOVA
“Azərbaycan Ordusu”